Ekspert: "Dövlət şirkətləri məhsulun maya dəyərini əsas olmadan artıra-artıra gedirlər"


"Azərbaycanda kommunal sektorda özəl şirkət olan “Barmek” nümunəsi var. Məhz bu şirkət xeyli yaxşı nümunələri, o cümlədən müştərilərə xidmət nümunəsini qoyub getdi".
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
Ekspert qeyd edib ki, “Barmek”in idarəçiliyi dövründə elektrik enerjisini qiyməti hər kilovatt üçün dövlətin müəyyənləşdirdiyi 2 qəpik səviyyəsində saxlanmışdı: "Qiymət artımı isə elektrik şəbəkəsi dövlətin idarəçiliyinə qaytarıldıqdan sonra baş verdi. Daha sonra nə baş verdi? Bir tərəfdən dövlət büdcəsində yüz milyonlarla məbləğdə subsidiya ayrılmağa başladı, digər tərəfdən enerjinin qiyməti qalxmaqda davam etdi və bundan sonra da artmağa davam edəcək. Sonda da alınmış borclar dövlətin üzərinə yükləndi. Analoji misalı bəzi redaktələrlə digər sektorlar üzrə da çəkmək olar. Dövlət şirkətləri məhsulun maya dəyərini əsas olmadan artıra-artıra gedirlər, dövlət büdcəsi isə onlara ayrılan xərclər hesabına getdikcə şişir. Kim zəmanət verə bilər ki, dövlət şirkətlərində 1 işçi yerində 3 nəfər işləmir, 1 maşın əvəzinə 3 maşın alınmır? Bəlkə onlar xərclərə qənaət məqsədilə ən ucuz maşını alırlar? Axı bütün bunlar məhsulun maya dəyərində oturur və sonda qiymətin artması üçün əsas yaradır. Dövlət şirkətləri olan yerdə rəqabət olmur və göstərilən xidmətlərin keyfiyyəti aşağı olur. Ən azı yaşadığım Xırdalanda bunu qaz, işıq və zibilin daşınması timsalında görürəm. Sabah kommunal və digər sektorlar özəl, xüsusilə xarici şirkətlərin idarəçiliyinə verilsə, dövlət xarici borcların ödənilməsini üzərinə götürməyəcək, onlar üçün infrastruktur qurmaq məcburiyyətində qalmayacaq. Xidmətin qiyməti isə dövlət tərəfindən tənzimləndiyindən onun qiymətinin qalxmasından danışmağa dəyməz. Bunun qarşısını almaq üçün subsidiyalaşma mexanizmlərini işə salmaq olar. Əgər misal məişət tullantılarını emal edən poliqonun üzərinə gəldisə, qeyd edim ki, onu dövlət hələki öz mülkiyyətində saxlaya bilər, amma onların daşınmasını icra hakimiyyətlərindən alıb özəl sektora, o cümlədən bələdiyyələrə verilsə daha səmərəli olar. Kommunal xidmətlərin xarici şirkətlərin idarəçiliyinə vermək təcrübəsi qonşularımızda var və onlar bunun üçün heç də Avropa ölkələrindəki qədər pul ödəmirlər".
 

DİGƏR XƏBƏRLƏR

Top