Ziya Məmmədovun qardaşı: "Abel Məhərrəmova həmişə hörmətlə yanaşmışam" - AÇIQLAMA


Sabiq millət vəkili, keçmiş nazir Ziya Məmmədovun qardaşı, professor Elton Məmmədov Yeniavaz.com saytının suallarını cavablandırıb.

 
- Elton müəllim, siz mətbuatda həmişə ictimai məsələlərə münasibət bildirən, aktiv insanlardan biri olmusunuz. Lakin son vaxtlar açıqlamalarınıza az-az rast gəlirik. Səbəb nədir - özünüz mətbuata açıqlama vermək istəmirsiniz, yoxsa jurnalistlər az əlaqə saxlayırlar?
- Gərək müraciət oluna, münasibət bildirəsən. Mənə hər hansı məsələ ilə bağlı müraciət olunmayıb. Mən bu gün də üzdəyəm, keçmiş zamanda qalmamışam. Mən müasir Azərbaycanın müasir həyatında bir ziyalı kimi elmi, pedaqoji fəaliyyətimlə məşğulam.
 
- Elmi-pedaqoji fəaliyyətinizi harada davam etdirirsiniz?
- Azərbaycan Texniki Universitetində Elmi-Tədqiqat Laboratoriyasının rəhbəriyəm, həm də Avtomobil daşımaları, yol hərəkətinin təşkili kafedrasının professoru olaraq tədrislə məşğulam, mühazirə oxuyuram, seminar verirəm. Elmi-pedaqoji fəaliyyətimlə məşğulam. Bu gün də aktiv insanlardanam, aktiv vətəndaşlardanam, aktiv ziyalılardanam.
 
- Azərbaycan Texniki Universitetində nə vaxtdan çalışırsınız?
- Mənim elmi və pedaqoji fəaliyyətim 14 il öncədən olub.
 
- Elton müəllim, mətbuatda yazılanları, ölkədə baş verənləri izləyirsinizmi?
- Azərbaycanda baş verənləri, mətbuatı izləyirəm. Həm televiziyalardan, həm saytlardan, həm də real həyatdan - ictimaiyyət arasında olan adamam.
 
- Növbəti parlament seçkilərində namizədliyinizi vermək fikriniz varmı?
- Hələ ona 2 il var. İnşallah, onu zaman göstərər.
 
- Elton müəllim, son günlər mətbuatda haqqında ən çox yazılanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Bu barədə sizin də fikirlərinizi bilmək istərdik.
- Abel Məhərrəmov mənimlə birgə Milli Məclisin bir çağırışında deputat olub, 5 il deputatlıq fəaliyyəti ilə məşğul olmuşuq.
İkincisi, ölkənin bir ziyalısı kimi həmin ziyalıya bu gün də hörməti olan bir insanam, bu gün də o mövqeyim davam edir. Abel Məhərrəmov gözəl ziyalıdır, gözəl alimdir, akademikdir. Kimya sahəsində böyük-böyük elmi tədqiqatlara imza atmış, elmi məqalələrə, elmi əsərlərə imza atmış akademikdir.
 
- Abel Məhərrəmov dünən jurnalistlərə açıqlamasında haqqında yazılanların doğru olmadığını bildirib...
- İnsan bir insanı yaxından tanımamış haqqında nə isə yaza bilməz. Kim nə yazır mən onu deyə bilmərəm, amma mən həmişə demişəm ki, cənab Prezidentin hər hansı bir təyinatı, hər hansı bir şəxsi işdən azad etməsi müzakirə oluna bilməz. Qaldı ki, insani keyfiyyətlərinə görə bu cəmiyyətin aktiv bir üzvü kimi Abel Məhərrəmovun ziyalılığına böyük hörmətim var. Mən ona həmişə hörmətlə yanaşmışam, bu gün də hörmətlə yanaşıram.
 
- Onun haqqında yazılanlar cəmiyyətdə maraqla izlənilir...
- Abel Məhərrəmov zamanında tələblərə uyğun dövlətinə, xalqına, ölkə rəhbərinə xidmət etmiş və aparıcı partiyamız olan Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvüdür. Düşünürəm ki, bütün bu keyfiyyətlərinə görə ölkə rəhbəri ona kifayət qədər etimad göstərib və Abel müəllim etimadı zamanına görə doğruldub və çalışıb. Cənab Prezident onu işdən azad edib, azad edəndə yazılmır ki, hansısa neqativ hallara görə, yazılır ki, vəzifəsindən azad olunsun. Onun tərkib hissəsində nə var, bunu ölkə rəhbəri bilir. İctimailəşən, bir-birinin arxasınca danışmaq üçün nələrə desən əl atan müəyyən insanlar başlayırlar bir insanın həyatına ləkə yaxmağa. Mən hesab edirəm ki, bu düzgün yanaşma deyil, böyük ziyalımıza, böyük ziyalı cəmiyyətimizə belə fikirlər söyləmək olmaz. Hər bir şəxsə və şəxsiyyətə hər bir insan hörmətlə yanaşmalıdır. Cəmiyyətdə çaşbaşlıq salmaq lazım deyil.
 
- Təkcə mətbuatda və sosial şəbəkədə yox, elə cəmiyyət arasında da Abel Məhərrəmov hazırda haqqında ən çox danışılan şəxslərdən biridir...
- Abel müəllim özünü kifayət qədər təsdiq eləmiş, cəmiyyətə özünü təqdim eləmiş şəxsiyyətlərdəndir. 19 il rəhbərlik edib, Azərbaycan tarixində yer almış bir universiteti idarə edib və cənab Prezident belə məsləhət görüb ki, onu vəzifədən azad edib. Vəssalam. Onun haqqında yayılan məlumatlar ictimailəşmiş, hansısa insanların təsdiq olunmamış fikirləridir. Mən buna pis baxıram və hesab edirəm ki, cəmiyyətdə çaşbaşlıq salıb şəxsiyyətlər haqqında belə fikirlər söyləmək düzgün deyil.
 
- Elton müəllim, jurnalistlər sizə zəng vurub qardaşınız, keçmiş nazir Ziya Məmmədovla bağlı sual verəndə "mənə özümlə bağlı sual verin" deyirsiniz. Ancaq bir jurnalist sizə zəng vurursa, istər-istəməz qardaşınızla bağlı da sual verməlidir. Ziya müəllimin ümumi vəziyyəti, səhhəti necədir?
- Ziya müəllim yaxşıdır. Səhhətində hər hansı problem yoxdur. Öz həyatını yaşayır...

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top