Dövlət öz üzərinə düşən yükü vətəndaşların çiyninə qoymaq istəyir - Təhsil eksperti


Orta ixtisas təhsili müəssisələrinə publik hüquqi şəxs statusu verməklə dövlət öz üzərinə düşən yükü vətəndaşların çiyninə qoymaq istəyir.

Bunu Yeniavaz.com-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu orta ixtisas təhsili müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, publik hüquqi şəxsin mənası pul qazanmaq deməkdir: "Publik hüquqi şəxs demək olar ki, iki il bundan əvvəl Azərbaycan mühitinə daxil olub. Publik hüquqi şəxsin mənası, loru dildə desək, pul qazanmaq deməkdir. Yəni bütün dövlət müəssisələri bizim maliyyəmiz, verdiyimiz vergilər əsasında formalaşdığı üçün dövlət müəssisələrinin vətəndaşlara göstərilən xidmət müqabilində pul almaq haqqı yoxdur. Amma ona publik hüquqi şəxs statusu verəndə artıq bu haqqı da qazanmış olurlar. Mən hesab edirəm ki, bu iki səbəbdən meydana gəlib. Birinci səbəb odur ki, orta ixtisas təhsili müəssisələrində dövlət xərcləri azaltmaq istəyir. Yəni öz üzərinə düşən yükü vətəndaşların çiyninə qoymaq istəyir. Halbuki, təhsil pulsuzdur və bu konstitusiyada təsbit olunmuşdur".

N. Qulamoğlunun fikrincə, nə ali, nə ümumtəhsil məktəblərinə, nə də orta ixtisas təhsili müəssisələrinə publik hüquqi şəxs statusu vermək olmaz: " Bu modeli bizim hökumətimiz bir dəfə Dövlət İmtahan Mərkəzi  üçün də tətbiq elədi. Mərkəzi çoxşaxəli bir qurum olduğu üçün bunu anlamaq olardı. Çünki Dövlət İmtahan Mərkəzi  təkcə imtahan götürmür, eyni zamanda o əmək bazarını formalaşdırmaq üçün də çalışır. Yəni Mərkəzdə imtahan verməklə əmək bazarına daxil olmaq olur. Bu nöqteyi nəzərdən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs statusunun verilməsi müəyyən qədər ağlabatandır. Amma qaldı ki, istər ali, istər ümumtəhsil məktəblərinə, istərsə də orta ixtisas təhsili müəssisələrinə bunların heç birinə publik hüquqi şəxs statusu vermək olmaz. Bu, Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Konstitusiyada açıq-aydın yazılıb ki, Azərbaycanda təhsil pulsuzdur. Bunların əgər pulu bitibsə, desinlər ki, "bizim pulumuz bitib ay camaat, gedin başınıza çarə qılın". Mən bunu konstitusiyaya zidd hesab edirəm".

Xatırladaq ki, “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Dəyişikliyə əsasən orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top