"Bir fərqimiz var: danışa və eşidə bilmirik"

 
Hər il sentyabrın son bazar günü dünyada Beynəlxalq Lal-Karlar Günü kimi qeyd olunur. 1951-ci ilin sentyabr ayında Beynəlxalq Lal-Karlar Federasiyası yaradıldı və bu federasiyanın yaradılması şərəfinə Beynəlxalq Lal-Karlar Günü təsis edildi.
Statistikaya görə bu gün dünyada hər doqquz nəfərdən biri (təqribən 650 milyon nəfər) eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti ya anadangəlmə itirir, ya da xəstəlik nəticəsində məhrum olurlar.
Bu gün Yer kürəsində 2500 dil var, ancaq bu dillərlə yanaşı alimləri maraqlandıran bir dil də jestlər dilidir. Beynəlxalq Lal-Karlar Federasiyası jestlər sistemini 50-ci illərdə yaratdı. Burada məqsəd eşitmə və danışma məhdudiyyətlilərin beynəlxalq tədbirlərdə iştirakına xidmət etmək idi.
Eşitmə və danışma qabiliyyətini itirmiş insanlar arasında çox tanınmış, görkəmli şəxslər də mövcuddur. Məsələn, bunlardan Pyer De Ronsarı, Viktor Hüqonu, Lüdviq van Bethoveni, Jan Jak Russonu, Klod Andre Deseni, Karel Çapeki, Antonio Stanolini və s. göstərmək olar.
Biz də Beynəlxalq Lal-Karlar Günü ilə əlaqədar eşitmə və danışma məhdudiyyətli insanların gündəlik həyatda üzləşdikləri problemlərlə bağlı müsahibə almağı qərara aldıq. Müsahibimiz eşitmə və danışma məhdudiyyətli şəxslərin oxuduğu məktəbdə işləyir. O, həm müəllim, həm təlimçi, həm də surdotərcüməçidir.
 
- Sizi tanımayanlar üçün zəhmət olmasa, özünüzü təqdim edərdiniz?
- Mən Quliyeva Könül "Araxçın" MMC-nin "Deaf Community" layihəsinin təlimçisi və surdotərcüməçisiyəm. "Deaf Community" layihəsindən əlavə 17 ildir Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli internat məktəbində işləyirəm. Mən özüm işarə dilini ata-anamdan öyrənmişəm. Uşaq vaxtı atam və anam öz aralarında işarə dili ilə danışanda bu dilə marağım yarandı və mən bu işarə dilini öyrəndim. Bakı Dövlət Universitetini bitirəndən sonra da məhz bu uşaqlarla işləmək qərarına gəldim. Ona görə də, tərəddüd etmədən 2 nömrəli internat məktəbinə gəldim. Digər tərəfdən, bu sahə ilə bağlı kurslara getdim və bu kursları bitirərək, sertifikatlar aldım. İxtisasım isə kimya-biologiyadır. Bu fənni uşaqlara işarə dili ilə tədris edirəm. Bizim məktəbə də uşaqlar bütün məktəblərdə olduğu kimi birinci sinifdən qəbul edilir və onlar 11-ci sinifə qədər təhsillərini davam etdirirlər. Sadəcə olaraq, fərq ondadır ki, bizim məktəbdə dərslər işarə dilində keçirilir. Bundan başqa, məktəbimizdə kurslar var və müəllimlər bu kurslarda işarə dilini öyrənirlər.
 
- Eşitmə və danışma məhdudiyyətli insanlar ali təhsil ala bilirlərmi?
- Onlar ancaq peşə sənətinə yiyələnirlər. Bərbərlik, aşbazlıq, dərzilik və s. peşələri öyrənirlər. Onların təhsili orta məktəbi bitirəndən sonra dayanır. Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanlar üçün gecə məktəbləri də var. Məsələn, kimisi rəssamlığa meyilli olur və məktəbdə oxuduğu müddətdə bu istedadını inkişaf etdirir. Həmçinin, şagirdlər məktəbdə başqa peşələrə də yiyələnirlər.
 
