"Apreldə keçiriləcək imtahandan DİM 383 440 manat qazanacaq"

2017-2018-ci tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə qəbul üçün sənəd qəbulu və imtahanlar prosesi başlayıb. Yaxın günlərdə hansı imtahanlar gözlənilir? "Yeniavaz.com"a bu haqda məlumat verən təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, cari ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçriləcək növbəti imtahan orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından olacaq: "Bu pilləyə qəbul olmaq üçün iştirakçılar iki mərhələdən ibarət imtahan verəcəklər. Artıq aprel ayının 4-ü saat 23-59-da orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul üçün elektron ərizə qəbulu başa çatıb. Onlar 16 aprel 2017-ci ildə imtahanda iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinin ümumi orta təhsil bazasında sənəd vermək istəyən abituriyentlərin sayı cari ildə DİM-in rəsmi saytına görə təsdiq edilmiş ərizələrin sayı Azərbaycan bölməsi üzrə 18511, rus bölməsi üzrə 661 və ümumilikdə 19172 nəfər təşkil edir".

Bəs orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necədir? Bu suala isə ekspert cavabında bildirdi ki, ümumi orta (9-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər: "Tam orta (11-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər də kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Həm cari ilin, həm də əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər. Əgər ərizə qəbulunda iştirak etməsələr onlar bu pillə üzrə hətta yüksək bal toplasalar da, ixtisas seçimində iştirak edə bilməyəcəklər. Çünki, onlar iştirak edəcəkləri imtahan buraxılış imtahanı kimi qiymətləndiriləcək".

Kamran Əsədovun sözlərinə görə, tam orta (11-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları buraxılış imtahanına uyğun qaydada ayrıca qəbul imtahanı verməli və müsabiqədə bu imtahanın nəticələri əsasında iştirak etməlidirlər: "11 illik bazadan bu V qurup hesab edilir. 9 illik bazadan əvvəlki illərdə sənəd verən abituriyentlərin sayı və qaəbul plan yeri necə idi? 2014-cü ildə bu pillədən kolleclərdə təhsil almaq, imtahanda iştirak etmək üçün 14925, 2015-ci ildə 12942 2016-cı ildə 13039 abituriyent qeydiyyatdan keçmişdi. 2013-cü ildə plan yerləri 13957, 2014-cü ildə isə 9601, 2015-ci ildə 8928, 2016-cı ildə 9459 plan yerdən ibarət idi. Bu il əvvəlki illərlə müqayisədə 9 illik bazadan imtahanda iştirak etmək istəyənlərin sayında artım var. Bunun səbəbi nədir və bu imtahanda Dövlət İmtahan Mərkəzi nə qədər gəlir əldə edəcək? Bu ildən etibarən DİM tarif şurası ilə bərabər keçirəcəyi imtahan qiymətlərində kəskin dəyişiklik etdi. Bu da müxtəlif pillələr üzrə imtahanda iştirak edənlərin sayına təsir göstərdi. Əgər yuxarı pillələrdə iştirakçıların sayında kəskin azalma nəzərə çarpırdısa , ümumi orta təhsil bazasında sayda artım oldu. Bunun səbəbi əlbətdə ki, bu pillədən imtahanda iştirak etmək üçün tələb olunan məbləğin digərləri ilə müqayisədə azlıq təşkil etməsidir. Belə ki, ümumi orta təhsil bazasından imtahanlarda iştirak etmək üçün iddiaçı 20 manatından keçməlidir. Digər imtahanların qiymətlərinin bundan iki dəfə baha olması, bu pillənin ucuz olması bura müraciət edənlərin sayına təsir göstərdiyini düşünürəm. Bu il 9 illik bazadan kolleclərə qəbul olmaq üçün sənədlərini təstiq edənlər 19172 nəfər təşkil edir. Onların hər birinin imtahanda iştirak etmək üçün 20 manat ödədiyini nəzərə alsaq, 16 apreldə keçriləcək imtahanın birinci mərhələsindən DİM 383 440 manat qazanmış olacaq. Qeyd edim ki, əvvəlki illərdə bu pillədə qəbul imtahanlarında iştirak pulsuz idi".

DİGƏR XƏBƏRLƏR

Top