Azərbaycanda yanına ildırım düşənlər: onların çoxu ölür - Necə qorunaq?

Bir müddət öncə Türkiyənin 3 əsgərinin Hakkari vilayətinin Yüksekova qəsəbəsində ildırım vurması nəticəsində şəhid olması, 12 nəfərin isə yaralanması xəbəri çoxlarını təəccübləndirdi. Bildirək ki, son illər dünyanın bir çox ölkələrində ildırım vurması nəticəsində ölüm halları artıb. Belçikanın U-18 yığmasının kapitanı Dasulun ildırım vurması nəticəsində ölməsi xəbəri də eşidənləri şoka salmışdı. Rusiya səhiyyə nazirinin müşaviri, 41 yaşlı İqor Lanskoy isə Yaltada istirahət edərkən ildırım vurması nəticəsində ölüb.

Rəsmi xəbər və məlumatlara diqqət yetirəndə son illər Azərbaycanda da ildırım vurma nəticəsində ölənlərin, yanğın hadisələrinin az olmadığı qənaətinə gəlmək olar. Yeniavaz.com saytı mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Bir müddət öncə Sumqayıt şəhəri, Kottec yaşayış massivində ildırım vurması nəticəsində vətəndaşa məxsus 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və digər otağın tavanı yanıb.

Zaqatalada 55 yaşlı kişi ildırım vurması nəticəsində dünyasını dəyişib. Hadisə rayonun Üçüncü Tala kəndi ərazisində baş verib. Kənd sakini İsa Bayramov səhər qoyunlarını otarmaq üçün yaxınlıqdakı sahəyə gedib. Bir neçə saat sonra qoyunların tək qayıtdığını görən oğlu, atasına zəng etsə də, cavab verən olmayıb. Həmin əraziyə getdikdə, sahənin ortasında atasının dünyasını dəyişdiyini görüb.

Qəbələnin Laza kəndində Yeddi sərpic adlı dağın ətəyində 250 qoyunu ildırımı vurub.

Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da şok keçiriblər.

Ucar rayonunda bədbəxt hadisə baş verib. Rayonun Bağman kənd sakini, 1990-cı il təvəllüdlü Qürbət İskəndərovu ildırım vurub. Hadisə zamanı onun yanında iki nəfər yaxın qohumu da olub. Şahidlərin sözlərinə görə, hadisə Qürbət İsgəndərov evinin yaxınlığındakı küçədə yağışdan qorunmaq məqsədi ilə söyüd ağacının altında durarkən baş verib. Güclü səslə müşahidə olunan ildırım vurmasından sonra Qürbət İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabadda daha bir ildırımvurma nəticəsində 35 yaşlı kişi həyatını itirib. Hadisə rayonun Göytəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 35 yaşlı Azər Qurbanov sahədə kartof suvararkən mobil telefonuna zəng gəlib. Danışmaq istədikdə onu ildırım vurub və o, hadisə yerində keçinib.

Mərhumun cəsədi yaxınları tərəfindən aşkar olunub.

Şəkidə fərdi yaşayış evini ildırım vurub.

Radələrində rayonun Cəyirli kəndində Nailə Məmmədovaya məxsus 2 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğına evə ildırım düşməsi səbəb olub. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Qobustan sakinini də ildırım vurub. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində Qobustan rayon sakini Əmirağa Səmiyev ildırım vurması nəticəsində ölüb.

Cəlilabadda isə ildırım düşməsi nəticəsində mağaza yanıb. Hadisə rayonun Adnalı kəndində qeydə alınıb. Rayon ərazisində güclü yağan yağışdan sonra güclü ildırım çaxıb. Nəticədə istifadəsiz qalan köhnə mağaza binası alovlanıb.

Zərdab rayonunda da ildırım düşməsi nəticəsində bir müddət öncə güclü yanğın baş verib.

Hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. Məhərrəm Məhərrəmova məxsus tövlədə güclü yanğın olub.

Ağdaşda ildırım vurması nəticəsində 1 nəfər dünyasını dəyişib. Hadisə rayonun Qaradeyin kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü kənd sakini Mənsur Məhərrəm oğlu Hüseynovu at belində xırdabuynuzlu heyvanları otararkən ildırım vurub. Nəticədə M. Hüseynov hadisə yerində dünyasını dəyişib. Hadisə vaxtı 1 at və 1 quzu da tələf olub.

Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) paylayıcı xəttini də ildırım vurmuşdu. Xəttə yaranmış qapanma nəticəsində paylayıcı stansiyada yanğın olmuş və İES-in blokları avtomatik olaraq açılmışdı.

Paylayıcı xəttin sıradan çıxması ilə Bakı şəhəri də daxil olmaqla, ölkənin bir çox regionlarının elektrik enerjisi ilə təchizatında fasilə yaranmışdı.

Ağdam rayon sakinini isə Daşkəsəndə ildırım vurub. 1990-cı il təvəllüdlü Quliyev Ceyhun Şirxan oğlu at üstündə qoyunları apararkən ildırım onu vurub. İldırım zərbəsinin gücündən atdan yerə yıxılan C. Quliyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişdi.

Gədəbəy rayonunda da faciə ilə nəticələnən təbiət hadisəsi baş verib. Rayonun Slavyanka kəndində yaşayan Nəsibə Vəliyeva həyətində ildırım vurması nəticəsində ölüb.

Bərdədə 50 yaşlı kişini ildırım vurub. Hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb.

Kənd sakini 50 yaşlı Mayıl Süleyman oğlu Süleymanov heyvanları örüşə çıxarıb. Bu zaman onu ildırım vurub. M. Süleymanov yerindəcə keçinib. O, ildırım çaxan zaman telefonla danışırmış.

Bakıda ildırım vurması nəticəsində Badamdar qəsəbəsinin içməli su təchizatında fasilə yaranmışdı. Buna səbəb qəsəbəni içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurması idi.

İldırım vurmadan necə qorunaq?

Əksər hallarda ildırım uca ağaclara, dəmir yollarında olan transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. İldırım meşələrdə ağacsız yerlər, yəni talalar istisna olmaqla heç vaxt torpağı vurmur, çünki ağaclar təbii ildırım ötürücü rolunu oynayır. İldırımın düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Əgər ağacın hündürlüyü 4 metr olarsa, onda həmin ağacdan 4 metr aralı dayanmaq lazımdır. Hündür ağacların boyu qədər məsafədə onlardan kənar dayanmaq lazımdır.

Yaz, yay aylarında ildırım düşmə halları qışa nisbətən daha çox olur.

Yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün bunlara diqqət etməlisiniz.

1. FHN-nin məlumatına görə, mənzildə olduqda bunlara diqqət yetirmək lazımdır:

- Qapı və pəncərələri bağlayın;

- Elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın;

- Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın;

- Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su elektrik keçiricisidir;

- Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir;

2. Küçədə olduqda:

- Açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır;

- Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur;

- Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır;

- Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın;

- Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın;

- Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur;

- Meşədə açıq sahədə çadır qurmayın;

- İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır;

- Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin;

- Təhlükə vaxtı üstü açıq nəqliyyat vasitələrini tərk edin;

- Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir;

- Yağışlı ildırımlı havada bayırda və evdə telefonla danışmayın;

- Təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın;

- Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa dərhal sudan sahilə çıxmağa çalışın;

- Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanın.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top