Rüşvət aldığı iddia edilən direktor danışdı: Kimə müraciət edirlər etsinlər


Həmin müəllimlərın hamısı bazar adamlarıdır, biri xəstədir, biri isə ümumiyyətlə təhsil işçisi deyil.
Bu sözləri  Yeniavaz.com - a açıqlamasında Qazax rayon Uşaq Gənclər Mərkəzinin direktoru Gövhər Rəhimova onun haqqında rüşvətxorluq iddiası qaldıran müəllimlər barəsində deyib.

Xatırladaq ki, Qazax rayonunda bir qrup müəllim Yenicag.az-a müraciət edərək Uşaq Gənclər Mərkəzinin (UGM) direktoru Rəhimova Gövhər Pesi qızının əməllərindən şikayət edib. Yusifova Xanım, Əmirxanova İsafət, Mustafayeva Kəsirə və Bayramova Xatının sözlərinə görə, direktor müəllimlərdən aylıq rüşvət alır və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir edir.

Onun sözlərinə görə, haqqında ittihamlar səsləndirən müəllimələr onlardan tələb olunan işi yerinə yetirmirlər: "Onlar əvvəlcə Texniki Yaradıcılıq Mərkəzində işləyiblər. Əmirxanova İsafət həyatı boyu bazarda alverlə məşğul olub. Mustafayeva Kəsirə "Sınıq körpü"də alverlə məşğul olub. Yusifova Xanım xəstədir və psixi problemləri var. Ümumiyyətlə o heç təhsil işçisi də deyil, pedoqoji təhsili yoxdur. Bayramova Xatın da həmçinin. Bunlar heç vaxt işləməyiblər. Ötən 1 il 7 ay ərzində bunlar bir dənə uşağı qabaqlarında oturtmayıblar. Bunlardan iş tələb olunur, işin öhdəsindən gələ bilmədikləri üçün də bu hay-küyü yaradırlar. Mən İsafətə dedim ki, sənin pensiyaya çıxmağına az qalıb, işləyə bilmirsən, zərəri yoxdur, necə olsa səni yola verərik. İsafət mənə zəng vurub deyir ki, mən də işə gəlməyəcəyəm, digər üç nəfərə də dəyməyəcəksən. Bunların dördü də müxalifətdir. Dövlətin əleyhinə işləyirlər".

Direktor müəllimələrdən birinə  onu döydüyü üçün cinayət işi açıldığını bildirib: "Rayon icra hakimiyyətinin başçısı çox ədalətli, çox düzgün bir icra başçısıdır. Bunlar ona da müraciət etmişdilər. O da bildirmişdi ki, direktor onlardan iş tələb edir, buyursunlar gəlib işlərini görsünlər. Əgər işin öhdəsindən gələ bilmirlərsə azad olunsunlar. Amma yenə də mən bir insan kimi, bir qadın kimi onlara rəhm etmişəm. Onların aldıqları heç 100 manat da deyildi. Onlardan kim pul istəyir? İsafət məni burada döydü, üzr istəyirəm üzümə də tüpürdü. İndi onun haqqında cinayət işi açılıb".

G. Rəhimova əlavə edib: "Kimə müraciət edirlər etsinlər. Bu günə kimi ediblər və cavablarını da alıblar. Onlar prokurorluğa da müraciət etmişdilər. Araşdırıldı və cavabları da verildi. Həmçinin, Təhsil Nazirliyinə və Prezident Aparatına da müraciət etmişdilər. Cavab yenə dəyişmədi. Mən də Gövhər müəlliməyəm, sakit durmayacağam".

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı isə Yeniavaz.com - a açıqlamasında həmin müəllimələrin ilk dəfə bu gün şöbəyə ərizə ilə müraciət etdiklərini deyib: "Bu gün həmin o dörd nəfər tərəfindən bizə şikayət ərizəsi ilə müraciət olunub. Biz də məsələ ilə bağlı komissiya təşkil etmişik və araşdırırıq. Ərizələrində bildiriblər ki, biz təhqir olunuruq və bizə imkan vermirlər işləyək, xahiş edirik tədbir görəsiniz. Biz də bu haqda araşdırıb tədbir görəcəyik".

Məsələ ilə bağlı Təhsil Nazirliyinə də müraciət etdik. Nazirliyin mətbuat katibi Cəsarət Valehovun sözlərinə görə, bu haqda məlumatsızdır: "Məndə bu haqda məlumat yoxdur. Amma onlar həqiqətən də belə bir müraciət ediblərsə, yəqin ki, araşdırılıb tədbir görüləcək".

Şahmərdan Əhmədli
 

DİGƏR XƏBƏRLƏR

Top