- Eşitmə və danışma məhdudiyyətli insanlar üçün hansı layihələriniz olur?
- Biz layihələrimizlə eşitmə və danışma məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün çox işlər görürük. 3 filmin surdotərcüməsini etmişik və bu layihə çərçivəsində "Xənnas", "Oğlan evi" kinofilmlərini, həmçinin "Madaqaskar" cizgi filmini eşitmə və danışma məhdudiyyətli insanlara nümayiş etdirmişik. Hazırda daha bir film üzərində işləyirik və bu filmin tərcüməsini də mən öz üzərimə götürmüşəm. Bu filmin surdotərcüməsini isə 3 dekabr Əlillər Gününə qədər yekunlaşdırmağı planlaşdırırıq. Bundan əlavə demək olar ki, bütün dövlət tədbirlərində, xüsusi günlərdə, bayramlarda bir araya gələrək müəyyən işlər görməyə çalışırıq. Məsələn, Əlillər Günü ilə bağlı uşaqlara həsr olunmuş bir video rolik çəkmişik. Burada sırf eşitmə və danışma məhdudiyyətli insanlar var və onlar cəmiyyətdə özlərini necə ifadə etmək istədiklərini bildirirlər. Bu videoda o da bildirilir ki, bu insanlar da digər insanlar kimidirlər, sadəcə olaraq onlar eşidə və danışa bilmirlər. Yəni, onlar da başqaları kimi cəmiyyətə adaptasiya olmaq istəyirlər və burada kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyaların üzərinə çox böyük iş düşür.
 
- Bəs, kütləvi informasiya vasitələrinin, həmçinin televiziyaların layihələrinizə hər hansı dəstəyi olurmu?
- Hazırda bizə ən böyük mənəvi dəstəyi "Həyat" Xeyriyyə Fondunun təsisçisi Hacı Nuran göstərir. İyun ayının 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Nizami Kino Mərkəzində eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün surdotərcümə ilə "Madaqaskar" filmini nümayiş etdirdik. Filmin surdotərcüməsini bizim təlimçimiz Şamil Sabirzadə etdi. Hacı Nuran da bizim yanımızda idi. Onun verilişində bu işlərimiz də nümayiş etdirildi. Burada canlı tərcümələri isə mən edirdim. Biz bu tədbirə sırf eşitmə və danışma məhdudiyyətli uşaqları və gəncləri dəvət etmişdik. Onlara tamamilə təmənnasız biletlər verilmişdi. Bundan əlavə, biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş video layihə də hazırladıq. Bu layihənin də rəhbəri mən idim. Eşitmə və danışma məhdudiyyətli insanları bir araya topladıq və onlar Azərbaycanı öz dillərində tanıtdılar. Bunda da Hacı Nuran bizə dəstək oldu. O, layihəmiz barədə müsahibə verdi və bu işimizi televiziyada işıqlandırdı. Yəni, televiziyadan ancaq belə dəstək görmüşük. Biz komanda olaraq bacardığımız qədər iş görməyə çalışırıq.
 
- Televiziyadan söz düşmüşkən əvvəllər kanallarımızda işarə dili ilə xəbərlər verilirdi. Halbuki, son vaxtlar belə verilişlər gözə dəymir. İstərdik ki, bu barədə də bir qədər danışasınız.
- Biz daha çox istəyirik ki, kanallarımızın birində heç olmasa həftənin bir günü sırf eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün onların iştirak edə biləcəyi bir veriliş olsun. Məsələn, həmin verilişə hər həftə bir nəfər eşitmə və danışma məhdudiyyətli uşaq dəvət etmək olar. Şərt o deyil ki, verilişin aparıcısı, ssenari müəllifi və ya rejissoru işarə dilini bilməlidir. Yəni, biz surdotərcüməçilər varıq və bu işdə öz dəstəyimizi göstərə bilərik.
 
