Milli Məclis əmək pensiyalarının artımına səs verdi

Milli Məclisin növbədənkənar sessiyasının hazırda davam edən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verərək bildirdi ki, layihəyə dəyişiklik əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlıdır.

H.Rəcəbli bildirdi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Komitə sədri qeyd etdi ki, bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub. H.Rəcəbli dünya təcrübəsi ilə bağlı araşdırmalar apardığını bildirdi. Qeyd etdi ki, bir il ərzində heç bir ölkədə əmək pensiyalarında belə yüksək faizlə artım olmayıb.

Deputat Əli Məsimli iclasda çıxış edərək artımları təqdir etdi. Eyni zamanda bəzi narahatlıqlarını da bölüşdü: “İnsanları həmişə bir məsələ narahat edir ki, əmək haqqı, pensiya artandan sonra qiymətlər də artacaq. Düzdür, müəyyən dərəcədə inflyasiya təzyiqi olacaq, ancaq o rəqəmlər çox kiçikdir. Lakin müvafiq qurumların süni qiymət artımına yol verməyəcəyinə inanırıq”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edildi. (musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top