bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

GÜNDƏM

Azərbaycanda bioloji viruslar harada saxlanır?

22.04.2019 23:00 Oxundu 338

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir barmaqlıqlarla əhatələnmiş binanın hansısa tibb müəssisəsi olduğuna inanmaq çətindir. Dəmirdən hörülmüş torlu darvazanın yaxınlığında mühafizə xidmətinin əməkdaşları keşik çəkir.

Gəlişimizin məqsədini deyirik, yoxlamadan sonra telefonla məruzə edirlər. Qarşıda daha bir yoxlamadan keçirik, öyrənirik ki, yalnız kənar şəxslər deyil, vəzifəsindən asılı olmayaraq burada çalışanların hər biri giriş-çıxışda yoxlanılır. Burada olduğumuz bir neçə saat ərzində addım atdığımız hər otaqda təhlükəsizlik qaydaları, iş şəraiti bizi təəccübləndirir. Beləliklə, fəaliyyət göstərdyi 84 il ərzində ilk mətbu orqanı olaraq haqqin.az-ın əməkdaşları təhlükəli infeksiyaların yoxlanıldığı Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasındadır...

...Respublika Taun Əleyhinə Stansiya Azərbaycanda təhlükəli infeksiyaların yoxlanıldığı yeganə müəssisədir. Xüsusi təhlükəli infeksiyalarla “işləyən” digər laboratoriyalar kimi məxfi fəaliyyətinə görə həmişə maraq doğurub. Müasir standartlara uyğun avadanlıqlar, kadr potensialı və gücünə görə əksər inkişaf etmiş ölkələrin, o cümlədən bioloji silah istehsalı iddiası ilə bu yaxınlarda dünya mətbuatının gündəmində olan Gürcüstandakı Luqar laboratoriyasından irəlidədir. Stansiyada hazırda 50-yə yaxın xüsusi təhlükəli infeksiya yoxlanılır. Qurumda həm də elmi baza yerləşir, araşdırmalar aparılır, yeni mütəxəssislər hazırlanır. Stansiyanın əhalinin təhlükəsizliyi və sağlamlığı baxımından əhəmiyyəti həm də ondadır ki, ölkədəki infeksiya ocaqları nəzarətdə saxlanılmaqla təhlükəli xəstəliklərin yayılmasının qarşısı alınır.

Təhlükə - xüsusi qablarda

Nümunələrin qəbul bölməsinin girişindəyik. İçəriyə keçməyə icazə verilməsə də, direktor müavini Səbinə İbrahimova bizi məlumatlandırır. Bildirir ki, şöbədə yalnız xüsusi təlim keçmiş əməkdaşlar çalışır. Bu şöbə nümunələrin digər labarotoriyalara təhlükəsiz şəkildə ötürülməsinə cavabdehlik daşıyır. Gətirilən nümunələr birbaşa elektron qeydiyyat sisteminə daxil olur: “Nümunələr ümumi qapıdan qəbul edilmir, təhlükəsizlik üçün giriş ayrıdır. Təhlükəli infeksiya şübhəsi ilə gətirilən nümunələr qəbul bölməsində çeşidlənərək aidiyyəti laboratoriyalara ötürülür”.

İlk növbədə güman edilən infeksiya nümunəsinin tamlığına, qabın zədələnib-zədələnməməsinə diqqət yetirilir, bundan sonra müvafiq laboratoriyalara təqdim edilir.

Onu da öyrənirik ki, stansiyada onlayn buraxılış sistemi mövcuddur, bir şöbənin əməkdaşı digər şöbəyə, yaxud laboratoriyaya keçə bilməz. “Gördüyünüz bu kart digər şöbələr üçün keçərli deyil, məsələn, mühasibatlıqda işləyən əməkdaş laboratoriyaya istəsə belə daxil ola bilməz”, - direktor müavini izah edir.

