Stiven Hokinqin son məqaləsi dərc edilib

“High-Energy Physics” elmi jurnalında məşhur britaniyalı fizik Stiven Hokinqin ölümündən əvvəl yazdığı son məqaləsi dərc edilib.

Dünyaşöhrətli alimin məqaləsinin əsas mövzusu yaşadığımız kainata bənzəyən digər kainatların olması ehtimalıdır. Hokinq paralel qalaktikaların kəşf olunması üçün astronomlara tövsiyələr də verib. “Kosmik inflyasiya və kosmik qalaktikalar toplusu” nəzəriyyələrinə yeni təkliflərlə zəngin olan məqalə kainatın necə yaranmasına dair nəzəriyyəni təkmilləşdirir. Belə ki, Albert Eynşteynin kainatın təqribən 14 milyard il əvvəl yarandığı, amma yaranışla bağlı dəlillərin olmadığı nəzəriyyə yenidən gözdən keçirilir.

“The Guardian” qəzetinin xəbərinə görə, yeni nəzəriyyə üzərində işləmək üçün son illər Kembricə gedən Lyöven Universitetinin astronomu Tomas Hertoq deyib ki, Hokinq bu məqalənin axırıncı olacağını söyləmədi, “amma mən bunun yolun sonu olduğunu bilirdim”.

Hertoq bildirib ki, kainatın necə yaranmasına dair bir neçə nəzəriyyə irəli sürülüb, bunlardan ən populyar olanı isə “Big Bang”dır. Bu nəzəriyyəyə görə, böyük partlayış nəticəsində fərqli kainatlar kosmosa yayılıb. Hertoq əlavə edib ki, köhnə nəzəriyyə müxtəlif və fərqli kainatların olduğunu irəli sürür, Hokinqin yeni nəzəriyyəsi isə onların hamısının bir-birinə bənzədiyini bildirir.

Hokinqlə amerikalı fizik Ceyms Hartlinin ötən əsrin 80-ci illərində apardığı elmi araşdırmaların düsturlarla sübutları da məqaləyə əlavə edilib. Kembric Universitetinin professoru Malkolm Perinin sözlərinə görə, Stiven Hokinq bu məqaləni ən çox qürur hissi keçirdiyi bir tədqiqatın nəticəsi olduğunu söyləyib. O, diqqətə çatdırıb ki, Hokinqin Harvard Universitetindən Endryu Strominqerlə qara dəliklərlə bağlı araşdırmaları da məqalə şəklində təqdim ediləcək.

Ölümündən əvvəl Stiven Hokinq bəşəriyyətin taleyi ilə bağlı fikirlərini belə ifadə etmişdi: “Yer planetində həyatın ani baş verəcək bir nüvə müharibəsi, genetik dəyişikliyə uğramış bir virus və getdikcə artan digər fəlakətlər üzündən yox olmaq təhlükəsi il üz-üzə qaldığına inanıram. Kosmosdan başqa, bəşəriyyətin bir gələcəyi olmadığı qənaətindəyəm. Məhz buna görə insanların kosmosa marağının artmasını təşviq etmək istəyirəm”. (AZƏRTAC)

DİGƏR XƏBƏRLƏR

Top