Azərbaycanlı taksi sürücülərini Gürcüstana aparıb sonra tutduran kimdir? - FOTO+VİDEO


İşlətdiyim taksiyə müştəri kimi minən şəxs atamı Gürcüstan polisinə tutdurub. O, avtomobilə gizlicə narkotik vasitə yerləşdirib.

Bunu Yeniavaz.com-a açıqlamasında Ağstafa rayon Dağkəsəmən kənd sakini Məmmədov Rahib Mehman oğlu deyib. Onun sözlərinə görə, atasının tutulmasına səbəb olan şəxs mütəşəkkil bir qruplaşmanın üzvüdür:

 “Bakı-Qazax istiqamətində “Mercedes” markalı BB-343-HB Gürcüstan dövlət nömrə nişanlı avtomobillə taksi sürücüsü kimi işləyirdim. Mart-ın 25-də Bakı avtovağzalında müştəri gözləyirdim. Gördüm bir nəfər yaxınlaşdı. Soruşdu ki, Qazağa gedirsən? Dedim hə. Daha sonra Gürcüstana gedib-getmədiymi soruşdu. Mən də dedim ki, maşın öz adıma olmadığı üçün sərhədi keçə bilmirəm, amma gözləsən iki nəfər də müştəri götürürəm gedərik. O, maşında başqa adam istəmədiyini söylədi. Razılaşdıq. 20 manat beh verdi, nömrəmi götürdü və dedi ki," zəng edəcəm sənə gəlib məni götürərsən".

2 saatdan sonra zəng vurdum, dedi ki, gəl Masazırdakı Gənclər Şəhərciyinə. Gedəndə gördüm ki, yanında bir adam da var. Mənə dedi ki, əvvəlcə sür “Meyvəli”yə (Sədərək Ticarət Mərkəzi), orada bir nəfərdən pul götürəcəm. Bu qardaş da orda düşəcək. "Meyvəli"də hər ikisi maşından düşüb aralandılar. Sonra həmin bu adam qayıdaraq maşında oturdu və yola düşdük. Dedi yolda saxlayarsan çay içərik. Sonra o yatdığına görə mən də saxlamadım, sürdüm. Goranboyda ayıldı, dedi ki, saxla çay içək. Çay içib yola düşdük. Gəncənin daxilində lükə düşdüm, maşının karburatoru dağıldı. Maşın ustası ilə danışdım, dedi gətir düzəldərik. Mən müştəriyə təkif etdim ki, gəl səni başqa maşınla yola salım get. Dedi ki, yox, biz yol yoldaşıyıq, problem deyil, gözlüyərəm səni. Təxminən 4-5 saat sonra məsələni həll edib yenidən yola düşdük. Şəmkirdən çıxanda atam Məmmədov Mehmana zəng vurdum. Dedim ki, mən yorğunam, gəl, sən get Gürcüstana. Sonra gəldim küçəmizin başına.


Maşını atama verib özüm evə getdim. Bir gün sonra öyrəndim ki, atamı narkotikə görə tutublar. Atamı görməyə getdik. Gömrükdəki kadrlardan da görünür ki, həmin adam heç postu keçməyib, geri qayıdıb. Onda başa düşdüm ki, həmin şəxs avtomobilə gizlicə narkotik vasitə yerləşdirib. Mayın 16-da Gürcüstanda atamın məhkəməsi olacaq. Onu 15 ildən 20 ilədək həbs cəzası gözləyir. 30-40 min pul verib onun cəza müddətini 2-3 ilə endirə bilərik”.

Qazax rayon Qarapapaq kənd sakini Etibar Həsənov bildirir ki, eyni hal onun da başına gəlib və bu işdən yaxasını qurtarmaq üçün evini satmalı olub:
“Bu hal 2017-ci il iyul ayının 14-də mənim də başıma gəlib. 20-ST-097 dövlət nömrə nişanlı qara rəngli “Mercedes”lə taksi xidməti göstərirdim. Eyni şəkildə mənə də beh verdilər və onları Xırdalan şəhərində, körpünün altında götürdüm. Mənim maşınıma özü ilə yanaşı 12 yaşlı qızı da mindi. Gömrükdə bu adam qızının əlindən tutaraq piyada keçidinə düşdü. Mən də hər iki gömrükdən keçdim. Dayandım və bunları gözləməyə başladım ki, gəlsinlər xəstəxanaya aparım. Elə bu vaxt Gürcüstan polisləri məni tutub öz avtomobillərinə saldılar. Heç nədən xəbərim olmadı. Mənə bir şey göstərib dedilər ki, avtomobilindən 0, 63 qram heroin tapılıb. Sonra da məni günahım olmadığı halda həbs etdilər. Dedilər ki, bizim dediyimizlə razılaşmasan, səni 8 ildən 12 ilədək həbs cəzası gözləyir. Yox əgər razılaşsan, bir il həbs olunacaqsan. 20 min də cərimə ödəyəcəksən. Məcbur razılaşdım. Evimi satdım, cəriməni ödəyib ailəmin yanına qayıtdım. Eyni hadisə başqalarının da başına gəlməsin deyə bu cinayətkar qruplaşmanın qarşısı alınmalıdır”.


 

DİGƏR XƏBƏRLƏR

Top