Şairə Nurəngiz Günün xatirəsinə həsr edilmiş tədbir keçirilib​ - FOTOLAR


Dekabrın 19-da Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb. Bildirilib ki, tanınmış poeziya ustasının ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi onun bütün şeirlərinə nüfuz edib. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədir. Şairə torpağını, xalqını, millətini sevən bir ziyalı idi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar unudulmaz şairənin yaradıcılığından və insani keyfiyyətlərindən söz açıb. Anar vurğulayıb ki, ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Gün hər zaman istedadlı şair, publisist və gözəl insan kimi tanınıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan istedadlı şairin şeirlərində qəm və kədər notları üstünlük təşkil edir. Onun şeirlərindəki kədər motivlərinin xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlandığını söyləyən Anar qeyd edib ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açıb. O, xalqının başına gətirilən bu müsibətləri öz başına gətirilən müsibətlər kimi dərk edirdi. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.
Çıxışlardan sonra şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.


Mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları şairənin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda şairə Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
(Azərtac)

DİGƏR XƏBƏRLƏR

Top