Regionda ən bahalı mal ətini kimlər yeyir? - QİYMƏTLƏR


Son 6 ildə Azərbaycanda mal ətinin istehsalı 12%-dən çox artaraq 118,4 min tondan 132,9 min tona yüksəlib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, 6 il ərzidə ölkəyə idxal olunan mal ətinin miqdarı isə 2 dəfəyə yaxın artaraq 11,3 min tondan 21,2 min tona çatıb.
Ancaq istehsaldakı, idxaldakı artımlara və bu sahədəki mövcud rəqabət mühitinə baxmayaraq mal ətinin qiyməti son 6 ildə 40%-ə yaxın artıb.  2012-ci ildə 7,5-8 manata satılan mal ətin hazırda 10,5-11 manata satılır.
Məlumat üçün bildirək ki, region ölkələri arasında mal əti ən yüksək qiymətə İranda satılır. "numbeo" portalında yer alan məlumatda göstərilir ki, İranda mal ətinin 1 kiloqramının orta qiyməti 19,7 dollar təşkil edir.
Digər qonşu ölkə - Türkiyədə də mal ətinin qiyməti Azərbaycanla müqayisədə yüksəkdir. Bu ölkədə 1 kiloqram mal ətini 10,6 dollara almaq mümkündür.
Rusiyada da mal ətinin qiyməti Azərbaycanla müqayisədə bahadır - 7,5 dollar. Azərbaycanda isə mal ətinin qiyməti Ermənistanla eyni səviyyədədir. Hər iki ölkədə mal ətinin 1 kiloqramı  6,5 dollar təşkil edib.
Digər region ölkələrə gəldikdə isə Ukraynada mal ətinin 1 kiloqramının orta qiyməti 5,2 dollara, Qazaxıstanda və Gürcüstanda 5,3 dollara, Belarusda 6,4 dollara, Moldovada isə 5,1 dollara bərabərdir.
Onu da qeyd edək ki, "numbeo" portalında yer lan məlumatda mal ətinin ən baha satıldığı ölkə kimi İsveçra göstərilir. Bildirilir ki, bu ölkədə mal ətinin 1 kiloqramının orta qiyməti 50,1 dollara bərabərdir.
87 ölkənin yer aldığı siyahıda ən ucuz mal ətinin satıldığı ölkə kimi Pakistan göstərilib. Pakistanda mal ətinin 1 kiloqramı cəmi 2,9 dollar təşkil edib.  
 

DİGƏR XƏBƏRLƏR

Top