Əli Əhmədov: “Əli İnsanovun əfv olunması mənim üçün tamamilə gözlənilməz oldu”


Azərbaycan Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncam 400-dən artıq insana şamil edildi. Bu, Prezidentin böyük humanizmindən xəbər verir.

Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov bunu “Facebook”da paylaşdığı “Prezidentin humanistliyi və Əli İnsanova verilən şans” adlı məqaləsində yazıb.

Baş nazir müavininin sözlərinə görə, azadlıqdan məhrum edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovun Prezidentin əfv sərəncamına salınması onun üçün tamamilə gözlənilməz olub: “Sonrakı müşahidələrim göstərir ki, onun azadlığa çıxmasına belə reaksiya tək mənə mənsub deyil. Çoxları bu cür düşünür. Söhbət əsla qeyri-humanistlikdən getmir və gedə bilməz. Hər bir azərbaycanlı hörmətli Prezident İlham Əliyevin humanizmini yüksək qiymətləndirir, o cümlədən onun müxtəlif dövrlərə təsadüf edən çoxsaylı əfv aksiyalarına böyük dəyər verir. Dövlət başçısının humanist dəyərlərə sahib olması həqiqətən əvəzolunmaz nemətdir və insanlar onun böyük faydasını görürlər. Xalqımızın əziz bayramı Novruz ərəfəsində yüzlərlə ailənin sevincinin qazanılması məhz elə Prezidentin böyük humanizminin nəticəsidir. Elə adam tapmaq mümkün deyildir ki, böyük əfv sərəncamına görə Prezidentə minnətdarlığını ifadə etməsin. Çünki törətdiyi əməllərə görə qanuni əsaslarda azadlıqdan məhrum edilmiş insanları əvf etmək müstəsna olaraq Prezidentin səlahiyyətindədir”.

 

Ə.Əhmədov yazır ki, elə buna görə də kimliyindən, siyasi düşüncəsindən və s. baxışlarından asılı olmayaraq azadlığa çıxanların hamısı Prezidentin humanist addımını lazımınca qiymətləndirə bildi. Daha doğrusu, malik olduğu insani keyfiyyətləri nümayiş etdirmiş oldu: “Lakin bir nəfər istisnadır. Keçmiş səhiyyə naziri Əli İnsanov azadlığa çıxan kimi ona azadlığı bəxş etmiş Azərbaycan Prezidentinə təşəkkür etmək əvəzinə fərqli ünvanlara üz tutmağa üstünlük verdi. Beləliklə də, adi mənəvi insani dəyər anlayışına, formal da olsa əməl etməyə lüzum görmədi. Prezidentin böyük humanizmi əvəzində sadəcə minnətdarlıq etmək kimi insani borcunu ödəməyi bacarmadı. Əlbəttə, bu da bir əxlaqdır və açığını deyim, heç də müsbət keyfiyyət kimi qiymətləndirilə bilməz. Məsələnin mahiyyətinə gəldikdə, mənim bildiyimə görə, əsl həqiqət bundan ibarətdir ki, keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxarılmasını, onun özünün dediyinin tam əksinə olaraq, heç bir beynəlxalq təşkilat xahiş etməyib və bu mənada onun bəzi xarici dövlətlərə və beynəlxalq təşkilatalara minnətdarlıq etməsi, yumşaq desək, tamamilə yersizdir. Korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda suçlanaraq azadlıqdan məhrum edilən birisini müdafiə etmək heç bir beynəlxalq təşkilatın ağlına belə gəlməz. Əli İnsanovun azadlığa çıxması məhz elə haldır ki, o, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və böyük humanizmi sayəsində reallaşıb. Bunu bilməmək, qiymətləndirməmək nəinki səhvdir, həm də hesab edirəm ki, böyük qəbahətdir. Onu da qeyd edim ki, bu fikri çoxları bölüşür.

Əli İnsanov hər dəfə ciddi suçlarına görə qanunla cəzasını alıb. Mən onun əməllərinə hüquqi qiymət vermək istəmirəm. Hüquqi qiymət məhkəmə tərəfindən verilir. Ancaq onun suçunun mənəvi tərəfi də var. Bunun da adı Heydər Əliyev yoluna xəyanətdir. Azadlığa çıxan kimi verdiyi bəyanatlar deməyə əsas verir ki, o, əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır. Heydər Əliyev yoluna sadiq olan insanlar bu xəyanəti ona bağışlamırlar və heç zaman bağışlamayacaqlar”.

Ə.Əhmədovun fikrincə, Əli İnsanovun digər səhvi özünü Qərbi Azərbaycanlıların ağsaqqalı elan etməsidir: “Açığı, sözügedən çoxsaylı toplum heç zaman onu özünə ağsaqqal seçməyib. Zamanında Qərbi Azərbaycanlıların lideri Heydər Əliyev idi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan xalqının lideri sözügedən toplumun da şəksiz lideridir. Qərbi Azərbaycan əsilli insanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər, onu qətiyyətlə müdafiə edirlər, yolunda və uğrunda hər cür fədakarlıq göstərməyə hazırdırlar...”.

DİGƏR XƏBƏRLƏR

Top