"Eşidin, bilin, istəsəm sizin küçəyə ümumiyyətlə qaz vermərəm" - Qaz İdarəsinin rəisi


Ağdaş şəhər Heydər Əliyev prospektində yerləşən evlərdə yaşayan sakinlər qazın olmamasından şikayətlənirlər. Yeniavaz.com saytı xəbər verir ki, həmin ərazidə bir çox ailələr odundan istifadə edirlər. Bu günlərdə ərazidə yaşayan bir qrup qadın Ağdaş Rayon Qaz İstismar İdarəsinin rəisi Ruslan Hacıbalayevin qəbulunda olublar. Onlar rəisə belə havalarda uşaqların, xəstələrin və yaşlı adamların qazın olmamasından daha çox əziyyət çəkdiklərini bildiriblər.
Rəis şikayətçilərə laqeyid münasibət bəsləyib, "sizin küçəyə ümumiyyətlə qaz verməyəcəyəm" deyib.
Maraqlıdır, mavi yanacaq Hacıbalayevin şəxsi malıdır ki, istədiyinə verə, istəmədiyənə verməyə? Yəqin ki, əlaqədar təşkilatlar bu sualların cavabını verəcəklər.
Şəhərin yeni salınmış İstiqlal küçəsi, dalan 13-ün sakinləri isə qaz xəttinin çəkilməməsindən şikayətlənirlər. Onlar qeyd edirlər ki, bu barədə "Azərqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevə   26.06.2018-ci ildə yazılı müraciət ediblər, amma məktuba cavab verilməyib. 
Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top