"Azərbaycanda iş qurmağa gələn əcnəbi əziyyət çəkib bizim dilimizi öyrənməlidir"


"Xarici vətəndaşlar Azərbaycanda yaşayıb pul qazanırlarsa, dilimizi, adətlərimizi bilməli və hörmət etməlidirlər"


Son illər Azərbaycanda bir çox valideynlər övladlarının rus və ya ingilis dilində təhsil almasını istəyirlər. Buna səbəb kimi isə dil biliyi zəngin olanların dünyaya çıxışının, həmçinin iş tapmağın, karyera qurmağın daha asan olması göstərilir. Nəticədə Azərbaycan dilini bilənlərin sayı azalır və bu da gələcəkdə dilimizi təhlükə altına salır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Babayeva Sputnik Azərbaycan-a müsahibəsində bu barədə ətraflı danışıb:

- Azərbaycanda rus və ingilis dilli məktəblərdə təhsil alanların sayı sürətlə artır. Səbəb olaraq da işə qəbul zamanı xarici dil bilgisi olanlara üstünlük verilməsi göstərilir. Proses sizidə hansı təəssüratı yaradır?

- Bu fikirlə razılaşmıram və qəti olaraq bunun əleyhinəyəm. Əgər bu gün valideynlər belə düşünürsə və bu addımı atırlarsa, deməli yaxın gələcəkdə Azərbaycan dili məhvə doğru gedəcək. Axı Azərbaycan dili dünyada ən zəngin dillərdən biridir. Biz uşaqlarımızı başqa dildə öyrətsək, kim Azərbaycan dilində danışacaq?! Düşünürəm ki, əksinə, xaricdən gələnlər Azərbaycan dilini öyrənməlidirlər. Biz Yaponiya, Almaniya və ya hansısa xarici ölkəyə gedib, orada şirkət açsaq, Azərbaycan dilində danışa bilərik? Əlbəttə ki, yox. Ona görə də Azərbaycanda iş qurmağa gələn əcnəbi əziyyət çəkib bizim dilimizi öyrənməlidir. Bizim uşaqlarımız xarici dil bilməlidirlər, amma mütləq əvvəlcə öz doğma dilimizi öyrənməlidirlər.

- Xaricdə iş quran şəxs birinci o ölkənin dilini öyrənir, sonra orada şirkətini açır. Bizdə isə əksinədir. Şirkət sahibi azərbaycanlılardan onun dilində mükəmməl səviyyədə bilməyi tələb edir...

- Burada insanların hüquqları tapdanır. İnvestor bizim dilimizi, mədəniyyətimizi qəbul etməlidir, millətimizə hörmət etməlidir. Buna isə əlaqədar qurumlar ciddi nəzarət etməlidir. Həmçinin, vətəndaş olaraq hər birimiz buna diqqət etməliyik. Mənim yaxın qohumum bir şirkətdə tərcüməçi işləyirdi. Müdiri bir gün ayağını masanın üstünə qoyub nahar edirmiş. Qohumum süfrədən qalxaraq buna etiraz edib, müdirinin ayağına vuraraq aşağı salıb. Və ona deyib ki, "belə oturaraq nahar etmək olmaz, biz çörəyə dəyər verən xalqıq, çörək olan süfrəyə ayaq qoymazlar". İngiltərə vətəndaşı olan müdiri təəccüblənib və üzr istəyib. Deməyim odur ki, xarici vətəndaşlar Azərbaycanda yaşayıb pul qazanırlarsa, dilimizi, adət-ənənələrimizi bilməli və hörmət etməlidirlər.

- Etiraf edək ki, özümüz də danışıq zamanı bir çox qüsurlara yol veririk. Bu qüsurları necə aradan qaldırmaq olar?

- Əslində, bu problem uşaqlardan yox, böyüklərdən qaynaqlanır. Çünki uşaq valideyninə baxır və onun kimi danışır. Ətraflarında olan insanların elə danışdığı üçün uşaqlar da elə bilirlər ki, normal halda belə danışmaq lazımdır. Valideynlərdən əlavə, bağçada tərbiyəçilər, məktəbdə, universitetdə müəllimlər də evdə qüsurlu danışırlar. Ona görə biz öz danışığımızı düzəltməyənə qədər uşaqlardan qüsursuz danışıq tələb edə bilmərik.

- Televiziya və radio kanallarımızda dilimiz necə qorunur?

- Azərbaycan Dövlət Televiziyasından başqa heç bir telekanalda dil normativləri qorunmur. Ləhcə ilə danışan kim, "c", "ç" səsləri ilə veriliş aparan kim. Radiolarımızda da eyni vəziyyətdir, daha çox "eee", "aaa" pauzaları ilə danışırlar. Bu da mütaliənin az olması ilə bağlıdır. Aparıcı, efir adamı daim mütaliə etməlidir ki, dili zənginləşsin.

- İndiki gənclərimizdə sizi əsasən nə qane etmir?

- İndiki gənclər teatrlara getmirlər, gedəndə də bir sıra məsələlərə diqqət etmirlər. Nəyə baxdıqlarını, kimlərin oynadığını, niyə oynadığını bilmirlər. Məhz ona görə də inkişaf etmirlər. Məktəblərlə teatrlar arasında sıx bağlantı olmalıdır, müəllimlər uşaqlarla baxdıqları tamaşaları müzakirə etməlidirlər. Əks halda, bu problemi həll etmək mümkün olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top