İntihar etdiyi deyilən həbsdə olan gizir haqqında RƏSMİ AÇIQLAMA


Həbsdə olan gizirin intihara cəhd etməsi xəbəri tamamilə əsassız bir məlumatdır.
Bunu Yeniavaz.com-a açıqlamasında Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.
Onun sözlərinə görə, məhkumun özü də belə xəbərlərin yayılımasından narahatdır: “Həbsdə olan gizirin intihara cəhd etməsi xəbəri tamamilə əsassızdır. Elə bir hal baş verməyib. Məhkumun özü də narazılığını və narahatlığını bildirib ki, onun barəsində belə yalan və əsassız məlumatlar yayılıb”.
Qeyd edək ki, hüquq müdafiəçisi Oktay Gülalıyev öz “Facebook” səhifəsində 1995-ci il təvəllüdlü, keçmiş hərbiçi Hüseynov İsmayıl İntiqam oğlunun, həbsdə ona göstərilən təzyiqlərə tab gətirməyərək intihar etməsi haqqında məlumat yayıb. Həmin yazını sizlərə təqdim edirik:
“Tərtər hadisələrinə görə həbsdə olan hərbçi özünə qəsd edib…
Şəkildə gördüyünüz bu əsgər Hüseynov İsmayıl İntiqam oğludur. 1995- ci il təvəllüdlü İsmayıl hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsi ilə işə başlayır. 2016- cı ilin aprel döyüşləri zamanı könüllü olaraq ərizə yazıb N saylı hərbi hissədə xidmət etmək üçün döyüş bölgəsinə gedir. 2016- cı ilin 28 iyulunda düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızda kəşfiyyatda olarkən düşmən postuna keçib bir yeşik (1400 ədəd) silah gülləsi, snayper silahı, optik nişangahı və 2 ədəd daraq 30 patronla gətirib. Rəhbərlik “vətənə belə oğullar lazımdır” deyib onu müxtəlif fərqlənmələrlə təltif edir. Amma deyir sən saydığını say, gör fələk nə sayır…
Bu hadisədən bir müddət sonra İsmayıl işdən azad olunur. 18 may 2017- ci ildə gecə saat 3 radələrində onu Gəncədə yaşadığı evdən gəlib Tərtərə aparırlar. O, Tərtər hadisələri ilə bağlı vətənə xəyanətdə ittiham olunaraq ağır və dəhşətli işgəncələrə məruz qalır. Ona verilən işgəncələri anası belə nəql edir: “…onu ayaqlarından asıb başını su ilə dolu qablara salıblar, sonra da suyun içinə elektrik cəryanı buraxıblar, dayanmadan onu bayılana qədər döyüb ağır işgəncə veriblər, bədəninə tok veriblər. Butulka, şılanqla, lomla zorlayıblar. Kişi cinsiyyət üzvlərinə tok qoşublar. 15 nəfər avtomatı başına dayayıb məcbur edib ki, erməniyə işlədiyini boynuna alsın. Şlanlqa suyu ağzına doldurub boğurmuşlar və s.”. Yanında əsgəri öldürüb “səni də bu günə salacayıq, sənədə imza at” deyiblər. Ona ağır işgəncələr altında saxta sənədə imza atdırıb məhkəmə önünə çıxarıblar. Qapalı məhkəmədə vətənə xəyanətdə ittiham edərək 15 il müddətə azadlıqdan məhrum ediblər…
Bu yaxınlarda İsmayılın kiçik qardaşı həbsxanada 3 gün onun yanında qalıb- ailə görüşündə . Bildirir ki, qardaşı aldığı mənəvi travmanı, işgəncələri unuda bilmir və səhər qədər çabalayaraq “məni boğmayın, öldürməyin” deyə qışqırıb sayıqlayıb…
Dünən ailə üzvlərindən aldığım məlumata görə vətəni canından artıq sevdiyi halda onu “vətənə xəyanətdə” ittiham etdiklərinə, Azərbaycan məhkəmələrində ədalət tapmadığına, çağırışlarına səs verilmədiyi üçün saxlandığı 12 saylı Cəza çəkmə müəssisəsində özünə qəsd edib. Damaralarını doğrayıb. Vəziyyəti ağırdır. Hadisə yerinə DTX əməkdaşları gəlib…
Dostlar, görürsünüzmü ölkəni, ordumuzu, əsgərlərimizi nə hala salırlar? Yəqin ki, baş verən bu hadisələrdən çoxlarınız məlumatsızsınız. Gəlin susmayaq, “vətənə xəyanət” adı altında əsgər və zabitlərimizə ağır, qeyri- insani işgəncələr verilməsinə, öldürülməsinə, ömürlük şiksət edilməsinə göz yummayaq. Günahı olsa belə hər bir şəxs qanun və insan ləyaqətinin alçaldılmayan formasında mühakimə olunmalıdır. Unutmayaq ki, bu Vətən bizimdir. Onun hər qarışı və hər bir əsgəri də bizimdir…”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top