Həkimlərin yazmasına aldanmayın - bunlar dərman deyil!

Son illər Azərbaycanda əczaçılıq bazarında süni şəkildə boşluq yaradılıb. Bu boşluqdan yararlanan müxtəlif işbazlar və onların mənffəətpərəst himayədarları qaz vurub qazan doldurmaq üçün Azərbaycana xeyli sayda Bioloji Aktiv Əlavələr (BAƏ) gətirdilər. Dərman vasitələrindən fərqli olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BAƏ) ekspertizasını həyata keçirmirdi və beləliklə, bu sahədə nəzarət zəif idi. Hətta bəzən dərman vasitəsini belə BAƏ kimi qeydiyyatdan keçirirdilər.

Qanunda olan boşluqdan məharətlə istifadə edən işbazlar bir qisim həkimi də mənfur işlərinə ortaq ediblər. Beləliklə, tərkibi şübhə altında olan (yoxlanmadığı üçün) və qiyməti həddən artıq baha olan BAƏ-lər yazılan reseptlərin dəyərinin 50%-ni təşkil etməyə başladı. Maddi cəhətdən imkanı zəif olan əhalinin bir də bu cür cibinə girməyə başladılar.

Bu problemi imkan düşdükcə, gücümüz çatdıqca işıqlandırsaqda uzun müddətdir ki, bir nəticə əldə olunmurdu. Səlahiyyətli orqanların bu iradlara məhəl qoymaması onu göstərirdi ki, burada çoxlarının marağı var idi. Nəhayət, ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 334 BAƏ-nin ekispertizasını həyata keçirdi və 11.05.2018-ci il tarixində 61 ədəd BAƏ-nin satışına onların təhlükəsizliyi, etibarlılığı və keyfiyyəti şübhə doğurduğu, istifadə edilməsi insan orqanizmi üçün təhlükə daşıdığı üçün qadağa qoydu. Hətta əhalini diqqətli olmağa və bu preparatlarla qarşılaşdıqları zaman dərhal qaynar xəttə: +994 596 07 12, +994 594-57-27, +994 594-57-37 nömrəli telefonlara məlumat vermələrini xahiş etdi.

Ümüd edirəm ki, bu müvəqqəti xarakterli bir iş olmayacaq, nəzarət daha da gücləndiriləcək. Bir əczaçı və bir vətəndaş kimi bu işdə əməyi olan hər kəsə kimliyindən asılı olmayaraq, minnatdarlığımı bildirirəm. Qazanan insanımız və səhiyyəmiz oldu.

Azər Baxşaliyev, əczaçı ekspert

DİGƏR XƏBƏRLƏR

Top