"Avropalı bilir ki, aldığı malın üzərində ekonişan varsa təmizdir, bəs bizdə?"

"Dünya bazarına çıxmaq üçün ekoloji təmiz məhsul istehsal etməliyik. Beynəlxalq ekoloji nişanlanma layihələri Azərbaycanda hələ ki, yoxdur. Xüsusilə sənaye məhsullarına münasibətdə. Kənd təsərrüfatı ilə bağlı dövlətin ciddi səyləri var, müxtəlif layihələr icra olunur. Ekoloji məhsulun əsas şərtlərindən biri onun tərkibinin təbii olmasıdır. Əldə ediləcək məhsul ya tam təbii olmalıdır, ya da istehsalında zərərsiz maddələrdən istifadə edilməlidir".

Yeniavaz.com saytı xəbər verir ki, bu fikirlər "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İctimaiyyətin və biznes nümayəndələrinin ekonişanlanma barədə məlumatlandırılması" adlı layihəsi çərçivəsində keçirilən tədbirdə bildirilib.

Birliyin eksperti Samir İsayevin sözlərinə görə, layihənin məqsədi ətraf mühitin mühafizəsi və istehlakçıların təhlükəsizliyi normalarına cavab verən ekonişanlar barədə əhalinin maarifləndirilməsi və sahibkarların məlumatlandırılması yolu ilə istehlak və istehsal mədəniyyətinin yüksəlməsinə, məhsul və xidmətlərin ixrac qabiliyyətinin artırılmasına dəstək verilməsidir.

Samir İsayev qeyd edib ki, Avropa bazarı üçün nəzərdə tutulan məhsulları bir çox ölkələr sertifikatlaşdırırlar: "BİO nişanı əldə etməklə istehsalçılar daha çox alıcı əldə edirlər. Biz də Avropa bazarına getməliyik. Hazırda Rusiya bazarlarına giririk. Ancaq Rusiya bazarlarının tələbləri sərt deyil, subyektiv yanaşmalar var. Azərbaycan istehsalçısı və istehlakçısı dünyada tətbiq olunan ekonişanlar barədə məlumatlı olmalıdır. Bunun üçün standartlar qəbul olunmalıdır. Bu mühüm şərtdir. Azərbaycan ekonişanlanmaya doğru getməlidir".

Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) məsul əməkdaşı Həbib Abbasov deyib ki, Azərbaycan kənd təsərrüfatı fəaliyyətində ətraf mühiti qorumaqla sağlam məhsul istehsal olunmasına çalışmalıdır: "Dünyada ekonişanların sayı elə də çox deyil. Avropada istehlakçılar onlara inanıb məhsulu alırlar. Biz məhsulun üzərində "halal" sözü yazıldığını görəndə onu alırıq, düşünürük ki, bizi aldatmazlar. Ancaq Avropada məhsulun üzərində ekonişan olması o deməkdir ki, təmizdir.

Ola bilər ki, bizim ətini aldığımız heyvan halal kəsilib, ancaq onun qəbul etdiyi yem zərərli ola bilər. Ekoloji təmiz olmalıdır ki, orqanizmə zərər dəyməsin. Bazarlardan aldığımız məhsulların tərkibi haqqında demək olar ki, bizim heç bir məlumatımız yoxdur. Azərbaycanda geniş çeşiddə, yüksək keyfiyyətdə təmiz ekoloji məhsul istehsal etmək mümkündür. Azərbaycanın torpaq-iqlim şəraiti bizə bunu imkan verir.

Azərbaycan postsovet məkanında Moldovadan sonra ikinci ölkə idi ki, bu barədə qanun qəbul edib. Gürcüstan isə qanunu 2 il əvvəl qəbul edib. Gürcüstanın, Ermənistanın öz sertifikatlaşdırma təşkilatları var. Gürcüstan bu sahədə bizdən çox irəlidədir".

Meyvəçilik və Çayçılıq İnstitutunun əməkdaşı Fikrət Cəfərov isə bildirib ki, Gürcüstan ekoloji sertifikatlaşma sahəsində bizdən çox irəlidədir: "Gürcüstan çaxır istehsalında və sitrus meyvələrinə beynəlxalq sertifikat alıb. Azərbaycanda vəziyyət bir az çətindir. Çünki bizim fermerlər böyük sahələrə malik deyillər. Kiçik sahələrdə orqanik təsərrüfatlar yaradıb ondan gəlir götürmək qeyri-mümkündür. İki ildir ki, Azərbaycanda böyük aqroholdinqlər yaradılır. Böyük aqroholdinqlər birinci növbədə xaricə işləməyi planlaşdırır. Lakin onların məhsulu birinci növbədə Rusiya bazarlarına yönəldilib və onlar fikirləşirlər ki, bu ölkə ilə işləyəcəyik. Avropa bazarından stabil gəlir götürmək üçün məhsulu sertifikatlaşdırmalıdırlar. Belə sertifikat olmasa, Avropa bazarına çıxmaq çox çətindir. Meyvəçilik və Çayçılıq İnstitutu olaraq biz çalışırıq ki, Azərbaycanda bir neçə texnologiya tətbiq edək. Lakin orqanik meyvəçiliyin inkişafı üçün böyük yol keçməliyik".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top