Ağstafalı qazi: "İcra hakimiyyətində adama dilənçi kimi baxırlar" - FOTOLAR


"Ağstafa rayon İcra Hakimiyyətində adama dilənçi kimi baxırlar".

Bu sözləri Yeniavaz.com-a müsahibəsində Ağstafa rayon sakini, ehtiyyatda olan baş-leytenant, qazi Nicat Hüseynov deyib.

O bildirdi ki, aprel ayının 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüş çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz problemlərini danışıb: "Aprel ayında mən də qazilərlə birgə Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşə getdim. Orada bizim problemlərimizi dinlədilər və maraqlanacaqlarını dedilər. Mən orada mənzil-məişət şəraitimin yaxşılaşdırılmasını və kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi istəmişdim. Sonra məni Ağstafa rayon icra hakimiyyətinə çağırdılar və bildirdilər ki, Heydər Əliyev fondundan onlara mənə kömək etmələri üçün məktub göndərilib. Bildirdilər ki, mənə mənzil verməyə imkanları yoxdur, torpaq sahəsini də yaşadığım kənddən 15 kilometr aralıda verdilər ki, oraya heç ayağı olan insanlar cətinliklə gedib-gələ bilər".

Qazi daha sonra məsələ ilə bağlı icra başçısının qəbulunda da olduğunu dedi: "İcra başçısının qəbulunda da oldum. Dedim ki, hər zaman bizdən nə istədiyimizi soruşursunuz və istəklərimi ona çatdırdım. Düzdür mənə dövlət tərəfindən maddi yardım göstərilir. Ancaq mən təsərrüfat üçün sahə və texnikanı öz ehtiyaclarımı özüm qarşılaya bilim deyə istəyirdim. Yenə də bir xeyri olmadı. Çünki həmin qurumda adama dilənçi kimi baxırlar".

N. Hüseynov kartof əkmək üçün istifadə olunan kənd təsərrüfatı texnikası almaq istəsə də onun bu istəyi də cavabsız qalıb: "Həmin texnikanı almaq üçün hazırda məndə 2500 manat var. Ancaq qalanına gücüm çatmır. Bu texnikanı da təsərrüfatla məşğul ola bilmək üçün istəyirəm. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində qəbulda oldum. Onlar da məni icra hakimiyyətinin kənd təsərrüfatı idarəsinə yönəltdilər. Amma yenə də heç bir şey etmədilər".

O həmçinin qazilərə də müraciət edərək onlarla birgə mətbuat konfransı keçirmək istədiyini deyib: "Mətbuat konfransı keçirmək və orada öz sözümü demək istəyirəm. Prezidentimizin və Mehriban xanımın verdiyi tapşırıqları yerlərdə icra etməyənlərlə və digər məsələlərlə bağlı danışmaq lazımdır".

Məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, 1989-cu ildə Qazax rayonunda doğulan Hüseynov Nicat Bəylər oğlu 2017-ci il yanvar ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən qazilik mərtəbəsinə yüksəlib.
 





Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top