“Telefonları təhvil ver, kosmetikanı sil”

Liftlə laboratoriyalara gedirik, içəridə şəkil çəkməyə icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq olunur. Telefonları qapının yanındakı xüsusi şkafda yerləşdiririk, bəzək əşyalarını çıxarırıq, kosmetikanı silirik. Öyrənirik ki, təhlükəsizlik üçün bunlar vacibdir, həm də xəstəliklərdən bir növ sığortalanmaqdır. Sonra xüsusi geyimlərlə içəri daxil oluruq. Diqqətimizi arakəsmələrlə ayrılan laboratoriyalarda çalışanların geyimi cəlb edir, bir şöbədə qırmızı, digərində göy, başqa birində yaşıl xalatlı əməkdaşlar çalışır.

Hər bölmədə ayrıca bioloji-təhlükəsizlik şkafları var - infeksiyaların ətraf mühitə dağılmaması, tökülməməsi üçün gətirilən nümunələr dərhal şkaflara yerləşdirilir. Laboratoriyada ayrıca təmiz zonalara və çirkli zonalara bölünməklə ayrıca otaqlar mövcuddur.

S.İbrahimova deyir ki, virusoloji laborotoriya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən akkreditasiyadan keçməyə hazırlaşır. Amma immunoloji laborotoriya bu ilin mart ayının 28-də akkreditasiyadan keçib. Laboratoriya ikinci bioloji- təhlükəsizlik səviyyəsinə uyğundur. Bu o deməkdir ki, laboratoriyada bir neçə hədsiz təhlükəli istənilən növ mikroblarla iş aparılır.

İmmunoloji laborotoriyanın əməkdaşı Səbinə Mütəllibova deyir ki, burada parazit, virus və bakteriyalar müayinə olunur. Məsələn, qızılca, məxmərək, bağırsaq infeksiyaları, rotovirus infeksiyaları immunoloji laboratoriyada yoxlanılır. Hər ay 100-ə yaxın, infeksiyaların daha çox yayıldığı mövsümlərdə isə hətta 200-dən çox müayinə nümunələri analiz edilir.

Mikrobioloji laborotiyanın həkimi Gülxar Cahanova isə xüsusi təhlükəli infeksiyaların bakteroloji müayinələrin aparıldığını söyləyir. Bildirir ki, brüselyoz, qarayara, hava-damcı və bağırsaq infeksiyaları ilə yanaşı, suyun, torpağın kliniki nümunələri yoxlanılır.

Virusoloji laboratoriyanın həkimi Şəfa Həsənova isə bildirir ki, bu bölmədə müasir virus və infeksion mənşəli kəskin respirator xəstəliklərin müayinəsi aparılır. Məsələn, qrip, qripəbənzər xəstəliklər, Ebola, SARS, ZİKA, taun kimi təhlükəli infeksiyalar yoxlanılır. Analizlərin cavabları isə cəmi 2-3 saata hazır olur.

Direktor müavini əlavə edir ki, laborator tədqiqatlar şöbəsində bütün biomühafizə və biotəhlükəsizlik qaydalarına riayət olunur. “Laboratoriyanın praktiki fəaliyyəti laboratoriya təhlükəsizlik qaydalarına, təlimatlarına və standart əməliyyat prosedurlarına əsasən aparılır”, - S.İbrahimova qeyd edir.

Stansiyada ayrıca, üçüncü bioloji təhlükəsizlik səviyyəsi olan laboratoriya da var. Burada canlı mikroorqanizmlər muzeyi mövcuddur. Muzeydə xüsusi təhlükəli və digər xəstəliklərin törədiciləri təkrar identifikasiya olunur, elmi tədqiqatlar məqsədilə saxlanılır.

İnfeksiyaların yayılmasının qarşısı necə alınır?

