Kəndlilər torpaqdan pulu necə qazansın? - "Yaponiyadakı kimi kooperasiyalar yaradaq"

"Xırda təsərrüfatçılıqla kənd təsərrüfatını idarə etmək çox çətindir. Dünya təcrübəsi, Avropa təcrübəsi də göstərir ki, təsərrüfatın sahəsi ən azından 50 hektar olmalıdır ki, oradan ciddi gəlir götürülə bilinsin". Yeniavaz.com xəbər verir ki, Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) məsul əməkdaşı Həbib Abbasov bildirib.

"Məsləhət-informasiya xidməti vasitəsi ilə biz ictimai təşkilatlar olaraq çalışırıq ki, yerlərdə maarifləndirmə işləri aparaq. Bu xaricdən götürülmüş təcrübədir. Bütün inkişaf etmiş ölkələrdə fermerlər bilmədikləri məsələlərlə bağlı məsləhət-informasiya xidmətindən istifadə edirlər. Həmin xidmət pulludur. Deyək ki, hansısa bir fermer təsərrüfatında üzləşdiyi çətinliklə bağlı bir şeyi bilmirsə, məsələn, xəstə heyvanın fotosunu çəkir və internetlə göndərir ora. Oradan ona heyvanın xəstəliyi ilə bağlı məlumat verilir, dərman məsləhət görülür. Belə informasiya-məsləhət xidməti şəbəkəsi Azərbaycanda hazırda yoxdur. Yerlərdə olan kadrlar isə hamısı yaşlı nəsildir. Gənclər gəlib oxuyurlar, bilmirik sonra hara gedirlər. Dünya Bankının xətti ilə informasiya-məsləhət xidməti 10 regionda yaranmışdı. Sonradan dəstək davam etdirilmədiyi üçün bağlandı",-deyə Həbib Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda əkinə yararlı torpaqların dörddə üç hissəsi müxtəlif formada deqradasiyalara - çirklənmələrə, eroziyalara məruz qalıb: "Bu proses davam edir, qarşısı alınmalıdır. Bunun da qarşısını almağın ən yaxşı üsullarından biri ekoloji kənd təsərrüfatıdır. Nə qədər ki, biz çox məhsul almaq üçün mineral gübrələrdən istifadə edirik, eroziyaların qarşısını ala bilməyəcəyik. Gübrələrin 15-20 faizi torpağa keçir, ya keçmir, qalan hissəsi torpaqda qalır. Bu barədə düşünmək lazımdır".

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Ələmdar Əsgərov isə qeyd edir ki, Yaponiyada kooperasiyalar 50-ci illərdən var: "Yaponiyada uzun illərdir stimullaşdırma mexanizmi tətbiq edilir. Hazırda Azərbaycanda isə subsidiyalar verilir. Əslində, dövlət subsidiyaları ekoloji təmiz məhsula görə istehsalçıya verməlidir. İstehsalçının ekoloji təmiz məhsul istehsal etməyə maddi marağı olmalıdır. Çünki əlavə xərc, zəhmət çəkilir. Ekoloji məhsul gübrədən tamamilə imtina etmək demək deyil. Kimyəvi mübarizə aparma, bioloji mübarizə apar, gübrəni elə ver ki, torpaqda çox qalmasın. Qalıq miqdarı normanı aşmasın.

Elm sübut edib ki, kiçik torpaq sahələrində böyük texnikaları tətbiq etmək olmur. Məsələn, mən öz əkin sahəmdə bitki xəstəlikləri ilə mübarizə aparıramsa, qonşu mübarizə aparmırsa, əziyyətimin mənası yoxdur. Qısası, Azərbaycanda kooperasiyaları yaratmaq üçün stimullaşdırma mexanizmi barədə düşünmək lazımdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top