Deputatdan nazirliyə SƏRT CAVAB: Yaxşı oxusunlar


Milli Məclisin deputatı Vahid Əhmədov Maliyyə Nazirliyinin Hesablama Palatasının hesabatı ilə bağlı ona qarşı ünvanladığı iradlara cavab verib.
Millət vəkili Yeniavaz.com-a verdiyi açıqlamada Maliyyə Nazirliyini hesabatı yaxşı oxumağa çağırıb.

Xatırladaq ki, V. Əhmədov Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirmişdi ki, Palatanın hesabatını ümumiləşdirəndə, ən çox nöqsan Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi ilə əlaqədardır.

Deputatın sözlərinə cavab olaraq, Maliyyə Nazirliyindən deyiblər ki, V. Əhmədovun ən çox nöqsan aşkarlanan qurumların siyahısında Maliyyə Nazirliyinin adını çəkməsi onun subyektiv yanaşmasıdır: "Palatanın 197 səhifədən ibarət olan 2018-ci il üzrə hesabatı ilə istənilən şəxs də tanış ola bilər və burda deputatın iddia etdiyi kimi Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur. Ona görə də deputat Vahid Əhmədovun bu mövqeyinə və düşüncələrinə, onun hansı faktlara və məntiqə söykəndiyinə şərh verməyi artıq hesab edirik”.

V. Əhmədov saytımıza deyib ki, Hesablama Palatasının qeydində dövlət zəmanəti ilə verilən kreditlərin vaxtında qaytarılmaması və bununla əlaqədar müəyyən iradlar yer alıb: "Hələ birini deyirəm, orada başqa iradlar da var. Hesablama Palatasının rəyini göstərsən, ağız açıq qalar. Hələ biz ikisini-üçünü deyirik. Yaxşı olardı ki, Maliyyə Nazirliyində Hesablama Palatasının hesabatını yaxşı oxusunlar. Palatanın qaldırdığı nöqsanları vaxtında aradan qaldırsınlar".

Məftun Salmanov

DİGƏR XƏBƏRLƏR

Top