Faizlər aşağı olsa da, insanlar dollarla kredit götürməyə maraqlı deyillər - RƏQƏMLƏR


Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 11,9% olub. Bu göstərici Bakı şəhərində 10,1% təşkil edib. 
Yeniavaz.com Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayının əvvəlində kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə artıb, Bakı şəhəri üzrə isə azalıb. Belə ki,  ötən ilin fevral ayının əvvəlində kreditlər üzrə orta faiz dərəcəsi ölkə üzrə 11,8%, Bakı şəhəri üzrə isə 10,7 faiz olub.
Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 25,2% və 23,9% olub. Ən aşağı faiz dərəcəsi isə Naxçıvan iqtisadi rayonunda (9,9%)  müşahidə olunub.
Banklar tərəfindən verilən kreditlərin 8 milyard 63,5 milyon manatı milli valyutada, 4 milyard 821,1 milyon manatı isə xarici valyutada olub. Milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 14,4%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 7,9% olub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artıb, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 1,8 faiz bəndi azalıb.
Məlumat üçün onu da bildirək ki, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi manatla verilən kreditlərin orta faiz dərəcəsindən aşağı olsa da, insanlar daha çox manatla kredit götürməyə üstünlük verirlər. Belə ki, son bir ildə xarici valyuta ilə verilən kreditlər 1,6% və ya 74,8 milyon manat artdığı halda, manatla verilən kreditlər 16,8% və ya 1 milyard 163,7 milyon manat artıb.

DİGƏR XƏBƏRLƏR

Top