Azərbaycanı təhqir edən Solovyovun cavabını kim verəcək?


"Bu halın Rusiyanın dövlət kanalında baş verməsi heç nəyi dəyişmir, çünki Azərbaycanın torpaqlarını Rusiyanın özü işğal edib".
Bunu Yeniavaz.com - a açıqlamasında Milli Məclisin deputatı Araz Əlizadə Rusiyanın dövlət kanalında Azərbaycana qarşı törədilən təxribata münasibət bildirərkən deyib.

Xatırladaq ki, Rusiya Dövlət Teleradio Şirkəti - "Rossiya-1" də yayımlanan "Vladimir Solovyovla bir axşam" proqramında aparıcı Vladimir Solovyov Azərbaycanın əleyhinə fikirlər səsləndirib. Proqramın aparıcısı V. Solovyov ekspertlərə "Qarabağ kimin torpağıdır?" təxribatçı sualını ünvanlayıb. Vladimir Kovtun və digər ekspertlər Qarabağın Azərbaycana aid olduğunu bildiriblər. Ekspertlərin bu cür cavab verməsinə hirslənən V.Solovyov bildirib ki, "Siz Qarbağada nə qədər erməninin qəhrəmanlıqla döyüşdüyünü, orada nə qədər qanlar töküldüyünü bilirsiniz?" 

Onun sözlərinə görə, V. Solovyov ermənilərin çörəyini yeyir və buna görə də həmişə erməniləri müdafiə edir: "Əvvəla bu halın Rusiyanın dövlət kanalında baş verməsi heç nəyi dəyişmir, çünki Azərbaycanın torpaqlarını Rusiyanın özü işğal edib. Ermənilər ruslarla birlikdə torpaqlarımızı işğal ediblər. Xocalıda soyqrım törədən 366-cı moto-atıcı alay Rusiyanın alayı olub. Hələ Azərbaycan indiyə qədər Rusiyanın bu cinayətini ortaya qoymayıb. O ki qaldı Solovyova, o, Ara Aqanyanın (Rusiya erməniləri diasporasının rəhbəri) əlindən çörək yeyir. Buna görə də həmişə erməniləri müdafiə edir".

Millət vəkili bu halın baş verməsinin səbəbini isə özümüzdə görür: "Rusiya telekanallarında yayımlanan siyasi tok-şoulara öz nümayəndəmizi yerləşdirə bilməmişik. Ancaq bütün tok-şoularda azı 2-3 erməni iştirak edir. Tok-şoular başlayanda Azərbaycan səfirliyinə məktub yazmışdılar ki, siz öz nümayəndələrinizi göndərin. Bizim səfirlik cavab vermişdi ki, rusdilli politoloqumuz yoxdur. Başa düşürəm ki, Solovyov satqın və pula işləyən adamdır. Bəs bizim səfirlik nə işlə məşğuldur, başım çıxmır. Necə yəni rusdilli politoloqumuz yoxdur? Buna kim inanır? Odur ki, özümüzdən başlamalıyıq".

Deputat Fazil Mustafa isə məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycanın dövlət kanalında V.Solovyovun cavabı verilməlidir: "Bu, Rusiyada baş verən ikinci tərbiyəsizlikdir. Birincisi Fuad Abbasova qarşı edilən tərbiyəsizlik, ikincisi də məhz Solovyovun etdiyi tərbiyəsizlikdir. Ona görə də bu kimi halların genişlənməməsi üçün hər halda reaksiya vermək vacibdir. Ümumiyyətlə Solovyovun bu tərbiyəsizliyi birinci dəfə deyil. O, Ukraynanın suverenliyini müdafiə edən şəxsləri studiyadan qovmağı ilə də tanınır. XİN səviyyəsində olmasa da, Azərbayanın rəsmi kanallarında həmin şəxsi yerində oturdacaq cavab verilməlidir. Çünki bu şəxs əməlli-başlı müdafiə etdiyi qüvvələrin təbliğatçısına çevrilib. Biz də hər halda mümkün vasitələrlə onun yalanlarının ifşa olunmasına çalışmalıyıq".

Onun sözlərinə görə, V.Solovyovun belə rahat hərəkət etməsinə səbəb isə ona Rusiyada bu şəraitin yaradılmasıdır: "O ki qaldı bu halın Rusiyanın dövlət kanalında baş verməsinə, Solovyov "Nəcəfqulunun keçisi" kimi istənilən yerdə gedib kişmiş yeyə bilir. Ona görə ki, ona bu şəraiti yaradıblar. Bu məsələdə Solovyova onun metodu ilə cavab verilməlidir. Rusiyada olan diaspor təşkilatlarımız və digər qurumlar məsələyə münasibət bildirməli və öz kəskin mövqelərini göstərməlidirlər".

Millət vəkili Aqil Abbasın fikrincə, isə dövlət tərəfindən maliyyələşən jurnalistlərimiz və ziyalılarımız Rusiyaya göndərilməli və belə hallarda həmin şəxslərin cavabı verilməlidir: "Bu hal birinci dəfə deyil ki, baş verir. Tez-tez Rusiyanın kanallarında belə təxribatlar törədilir. Solovyov bir dəfə gəldi Azərbaycanda yedi-içdi, sonra da getdi bizi təriflədi. İndi də ermənilər yedirdib-içirdir, onların sözünü deyir. Bu hadisəyə həm XİN, həm də digər dövlət qurumları münasibət bildirməlidirlər. Çünki Rusiyada bizdən bu məsələyə münasibət bildirən heç kim yoxdur. Heydər Camal öldü, Fuad Abbasovu da sanki bir terrorçuymuş kimi deportasiya edirlər. İndi də oturub ermənilərlə özləri nə istəyirlər danışırlar. Cavab verəcək adamımız yoxdur. Gərək dövlət Azərbaycandakı rus dilini gözəl bilən jurnalistlərimizi və ziyalılarımızı maliyyələşdirsin ki, onlar da gedib Rusiyada həmin təxribatçıların cavabını versin".

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə də əlaqə yaratdıq. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirdi ki, XİN-dən məsələ ilə bağlı hər hansı bir açıqlama olmasa da, həmin verilişdəki ukraynalı ekspert aparıcının cavabını yaxşı verib: "Həmin o ukraynalı politoloq Solovyovun cavabını kifayət qədər yaxşı verdi. Solovyovun mövqeyi bizim hamımıza bəllidir. O birinci dəfə deyil ki, belə təxribatlara əl atır. Amma eyni zamanda ukraynalı politoloq çox gözəl şəkildə dedi ki, Ermənistan nəinki Ukraynanın tutduğu mövqeyi, eyni zamanda dünya ictimaiyyətinin əsasını təşkil edən 200 suveren dövlətin mövqeyini nəzərə almalıdır. Yəni bu o deməkdir ki, beynəlxalq ictimaiyyətin, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi hamı tərəfindən dəstəklənən birmənalı mövqedir. Ona görə də Solovyovun özü o sualı verməklə Ukrayna tərəfindən də cavabını almış oldu. Əgər XİN-dən məsələ ilə bağlı hər hansı bir açıqlama olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top