Deputatların maaşı artıb, yoxsa yox? - Bu sualın ƏN DƏQİQ CAVABI


Son bir neçə gündür sosial şəbəkə istifadəçiləri arasında və ölkənin bir-sıra xəbər saytlarında millət vəkillərinin maaşının artması ilə bağlı məlumatlar yayılır. Yeniavaz.com xəbər verir ki, yayılan məlumatlar adının çəkilməsini istəməyən bir deputat köməkçisinə istinadən paylaşılır.
İddia olunur ki, parlament sədri 7424 manat (əvvəl - 3 712 manat), sədrin birinci müavini 6680 manat (əvvəl - 3 340 manat), sədrin müavini 6308 manat (əvvəl - 3154 manat), komitə sədri: 5940 manat (əvvəl - 2970 manat), komitə sədrinin müavini 5568 manat (əvvəl - 2 784 manat), sıravi deputat isə 5196 manat (əvvəl - 2 598 manat) maaş alır. 
Maraqlıdır ki, yayılan bu məlumata münasibət bildirən millət vəkillərinin aydın olmayan açıqlamaları insanlar arasında çaşqınlıq yardır. Məsələn, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Yeni Müsavat"ın əməkdaşının ona ünvanladığı "Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?" sualına belə cavab verib:
- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...
Digər xəbər saytları da, Elm və təhsil komitəsi sədrinin bu açıqlamasını "Deputatların maaşının artırılması xəbəri təsdiqləndi" başlığı ilə yenidən tirajlayıblar.
Maraqlı məqam isə odur ki, bu xəbəri tirajlayan xəbər saytları və eyni zamanda da bu məsələyə münasibət bildirən şəxslər görünür ki, millət vəkillərinin maaşlarının necə təyin oldunduğundan xəbərsizdilər.
Məlumat üçün qeyd edək ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir. Həmin maddədə açıq şəkildə yazılır:
- Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
- Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.
- Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.
- Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
 - Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Qanundan belə görülür ki, millət vəkillərinin aylıq vəzifə maaşı + aylıq pul təminatı yuxarıda iddia olunan rəqəmlərdən fərqli olaraq aşağıdakı kimidir və bu qanuna sonuncu dəfə 4 may 2018-ci il tarixində dəyişiklik edilib:
Parlament sədri -  2475 + 1237,5 manat (Cəmi 3712,5 manat)
Sədrin birinci müavini - 2227,5 + 1113,75 manat (Cəmi 3341,25 manat),
Sədrin müavini - 2103,75 - 1051,87 manat (Cəmi  3155,62 manat),
Komitə sədri - 1856,25 + 928,12 (Cəmi 2784,37),
Sıravi deputat isə - 1732,5 + 866,25 (Cəmi 2598,75 manat)

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top