"Növbəti yaya qədər Bakıda tıxac problemi davam edə bilər" - Ekspert


Yeni dərs ili ilə yanaşı paytaxtda tıxac mövsümü də başlayıb. Dərslər başlayalı cəmi iki-üç gündür, indidən günün pik saatlarında Bakı küçələrində yenidən uzun tıxaclar müşahidə edilir. Nəqliyyatın hərəkəti iflic olub. Bir yandan istirahət mövsümünün bitməsi ilə əlaqədar paytaxt əhalisinin sayı çoxalıb. Digər yandan da ali və orta məktəblərdə dərslərin başlanması ilə müxtəlif bölgələrdən minlərlə tələbə Bakıya axın edib. Bu axın isə şəhərin yollarında avtomobil sıxlığının artmasına səbəb olub.

Real addımlar atılmasa, növbəti yaya qədər tıxac problemi davam edəcək. Məsələnin aktuallığına rəğmən real addımlar atılmır deyə, tıxac problemi ilbəil təkrarlanır.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynovun sözlərinə görə, tıxacın aradan qaldırılması üçün digər qurumların da görməli olduqları işlər var. Bakı şəhərinin yollarında edilən kosmetik dəyişikliklərin prinsip etibarı ilə ümumi problemə təsir gücünün zəif olduğunu vurğulayan ekspert deyib ki, bizim yollarda avtomobil nəqliyyat vasitələrinin ötürücülük imkanları zəifdir.

Sentyabr ayında dərslər başlayan kimi də bütün problemlər üzə çıxır: "Əslində tıxacların bu qədər uzun olmasında vətəndaşların da günah payı var: 

"Uşaqların orta məktəbə maşınla aparılması Bakı küçələrində uzun tıxacların yaranmasına səbəb olur. Xarici ölkələrdə adətən bu cür halın qarşısını almaq üçün məktəb avtobusları yaradılıb. Belə ki, həmin avtobuslar şagirdləri yığıb, məktəblərə daşıyırlar. 

Eyni zamanda dərs bitdikdən sonra da şagirdlər bu avtobus vasitəsilə evlərinə yollanırlar. Bakıda isə valideynlər sanki bu cür avtobuslara etibar etmirlər. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən əksər məktəblərdə bu cür nəqliyyat vasitəsi mövcud deyil. Yalnız xüsusi imtiyazlı və böyük ödənişli liseylərdə bu, tətbiq olunur. İkinci bir məsələ də ondan ibarətdir ki, bu problemin kökü yalnız orta məktəblərlə də məhdudlaşmır. Ölkənin əsas aparıcı universitetləri şəhərin mərkəzində yerləşir. 

Tədris ili başlayan zaman bu universitetlərdə təhsil alan kifayət qədər tələbə var ki, onlar şəxsi avtomobillərindən istifadə edərək, dərsə gedirlər. Rayonlardan gələn kifayət qədər tələbələr də var ki, onlar da şəxsi avtomobillərindən istifadə edirlər. Dünya praktikasında universitetlər yataqxanalarla, kampuslarla təmin olunur və şəhər kənarında fəaliyyət göstərirlər. Həmin ölkələrdə tələbələr yalnız tələbə şəhərciyi ərazisində olurlar. Nəticədə nə onların özləri əziyyət çəkib yolda qalırlar, nə də digər yol hərəkəti iştirakçıları tıxacda gözləməli olurlar. Bizdə tələbə şəhərciyi məfhumu da yoxdur. Yəni bütün məsələlər tıxacın yaranmasına səbəb olacaq haldadır. Şəhərin infrastrukturu imkan vermir ki, birdən-birə daxil olan çoxsaylı avtomobil yükünü qaldırsın".

Ekspertin fikrincə, mövcud addımlar atılana qədər vətəndaşların özləri də bir qədər diqqətli olmalı, mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə çalışmalıdırlar.


İndiyə qədər atılan inzibati addımların düzgün praktika olmadığını qeyd edən İ.Hüseynli bir zamanlar şəhərdə tıxacın qarşısını almaq üçün rayondan gələn avtomobillərin paytaxt küçələrinə daxil olmasının əngəllənməsini xatırladıb: "Elə insanlar var ki, həftədə bir dəfə rayona gedib, ərzaq təminatını alır, yüklə qayıdırlar. Onların aqibəti necə olacaqdı? Ona görə də bu üsul nə effekt verdi, nə də Bakıdakı tıxacın qarşısını aldı. Bakıda tıxacın qarşısını almaq və avtomobil sıxlığını azaltmaq üçün yuxarıda söylədiyim hallar reallaşdırılmalıdır. Belə olarsa, sıxlıq nəzərəçarpacaq dərəcədə azalar".
("Şərq" qəzeti)

DİGƏR XƏBƏRLƏR

Top