Qaçırdığı xanımı öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb


15 gündür qaçırdığı xanımı öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb​.

Yeniavaz.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

DİGƏR XƏBƏRLƏR

Top