Ramil Usubova "dəvədən böyük fil var" deyən sabiq deputatın qəzeti bağlandı


Azərbaycanda daha bir qəzet ləğv olunduğunu elan edib.
Yeniavaz.com "Vergilər" qəzetində yer alan elana istinadən bildirir ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçısi 4a, mənzil 85 ünvanında yerləşən "Qadın Dünyası" qəzeti ləğv olunduğunu bildirib.
Məlumat üçün bildirək ki, "Qadın Dünyası" qəzeti 1999-cu ildə təsis olunub və qanuni təmsilçisi 2005-2010-cu illərdə Milli Məclisin deputatı olmuş Lalə Abbasova olub.
Onu da bildirək ki, Sabiq millət vəkili Lalə Abbasova 1955-ci il iyunun 9-da  Xaçmaz şəhərində anadan oub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Qadın və tərəqqi" ictimai birliyinin sədridir. 1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışıb. 2000-ci ildən "Qadın Dünyası" qəzetinin baş redaktorudur.
Xatırladaq ki, Lalə Abbasovanın adı bir-sıra qalmaqallarda hallanıb. Millət vəkili olan zaman mətbuata verdiyi açıqlamada Lalə Abbasova qeyd edib ki, Xaçmazda bir seçicim problemlə üzləşmişdi: "Mən rayon polis şöbəsinin rəisinə zəng edərək həmin qadına kömək etmələrini xahiş etdim. Polis rəisi isə əvəzində mənimlə çox kobud davrandı. Daxili işlər naziri ilə görüşüb işçisinin hərəkətinə etirazımı bildirdim. Nazir Ramil Usubov isə əvəzində "mənim işçim elə söz deyə bilməz" cavabını verdi. Mən də nazirdən "bəs mən yalan danışıram?" deyə, soruşdum. O da “sən müxalifətsən” dedi. Belə mübahisəmiz yarandı. Mənə “gedə bilərsiniz” deyəndə ona “dəvədən böyük fil var” məsəlini xatırladıb qapıdan çıxdım".
Lalə Abbasova ilə bağlı daha bir qalmaqalı hadisə 2009-cu ildə baş verib. İsrail hökumətinin fələstinlilərə qarşı yeritdiyi siyasətə etiraz əlaməti olaraq Azərbaycan parlamentinin deputatı Lalə Abbasova Azərbaycan - İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlüyündən imtina edib. Sabiq millət vəkili o zaman bəyan etmişdir ki, bu addım İsrail hökumətinin apardığı siyasətə qarşı mənim etirazımdır: "Yəhudi xalqına hörmətim var, lakin İsrail hökumətinin dinc əhalini məhv etməsini heç cür qəbul edə bilmərəm. Heç kimin ixtiyarı yoxdur ki, körpə uşaqların yaşamaq haqqını əlindən alsın“.

DİGƏR XƏBƏRLƏR

Top