Xalq artisti: "Ələ keçirilən erməni deyirdi ki, 20-30 il sonra Bakı çökəcək"


"Sizə çox maraqlı bir əhvalatı danışmaq istəyirəm. 1990-cı ildə biz Xalq cəbhəsi, hərəkatla bağlı Kinostudiyada ştab yaratmışdıq, mən də oranın aktiv üzvlərindən biri idim. Bunu illər sonra deyirəm. Bir erməni tutub gətirmişdilər, təxminən 50 yaşı olardı. Özü də erməni olduğunu bilməsəydin, heç şübhələnməzdin ki, bu ermənidir. Tərtəmiz, bizim bəzi azərbaycanlılardan yaxşı danışırdı Azərbaycan dilində. O, dedi ki, Bakı Şəhər Sovetində - Bakı Kanalizasiya sistemində injiner işləyib. Onu bir nəfər vurmuşdu, üst-başını təmizlədik, yoluna qoyduq, çıxıb getdi. Amma getməmişdən həmin erməni bizə dedi siz ki, mənə belə diqqət göstərirsiniz, onda etdiyiniz bu yaxşılığa görə sizə bir şey deyim, indidən işinizi biləsiniz. Soruşduq nədir?
Dedi ki, Bakının kanalizasiya-kommunikasiya sistemini biz elə dolaşıq, elə günə salmışıq ki, 20-30 ildən sonra Bakı çökəcək. Hələ bunu o vaxt demişdi, onda göydələnlər, uzun-uzun binalar yox idi".
Bu fikirləri Yeniavaz.com saytına açıqlamasında tanınmış kinorejissor, ssenarist və aktyor, xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
"Çox qəribədir, Bakıda bu boyda binalar tikilir, yaxşı bəs bunların kanalizasiya, kommunikasiya sistemi nə olacaq? Prezidentin yeni tikililərlə bağlı göstərişi var. Nazirlər Kabinetinin iclasında da bu barədə xəbərdarlıq etdi. Prezident müşavirədə dedi ki, "məsələni nəzarətində saxlayacağam". Yoxsa Bakı boğulur, məhv oluruq biz. Bu yaxınlarda Tbilisidə idim, orada qədim, bizim binalardan da 10 dəfə yaraşıqsız köhnə binalar var. Onları restavrasiya edib, bəzəyib-düzəyib saxlayıblar. Kimsə pul qazanmaq istəyir, guya Azərbaycan xalqına dırnaqarası kömək etmək istəyirsə, getsin şəhərin boş yerləri var, orada tiksin də. Hamı şəhərin içini tikir, çünki burada yaxşı pula gedir. Gül kimi, qəşəng daş binaları sökürlər, yerinə... Bilirsiniz, ictimai qınaq olmalıdır, ziyalılar, elm, sənət, mədəniyyət adamları, Azərbaycan xalqı bu işdə Prezidentə kömək etməlidir",-deyə xalq artisti vurğulayıb.
Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilən Eldar Əzizovdan da danışıb: "Bakı Şəhər İcra Hakimiyyətinə yeni təyin olunan Eldar Əzizov çox sağ olsun, çox prinsipial yoldaşdır, dövlət işində sınanılmış adamdır. Gəncə, Sumqayıt kimi şəhərlərdə işləyib, Səbaildə işləyib, indi də gəlib Bakı Şəhər İcra Hakimiyyətinə. Çox işlərə başlayıb, çox işlər görür. Bu işdə ona kömək lazımdır. Bakının ən birinci yeraltı-yerüstü kommunikasiya, kanalizasiya sistemini xilas etmək lazımdır. İndiyədək yeni binalar, obyektlər tikmiş adamlar hamısı "tas" verməlidirlər, zəhmət çəksinlər bu işə qazandıqlarından pul ayırsınlar. Bakının kommunikasiya, kanalizasiya sistemi bərpa olunmalıdır. Yoxsa... Görürsünüz də deyirlər "bıy, filan yer qaçdı, filan yer çökdü, filan yol batdı". Gördüyünüz binaların xeyli hissəsi hələ istismara verilməyib, tikilib, qalıb. Ora insanlar köçəndən sonra, orada həyat başlayandan sonra, kanalizasiya, su, işıq, maşın - onda nə olacaq bəs? Ona görə bu işə Azərbaycan vətəndaşları, ağsaqqallar, ziyalılar, vicdanlı insanlar da qoşulmalıdırlar. Prezidentin artıq rəsmi göstərişi var, Bakı Şəhər İcra Hakimiyyətinin yeni əl-ayağı tərtəmiz rəhbəri var, prinsipial adamdır, heç bir qruplaşmanın, heç bir tayfanın üzvü deyil, Allaha şükür, korrupsiyada adı heç bir yerdə hallanmır. Buna görə ona da kömək etmək lazımdır. Bunlar hamısı mənim xahişimdir".  

DİGƏR XƏBƏRLƏR

Top