Ağstafanın deputatı 7 nəfərin güllələndiyi hadisə ilə bağlı danışdı


Bu yolla "həll olunan" məsələ heç vaxt həll olunmur.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məclisin Ağstafadan seçilmiş deputatı Nizami Cəfərov 4 nəfərin ölümü ilə nəticələnən qan davası haqqında danışarkən deyib.

O, belə hallarla bağlı çox müraciət aldığını bildirdi: "Neçə illərdir ki, Ağstafanın deputatıyam. Bu hadisələr, proseslərin gedişi hər zaman mənim gözümün qabağında olub. Mənə də müraciət ediblər və mən də izah etməyə çalışmışam ki, qan davası söhbəti çox keçmişdə qalıb. Amma yenə də görünür ki, insanların təbiətində belə xüsusiyyətlər qalıb. Düzdür, bu çox nadir hallarda olan şeydir. Təsəvvür edin ki, bir vaxtlar XIX əsrdə, XX əsrin əvvəllərində bunlar adi şeylər idi. Artıq cəmiyyət inkişaf edib, amma yenə də o cür düşünənlər və hüquq-mühafizə orqanlarına müraciət etmək istəməyənlər var. Hələ də qan davası çəkənlər var. Dəfələrlə onlara məsləhətlər verilib, maarifləndirici tədbirlər aparılıb. Çünki tək bu deyil, daha bir neçə hallar ortaya çıxmışdı vaxtilə".

Deputatın fikrincə belə halların qarşısını almaq üçün məsləhət, tərbiyə və maarifçilik ön plana çəkilməlidir: "Əslində cəmiyyətin özü adamı tərbiyə edir. Cəmiyyətin özü müəyyən qanunlar, qadağalar qoyur. Hər kəs öz haqq-hesabını özü çürütsə, insan yaşaya bilməz axı. İntiqam hissi psixoloji haldır və o bütün ailəni bürüyür. Ona görə də bəzən heç məsələhət də kömək etmir, sağlam ağıl da yada düşmür. Hər halda qəbul edilməsi mümkün olmayan hadisədir. Amma yenə də qanunun gücündən istifadə etmək lazımdır. Məsləhət, tərbiyə və maarifçilik ön plana çəkilməlidir".

N. Cəfərov bildirdi ki, bu yolla həll edilən məsələlər heç vaxt həll olunmur: "İnsan hikkəsi ancaq o hallarda meydana çıxır ki, o təmkinlə hərəkət edə bilmir. Düzdür, bunların hamısı keçib gedəcək, amma həmin insanlar həlak oldu axı. Yəni onları geri qaytarmaq mümkün olmayacaq. Təbii ki, sonradan gələnlər biləcəklər və başa düşəcəklər ki, məsələni bu yolla həll etmək olmaz. Çünki bu yolla həll olunan məsələ heç vaxt həll olunmur. Bu nəsildən-nəsilə davaların davam etməsi deməkdir. Son olaraq isə onu deyə bilərəm ki, Allah ölənlərə rəhmət eləsin".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top