Ekspertdən həyəcan siqnalı: "Bu pomidorlar şiş əmələ gətirir, yeməyin" - VİDEO

Azərbaycanda son günlər əcaib görünüşlü, ucuz pomidorların satışa çıxarılması barədə Yeniavaz.com saytına məlumat vermişdik. Bildirmişdik ki, bu pomidorları alanlar da kifayət qədərdir. Pomidorların üzərində ağ rəngli qoz və ya fındıq boyda kiçik ağ yumrular var. Həmin pomidorları alanlar tərəddüddə qalırlar - görəsən, niyə belədir, bu zoğlar nədən qaynaqlanır?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Yeniavaz.com saytına açıqlamasında bildirmişdi ki, pomidorların fotosunun təhlili bitkidə dozadan artıq "oksin" hormonunun çoxluğunu deməyə əsas verir: "Bu maddə xərçəng əmələ gətirən toksiki maddə hesab olunur və dünyanin əksər ölkələrində istehsalata istifadəsi qadağan edilib. Məhsul hökmən Qida Təhlükəsizliyi Agentliyinin toksiki laboratoriyasında analizdən keçirilməli, tərkibindəki maddə müəyyən olunmalıdır”.
Yeniavaz.com saytı mövzu ilə bağlı “Səfəroğlu” aqronomluq xidmətinin rəhbəri Zaur Səlimdən də münasibət öyrənib. Onun sözlərinə görə, oksin maddələr bitkilər tərəfindən həzm olunmur deyə həm onlarda, həm də onu yeyən insanlarda fəsadlar əmələ gətirir: "Bitkinin ona ehtiyacı yoxdur, bəzi "çoxbilmişlər" ona görə verirlər ki, nüvə hüceyrəsini parçalasın və mayalanmanı sürətləndirsin, pomidor 15 günə yetişirdisə, 10 günə əmələ gəlsin. Yaxud, mayalanma üçün anormal mühit olanda, deyək ki, temperatur yüksək olmayanda oksin maddələrlə süni mayalandırırlar. Oksin maddələr qrupuna daxil olan maddələrlə mayalayanda pomidorun çiçəyi belə deyək, məhv olmaqdan sığortalanmış olur. İşbazlar da bundan istifadə edirlər”.
Zaur Səlimin sözlərinə görə, əslində həmin maddələrə bitkinin ehtiyacı olmadığı üçün yad cisim kimi qəbul edilir: “İnsanda daxili temperatur necə 36,6 dərəcədirsə, bitkidə də bu temperatur 18,2 dərəcədir. Oksin maddələr verəndə bitkinin daxili temperaturunda pozulma varsa, onu normal hala gətirir, bitki normal fəaliyyət göstərir və mayalana bilir.
Oksin maddələr kanserogen hesab olunur və bitki daxilində çox sürətlə yayılır. Bitkilərin də öz mühafizə sistemləri var. Allah bitkini boş-boşuna təbiətin ümidinə buraxmayıb. Bitki gövdəsi həmin maddənin meyvəyə gedib çıxmaması üçün onu belə deyək, bloklayır. Qoymur ki, ətrafa yayılsın. Bu maddələri birbaşa meyvəyə çilədiklərinə görə onun içində fəsad verir. Yəni xüsusi bir düyün halına salır.
Meyvə formalaşdıqca bacarırsa, həmin düyünü özündən xaricə çıxarır, bacarmırsa, həmin düyün meyvənin içində yaranır”.
Həmsöhbətimizin dediyinə görə, insan orqanizmində də eyni proses gedir: “Biologiyanı, mikrobiologiyanı düzgün analiz edəndə baxırsan ki, əslində bu tək bitkidə deyil, ümumtəbiət qanunları var, insanda da belədir.  Həzm olunmayan maddələr daxil olanda insan orqanizmində müəyyən düyünlər əmələ gəlir. İnsan bədəni həmin maddələri tutub içində bloklayır ki, orqanizmi məhv etməsin. Orqanizm onunla mübarizəyə daim enerji sərf eləyir, başlayır zəifləməyə.

Həmin maddə isə bədənin yaratdığı o mühafizə qatını qırmağa, mühafizə sistemini dağıtmağa çalışır. İnsanın da, bitkinin də belə deyək, immuniteti beləcə aşağı düşür.
Bitki 5 salxımı 100 günə verəcəyi halda, oksin maddələr verəndə 60 günə verir.
Biznesmenlər də bundan bu şəkildə qazanmağa çalışırlar. Bunu da adətən, “ucuz aqronomlar” edirlər. Düşünməyin ki, bütün aqronomlar bu üsula əl atırlar. Bunun yaranmasına səbəb bizim biznes mühitinin düzgün qurulmamasıdır.
Bizdə biznesmenin yanaşması budur ki, savadlı, amma yüksək maaş tələb edən aqronomla işləməkdənsə, 5 gün, 3 gün təcrübə görmüş, kənardan müşahidə aparmış yarım mütəxəssisi az maaşla qoyum idarəçiliyə.
Həmin o qeyri-peşəkarlar da işdən çıxarılan peşəkar mütəxəssisin dövründə əldə edilən məhsuldarlığı ala bilmək üçün, özünü biznesmenin qarşısında bacarıqlı biri kimi göstərmək üçün bu üsula - süni mayalandırmaya əl atır. Yoxsa ağıllı heç bir mütəxəssis bitkini süni mayalandırmaya aparmaz. Mən çalışdım ki, sizin suallarınızı bir qədər loru dillə, kimyadan, biologiyadan kənar izah edim.
 Uşaq-böyük fərq etməz – insan orqanizmi eynidir. Oksin maddələr ümum təbiətdə bütün canlılar üçün nüvə enerjisini parçalayan maddələr sayılır. Yəni bütün canlılar üçün təhlükəli maddələrdir. O meyvə ki, oksin maddələrlə yüklənib, onu yeyiriksə, avtomatik olaraq pomidorda göstərdiyi fəsadı bizim orqanizmimizdə də göstərir.
Bitkiyə verdiyimiz həmin təhlükəli maddəni həm də biz bilavasitə meyvə formasında qəbul edirik.
Həmin bitkidə yaranan patologiya, yəni düyün eynilə bizim orqanizmimizdə də yaranmalıdır. Çünki bizim orqanizmimizdə də həzm olunmayan maddələr sayılır. İnsan bədənində şişlər əmələ gəlir.
Orqanizm daimi olaraq həmin düyünə enerji sərf edir. Getdikcə zəifləyir. Orqanizmin enerjisi başqa şeyə sərf olunmalı olduğu halda patologiyaya sərf olunur. Yenə deyirəm, oksin maddələr kanserogen maddələr sayılır. İnsan bədənində vəzlərin, şişlərin müxtəlif yerlərdə əmələ gəlməsinin səbəbi budur. Ola bilər ki, xərçəng, ola da bilər ki, bir başqa patologiya yaratsın”.
Zaur Səlim deyib ki, həmin pomidorları yetişdirib-satanlar tapılmalı, boykot edilməli, dövlət isə həmin müəssisələrin fəaliyyətinə son qoymalıdır.

DİGƏR XƏBƏRLƏR

Top