Stansiyanın daha bir funksiyası infeksiyaların yayılmasının qarşısını almaqdır, hətta bunun üçün məsuliyyət daşıyır. Xüsusi təhükəli xəstəliklərin epidemiologiya şöbəsi mövcuddur və bu şöbə respublika üzrə təhlükəli yoluxucu xəstəliklərə nəzarət edir. Bu haqda digər direktor müavini Rita İsmayılova məlumat verir:

“Əhalinin sağlamlığı baxımından stansiyanın nə qədər məsuliyyətli, bir o qədər də əhəmiyyətli fəaliyyətindən çoxları məlumatsız ola bilər. Məsələn, taun, tulyaremiya, qarayara və bu kimi təhlükəli infeksiyaların yayılmasının qarşısını məhz bu stansiya alır”.

Azərbaycanda taun və tulyaremiya xəstəliyinin ocaqları mövcuddur. Naxçıvanda, Zaqafqaziya düzənlik-dağətəyi ərazisində, eləcə də Zaqafqaziyada yüksək dağlıq ərazidə taun ocaqları var. “Tulyaremiyanın isə iki ocağı var. Stansiyanın mütəxəssislərdən ibarət zooqrupu tərəfindən bu ocaqlarda yaz və payız mövsümündə monitorinq keçirilir. Xəstəliyin ötürücüləri və daşıyıcıları olan siçanlar, gənələr, birələr üzərində nəzarət aparılır”, - R.İsmayılova qeyd edib. Onun sözlərinə görə, əgər daşıyıcılarda xəstəlik aşkarlanırsa, dərhal tədbirlərə başlanır. “Daşıyıcılar və ötürücülər arasında həmişə xəstəlik aşkarlanır, bizim stansiyanın işi məhz xəstəliyin insanlara keçməsinin qarşısını almaqdır. Uzun illərdir təhlükəli infeksiyaya yoluxma qeydə alınmır”.

İsmayılova tulyaremiya xəstəliyi ilə bağlı məlumat verir. Bildirir ki, kəskin təbii-ocaqlı infeksion xəstəlik limfa düyünlərinin, dərinin, bəzən gözlərin, əsnəyin və ağciyərlərin zədələnməsi ilə müşahidə olunur. Yüksək dağlıq və Aran bölgəsində tulyaremiyanın təbii ocaqları var.

Direktor müavini taun ocaqlarının ətrafında məskunlaşma ilə bağlı sualı da cavablandırır, belə ki, məskunlaşma zamanı stansiyanın rəyi öyrənilməlidir. “Abşeron yarımadasında, Zirə, Binə, Qala kəndləri ərazisində vaxtilə taun ocaqları olub. İndi orada məskunlaşma var, baxmayaraq ki, yoluxma yoxdur, biz maarifləndirici tədbirlərə ara vermirik”.

Pasientlər necə müraciət edə bilərlər...

Direktor Tahir Vəliyev isə deyir ki, sovetlər dönəmində stansiya birbaşa SSRİ Səhiyyə Nazirliyinin tabeliyində olub, taun xəstəliyi ilə bağlı bütün məlumatlar məxfi saxlanılıb. Hazırda stansiyanın 5 regional şöbəsi var və hər bir şöbə müasir standartlar əsasında qurulub. Stansiyaların fəaliyyəti laboratoriyalarda bioloji təhlükəsizlik qaydalarına, standart əməliyyat prosedurlarına əsaslanır. “Avadanlıqlar və ixtisaslaşmış kadrlara görə nəticələrdə yanılma ehtimalı belə yoxdur. Məhz buna görə də, xarici ölkələrdən də bizə müraciətlər daxil olur”, - direktor deyir.

Pasientlər də Respublika Taun Əleyhinə Stansiyaya müraciət edərək hepatit, məxmərək, qızılca, bağırsaq, tənəffüs orqanları infeksiyaları, qarayara və daha onlarla infeksiyalara qarşı nümunələri yoxlatdıra bilərlər. Necə ki, ölkəmizdəki əcnəbilərin çoxu məhz bu stansiyanın nəticələrinə etibar edir.

virtualaz.org