Hamam vannalarında satılan diri balıqlar - Yemək təhlükəlidirmi?


İstər rayonlarda, istər yol kənarlarında, istərsə də, Bakıda hamam vannalarında diri balıqların satışını yəqin siz də görmüsünüz. Heç nə olmamış kimi həmin balıqlardan alıb yeyənlər var, sırf köhnə hamam vannasında satıldığı üçün iyrənib almayanlar da. Bəs təzə və ya işlənmiş olduğu bilinməyən (böyük ehtimalla işlənmiş) hamam vannalarında balıq satılması nə dərəcədə təhlükəlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı Yeniavaz.com saytına açıqlama verib. Onun sözlərinə görə, qanun bunu qadağan eləmir: “Diri balığı hamam vannalarında da saxlayıb satmaq olar. Bu, heç bir qanunvericiliklə qadağan deyil. Mən mürəkkəb ölkələrdə - Banqladeş, Efiopiya, Cənubi Afrika, Hindistanda antisanitar çox şeylər görmüşəm. Lakin müasir, inkişaf edən, Avropaya sürətlə inteqrasiya edən Azərbaycanda bunlar əlbəttə, arzuolunan deyil. Ancaq bir daha qeyd edirəm, qanun bunu qadağan eləmir”.
“Balıq satışı buzlu bir yerdə olmalıdır. Açıq buzlu soyuducular var, satışı onlarda həyata keçirilməlidir. Düzdür, mən Marseldə, Fransada və Türkiyədə diri balığın satışını görmüşəm. Orada birbaşa sahildə - gəmi ilə çıxarıb satırlar. Səhər saat 7-də başlayır, 12-ə, yəni hava qızana kimi diri balığın satışı qurtarır.  Həmin ərazi tərtəmiz təmizlənir və heç bilinmir ki, burada balıq satılıb. Səhərigün satış yenidən başlayır. Həmin ölkələrdə vannanın içərisində balıq satıldığını görməmişəm. Balıqların hamam vannasında satılması heç də qeyri-adi bir şey deyil. Aydındır ki, diri balıq suyun içində olmalıdır. Suyu da bir şeyə yığmaq lazımdır də (gülür). Əslində balığın yolun qırağında satılması daha qeyri-adidir. Bəli, vanna sanitariya qaydalarına cavab verməlidir, sterilizə olunmalıdır, təmiz olmalıdır. Balıq mikroblara həssas bir canlıdır. Yolun kənarında, avtomobillərin çirkab atdığı bir yerdə balıq satılması düzgün deyil. Balıq xüsusiləşmiş yerlərdə satılmalıdır. Nəinki vannalarda, hətta ipə taxılmış vəziyyətlərdə yollarda satırlar. Azərbaycanın boyuna-buxununa yaraşmır bu”,-deyə ekspert vurğulayıb.
Tibb elmləri namizədi, dosent, həkim-allerqoloq Səxavətdin Axundov isə sualımıza cavabında balıqların hamam vannalarında satılmasında qeyri-adi heç nə olmadığını, tibbi baxımdan problem görmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top