Tarixə düşəcək oyun

Futbol üzrə Avropa Çempionlar Liqasının 1/8 final oyunlarının cavab qarşılaşmaları ərəfəsində, yəqin ki, böyük əksəriyyət "Barselona"- PSJ qarşılaşmasının maraqsız olacağını düşünürdü. İlk oyunda fransızların qazandıqları böyükhesablı (4:0) qələbə bu cütlüyün taleyinin həll olunduğunu düşünməyə əsas verirdi. Bəlkə də matçın maraqsız olacağı barədə hökm verənlər də var idi. Əslində belə hökm verənləri qınamaq da olmazdı. Çünki Çempionlar Liqasında 4 cavabsız qolun əvəzini çıxmaq möcüzə kimi görünür. İndiyə qədər 0:4-lük məğlubiyyətdən sonra mərhələ adlayan komanda olubmu? Düzü, yadıma gəlmir, heç statistikada da rast gəlməmişəm. Amma "Barselona" inanılmazı gerçəkləşdirdi özüdə necə?
Doğrudur, oyunun ilk dəqiqələrində Suaresin hesabı açması kataloniyalılarda ümid qığılcımları yaratdı. Hissənin sonlarında daha bir qolun vurulması və ikinci hissənin lap ilk dəqiqələrində Messinin hesabı 3:0-a çatdırması hamıda sensasiyanın yaxında olduğu təsiri oyatmağa başladı. Amma sensasiya üçün "Barselona" öz qapısını toxunulmaz saxlamaqla daha iki qol vurulmalı idi ki, bunu da asan məsələ saymaq olmaz. Oyunun 62-ci dəqiqəsində qonaqlar məqsədlərinə nail olduqdan - arzuladıqları qolu vurduqdan sonra , oyunun taleyinin həll olunduğunu düşünmək olardı. Vaxt əridikcə "Barsa" azarkeşlərinin ümidləri öləziyirdi. Təsəvvür edin ki, 90 dəqiqənin başa çatmasına 2 dəqiqə qalmış hesab 3:1-dir, amma mərhələ adlamaq üçün ən azı 6:1-lik hesab lazımdır. Elə bu dəqiqədə Neymarın cərimə zərbəsindən vurduğu top tora daxil olur. Amma bu qol hələ ki, yalnız təsəlli ola bilərdi. Və 90 dəqiqə başa çatır. Hakim oyunun vaxtına daha 5 dəqiqə əlavə edir. Bir dəqiqə sonra fransızların qapısına penalti təyin olunur. Bu zərbəni də Neymar reallaşdırır. Yekun qələbə üçün bu qol da kifayət etmir. Nəhayət, oyunun son saniyələri gedir və "Barselona" sonuncu hücumunu edir. Fransızlar bu hücumu da dəf etsələr, növbəti mərhələyə vəsiqə qazanacaqlar. Amma... Neymar topu qapı üzərinə qaldırır və Serxi Roberto hamını, o cümlədən qapıçını da qabaqlayaraq topa yüngül toxunuş edir və... 6:1.
Zənnimcə, bu oyun tarixin yaddaşında ömürlük qalacaq.
Oyundan sonra sosial şəbəkələrdə geniş müzakirələr başladı. "Barselona"nın qələbəsini şübhə altına almaq istəyənlər də oldu, hakimi tərəfkeşlikdə günahlandıranlar da. Amma oyunu obyektiv analiz etdikdə bu qələbənin qanunauyğun olduğunu görmək olar. Çünki, "Barselona" rekordlar vurmaq üçün, inanılmazları gerçəkləşdirmək üçün doğulan komandadır
Belə ki, PSJ böyük müvəffəqiyyətdən başgicəllənməsinə düşmüşdü. Zənnimcə, oyunu komanda olaraq PSJ deyil, baş məşqçi Unai Emere uduzdu. Onun oyun boyu reaksiyalarından belə başa düşmək olardı ki, o komandanın qarşısına bir qol vurmaq məqsədi qoyub və bunu maksimum plan sayıb. Halbuki, maksimum hədəf növbəti mərhələyə çıxmaq olmalı idi. PSJ müdafiə olunmaqla uzaqbaşı 1-2, hətta 3 top buraxa biləcəyini düşünürdü. Əslində isə 4:0-lıq üstünlük PSJ-yə hücumameyilli oynamaq imkanı verirdi. Mən inanıram ki, PSJ bu qədər qorxaq futbol nümayış etdirməsəydi, ilk dəqiqələrdən müdafiədə oturub meydançanı bütünlüklə "Barselona"ya "peşkəş" etməsəydi, bəlkə də indi yoluna davam edən tərəf olardı.
"Barselona" isə bir an belə öz oyun üslubundan imtina etmədi və uğur qazandı.
Oyunun dramatizmini, gözəlliyini burada sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Amma yazmamaq da olmur. Bu oyun böyük əksəriyyətin yadından uzun illər çıxmayacaq. Bu oyuna canlı baxmaq lazım idi. Hətta kino kimi ona yenidən dönə-dönə baxmaq da olar.

Ürfan Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top