- Sizin dediyiniz verilişlər olsaydı, nə dəyişərdi, bu məhdudiyyətli insanlara nə qazandırardı?
- Təbii ki, olsaydı, cəmiyyət onları daha çox tanıyardı, onların cəmiyyətə adaptasiyası daha asan olardı. Çox yerdə eşitmə və danışma məhdudiyyətli uşaqlar əllə danışanda onlara başqa cür münasibət göstərirlər. Halbuki, bunun onların dili olduğunu unudurlar. Necə ki, xarici dilləri öyrənməyə çalışırıq, bu da əslində özünə görə bir dildir.
 
- Məhdudiyyətli insanların iş problemləri necə həll olunur?
- Yenə də deyirəm, onlar ancaq hansısa peşəni öyrənib o işlə məşğul olurlar. Bir neçə ay bundan əvvəl Bakıda otellərin birində sırf məhdudiyyətli insanlarla bağlı sərgi təşkil olunmuşdu. Bura bütün fiziki məhdudiyyətli insanlar daxil idi. Sərginin məqsədi fiziki məhdudiyyətli insanların işlə təmin olunması idi. Biz də öz növbəmizdə bütün eşitmə və danışma məhdudiyyətlilərin CV-lərini hazırlayıb verdik. Bunların arasında bəziləri işlə təmin olundular.
 
- Eşitmə və danışma məhdudiyyətli uşaqlar nə qədər təqaüd alırlar?
- Uşaqlar 70 manatdan yuxarı təqaüd alırlar. 18 yaşına çatandan sonra onlara dərəcə verilir, onda təqaüdlər bir az azalır. Məhdudiyyətli insanlara əsas lazım olan işləməkdir. Yəni, hansısa peşəyə yiyələnməlidirlər ki, işləyə bilsinlər. Bir neçə məhdudiyyətli insanlar tanıyıram ki, artıq 28-30 yaşları var, oğlan işləmir deyə ailə qura bilmirlər. Yəni, hər ikisi məhdudiyyətli olan və ailə qurmağa çalışan gənclər iş tapmırlar.
 
- Bakıda eşitmə və danışma məhdudiyyətlilər üçün məktəblər var, bəs rayonlardakı eşitmə və danışma məhdudiyyətli uşaqlarımız necə təhsil alırlar?
- Rayonlardan bizim məktəbə gələn uşaqlar çoxdur. Bizim məktəbimiz yataqxanalıdır, ancaq yenə də məktəbimizdə oxuyan bu uşaqlar həftə sonları evlərinə gedirlər. Buna görə də, hər ay şagirdlərin kartlarına yol pulu yatırılır. Tədris ili bitənə yaxın, may ayında müəllimlərimiz rayonlara həm məktəbimizi tanıtmağa, həm də uşaq yığmağa gedirlər. Məktəbimizdə hansı işlər görülür, uşaqlar necə təhsil alır, bu barədə rayonlarda valideynlərə məlumat verilir.
 
- Siz həm də təlimçisiniz, istərdik ki, bizə verdiyiniz təlimlər barədə də məlumat verəsiniz?
- Biz təlimlərə keçən ildən start vermişik. Keçən il bizim təlimlərimizdə eşitmə və danışma məhdudiyyətlilərdən 1-2 nəfər var idisə, təlimlərin sonunda onların sayı daha da artdı. Bir də təlimlərimiz tamamilə təmənnasızdır. Mart ayında başladığımız təlimləri may ayında başa çatdırdıq.
 
- Tam təmənnasız olduğunu deyirsiniz, bəs hər hansı bir xərc meydana çıxanda bu xərci necə qarşılayırsınız?
- Ancaq öz cibimizdən. Bütün layihələrimizi ancaq şəxsi vəsaitimiz hesabına hazırlamışıq. Bizim heç bir yerdən gəlirimiz yoxdur. Bizim ofisimiz də yoxdur. Biz iclaslarımızı keçirmək üçün zəng edib kiməsə müraciət edirik. Bir neçə yer var ki, belə sosial layihələrə dəstək olurlar və bizə iclas keçirmək üçün 2-3 saatlıq yer verirlər.
 
"Ailəm" jurnalı, Sentyabr sayı
Rasim Məmmədli

 

DİGƏR XƏBƏRLƏR

Top