4 nəfərin öldüyü qəzanın günahkarı yol polisidir? - RƏSMİ AÇIQLAMA

Dekabrın 1-i, saat 23 radələrində Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qala-Pirallahı yolunun 14-cü kilometrliyində - Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarovun idarə etdiyi "Chevrolet" markalı, 90 RR 974 nömrəli avtomobil Xaçmaz rayon sakini Ümid Alxasovun idarə etdiyi 27 BM 301 nömrəli "KamAz"la toqquşub.
Dəhşətli qəza nəticəsində Namiq Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən birinin yaxını iddia edir ki, hadisəyə səbəb yol polisinin "Chevrolet"i qovması olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov hadisə bağlı Yeniavaz.com saytının suallarını cavablandırıb: "Siz o videoya baxanda nə görürsünüz, yol polisinin sürücünü qovması videoda görünürmü? Hadisə baş verəndən sonra bütün rəhbərlik orda olub. Bu nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan bütün xüsusatlar araşdırılır. Sözsüz ki, belə fakt varsa, günahkar cəzasını alacaq. Yol-nəqliyyat hadisəsi baş verirsə, onun ağırlıq dərəcəsindən asılı olmayaraq, hüquqi qiymət verilib, verilir və veriləcək".
"Qarşı tərəf təbii ki, həyəcanlıdır, haqlı olaraq irad bildirir, sözünü deyir. Təkrarən bildirirəm ki, bütün rəhbərlik hadisə yerində olub, çünki çox ağır hadisədir. Hadisə ilə əlaqədar Pirallahı Polis İdarəsində araşdırma aparılır, hüquqi qiymət veriləcək", - deyə Vaqif Əsədov vurğulayıb.
Ölənlərdən birinin yaxınının yol polisinin "Chevrolet"i qovması barədə dediklərinə DYP rəsmisinin münasibəti belə olub: "Vətəndaş məlumat verir, çox sağ olsun, ola bilsin onun əlində faktı var. Buyursun, bildiyi fakt varsa, dərhal Pirallahı Polis İdarəsinə məlumat versin. 4 nəfərin həlak olması çox ağır, təəssüf doğuran bir hadisədir. Mən həlak olanların ailəsinə başsağlığı verirəm.
Qarşı tərəf deyir ki, polis qovub, hadisə ona görə baş verib. Kiçik bir məqam - görəsən, polisdən niyə qaçırıq? İçkili olmuşuq, silah aparırıq, insan alveri ilə məşğuluq, ya sənədimiz üstümüzdə yoxdur? Mən bilmirəm orda polis olub-olmayıb, sürücünü qovub-qovmayıb. Səhv etmirəmsə, həmin ərazidə kamera da var. Kamera görüntülərinə də baxış keçiriləcək və sözsüz ki, aidiyyəti üzrə tədbir görüləcək".

DİGƏR XƏBƏRLƏR

Top