Azərbaycandan Qazaxıstana satılan ətlik at və qatırların sayı 6,6 dəfə artıb

Kənd Təsərrüfatı Nazirliyinın icmallaşdırma və statistik təhlil şöbəsi tərəfindən Azərbaycandan at əti ixracı imkanları ilə bağlı araşdırma aparılıb. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, at əti eyni zamanda Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələr başda olmaqla, müxtəlif Avropa ölkələrində ən çox istifadə olunan ət növlərindən biri hesab edilir. Regionda ixtisaslaşan qəssabxanalar və ətlik istiqamətdə yetişdirilən at cinsləri mövcuddur. Araşdırmada göstərilir ki, at əti dünyanın bir çox ölkəsində sevilən ərzaq məhsuludur. FAO-nun məlumatına görə 78 ölkədə hər il təqribən 741 min ton at və qatır əti istehsal edilir. İslam ölkələri (Orta Asiya istisna olmaqla) və İngilis dilli ölkələr isə at ətini istehlak etməyən ölkələr qrupuna aiddir. Dünya üzrə hər il təqribən 370 milyon dollar dəyərində at əti idxalı həyata keçirilir. Dünya üzrə ən böyük idxalatçılar qismində İtaliya, Belçika və Fransa çıxış edir ki, bu ölkələr də cəmi idxalın 50%-dən çoxunu reallaşdırırlar. Qlobal bazarda at ətinin orta idxal qiyməti bir ton üçün təxminən 3800 dollardır.

Azərbaycanda at (ətlik istiqamət üzrə) ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin ildə 1155 baş at ixrac olunub. 2017-ci ildə at ixrac 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş at olub. 2017-ci ilin göstəricilərinə əsasən Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac-satış qiyməti 148 dollar olub, ötən il müvafiq göstəricisi isə 141 dollar olub. Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan Qazaxıstana ixrac edilib. Bu ölkə hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir. Qazaxıstan həm də, at ətinin istehsal həcminə görə dünyada ikinci yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top