"Dövlət universitetlərimizdə təhsil haqları 500-1000 manatdan çox olmamalıdır" - Ekspert

Azərbaycanın əksər dövlət və özəl universitetlərində təhsil haqları artırılıb. Bir neçə il öncə 1000-1500 manat olan təhsil haqları, indi 4000-4500 manatdır. Dünən məsələ ilə bağlı dövlət universitetlərindən açıqlama almışdıq. ( www.yeniavaz.com/NewsContent/ZNewsContent/83601/tehsil-haqlarinin-artirilmasi-ile-bagli-universitetlerden-aciqlama-sebeb).

Yeniavaz.com saytı problemlə bağlı tanınmış təhsil ekperti Kamran Əsədovun da mövqeyini öyrənib.

K. Əsədov hesab edir ki, Azərbaycandakı ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir: "Alınan təhsil haqqının müqabilində verilən təhsilin keyfiyyəti üst-üstə düşmür - yüksək səviyyədə təhsil haqqı, aşağı səviyyədə təhsil. Ali təhsil müəssisələri təhsil haqlarını müəyyən edərkən adambaşına maliyyələşməni əsas götürürlər, yəni 1 tələbənin il ərzində təhsil alması üçün lazım olan, çəkilən xərclər hesablanır. Əgər özəl universitetdirsə, təbii ki, gəlir əldə etməlidir, amma dövlət universitetləri gəlir əldə etmək məqsədli düşünməməlidir.

Təəssüf ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrinin yeganə gəlirləri tələbələrin ödədikləri təhsil haqlarıdır, amma dünya təcrübəsində belə deyil. Onlar daha çox tələbələrin əldə etdikləri kəşflər, uğurlarla gəlir əldə edirlər. Bu gün bizim universitetlərimizin hər hansı bir ixtirası, kəşfi yoxdur ki, özlərinin büdcəsinə əlavə gəlir olaraq təsir göstərsin".

Təhsil eksperti bu qənaətdədir ki, Azərbaycan universitetləri ildən ilə təhsil haqlarını artırırlar, ancaq xərclərdə artım yoxdur: "Çünki dövlət universitetlərinin xərclərini dövlət ödəyir. Dövlət universitetləri daxil olan vəsaitləri özlərinin inkişafına yönəltməlidirlər. Bu gün Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 54-dür və onlar dünya reytinqində yoxdular. Amma təhsil haqları dünyanın ilk 200-lük reytinqində yer alan bəzi universitetlərdəkindən də çoxdur. Halbuki təhsilin keyfiyyəti aşağıdır. Bəzi ali təhsil müəssisələrinin rektorları universitetləri bazar kimi idarə edirlər və orada oxuyan tələbələr sanki bir obyektin icarə haqqını verən şəxs kimi orada fəaliyyət göstərirlər. Keyfiyyət göstəricisi aşağı səviyyədədir. Təhsil haqları reallığı əks etdirmir, ona görə də məzunların əmək bazarında işlə təminatı aşağı səviyyədədir".

Ekspert qeyd edib ki, bu gün Azərbaycanın 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır, onların 70 faizi ödənişli oxuyur: "Həmin tələbələrin 42 faizi ali təhsili başa vurduqdan sonra işlə təmin olunurlar, yerdə qalan 58 faiz isə işsiz ordusu kimi formalaşır. Məzunların cəmi 42 faizi işlə təmin olunursa, deməli, həm də təhsil keyfiyyətli deyil. Bu gün Azərbaycandakı universitetlərin təhsil haqları minimum 500, maksimum 1000 manatı keçməməlidir. Amma bu gün Azərbaycanda universitetlərin maksimum təhsil haqqı 6500 manat, minimum 1000 manatdır. Bu, kifayət qədər böyük məbləğdir. 46 faiz ixtisaslar üzrə təhsil haqqı 2500 manatdan çoxdur. Dövlət universitetlərini qardaş Türkiyə ilə müqayisə etsək, orada elə universitetlər var ki, təhsil haqqı 100-200 manatdır. Azərbaycan universitetləri tələbədən 2500, 3000, 4500 manat təhsil haqqı alırlar, amma bunun fonunda nə yataqxana təminatı var, nə də iş təminatı. Hesab edirəm ki, aldıqları təhsil haqqının müqabilində həm yaxşı təhsil verməlidirlər, həm də tələbələrin yaşam şəraiti üçün şərait qurmalıdırlar. Amma onlar uzun illərdir ki, təhsil haqqı alırlar, ancaq nə yataqxana təminatları var, nə dünya reytinqində irəliləyirlər. Valideynlərin ödədikləri pullar yalnız biznes maraqlara xidmət edir, təhsilin keyfiyyətinə yox".

DİGƏR XƏBƏRLƏR

Top