Azərbaycanlı milyarder doğulduğu rayonda məktəb tikdirib, ad günündə açılışı oldu - FOTO

Göyçay rayonunun Potu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi yeni dərs ilini müasir tələblər səviyyəsində yenidən qurulmuş tədris binasında qarşılayıb. Yeniavaz.com xəbər verir ki, məktəbin açılış mərasimində Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, “AzNar” QSC-nin icraçı direktoru Teymur Əhmədov çıxış edərək müəllim və şagirdlərə uğurlar arzulayıb.

Bildirib ki, “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi Fərhad Əhmədov şəxsi vəsaiti ilə Potu kənd tam orta məktəbinin binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirib.

Birinci tədris korpusu 1905-ci, ikinci tədris korpusu isə 1977-ci ildə istifadəyə verilən təhsil müəssisəsində əlavə 8 sinif otağı da inşa olunub. Əsaslı təmir tikinti işləri çərçivəsində məktəbin sinif otaqlarında, fənn kabinetlərində, yeməkxana, kitabxana və yardımçı binalarında nümunəvi şərait yaradılıb. Təlim-tərbiyə ocağı zəruri avadanlıq və mebel dəstləri ilə təmin olunub. İstilik sistemi ilə təchiz edilən tədris ocağında kompüter mərkəzi də məktəblilərin ixtiyarına verilib. Bundan əlavə, təhsil müəssisəsinin həyətində futbol, valeybol və basketbol meydançaları tikilib, idman qurğuları quraşdırılıb, ətrafında abadlıq işləri görülüb, yaşıllıq salınıb. Bütün bunlar isə müəllim və şagirdlərin ürəyincə olub.

Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanşlıq olub.

Birinci sinif şagirdlərinə “AzNar” QSC-nin rəhbəri tərəfindən məktəbli çantaları və dərs ləvazimatları hədiyyə olunub.

Diqqətə çatdırılıb ki, xeyriyyəçi Fərhad Əhmədov hər il öz ad günündə rayonda bir orta məktəbi əsaslı təmir etməyi qərara alıb. Ötən il onun maddi köməkliyi ilə Göyçay şəhər 2 saylı orta məktəb əsaslı təmir edilib, gələn il isə şəhər 7 saylı orta məktəbin əsaslı təmir edilməsi nəzərdə tutulur.

Tədbirdə məlumat verilib ki, bu dərs ilində Potu kənd tam orta məktəbində 40 nəfər pedaqoq 251 şagirdin təhsili ilə məşğul olur. Həmçinin, 32 uşaq isə birinci sinifdə təhsil alır. Ümumiyyətlə, son illərdə Göyçayda 15 yeni məktəb binası tikilib, on tədris ocağı isə əsaslı şəkildə yenidən qurularaq zəruri avadanlıqlarla təchiz edilib. Ümumtəhsil məktəblərinin maddi-texniki bazalarının möhkəmləndirilməsi tədrisin keyfiyyətinə müsbət təsil göstərib. Belə ki, rayonun bu ilki məzunlarından 25 nəfəri 600-dən yuxarı bal toplayıb. Göyçayın təhsil tarixində ilk dəfə olaraq Ləkçiplaq kənd tam orta məktəbinin məzunu Şəkər Qədirli maksimum nəticə-700 toplayaraq Bakı Ali Neft məktəbinə daxil olub.

Müəllim və valideynlər çıxış edərək rayonda təhsilin inkişafına daim köməklik göstərən və uzun illərdir ki, bərbad vəziyyətdə olan Potu kənd tam orta məktəbin binasını əsaslı təmir etdirdiyi üçün xeyriyyəçi iş adamı Fərhad Əhmədova minnətdarlıq ediblər.

Esmira Hidayətova, Göyçay

DİGƏR XƏBƏRLƏR

Top