Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.
Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. R.İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.
Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə R.İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. “Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.
Azərbaycanlı oliqarx və hazırda müflis durumda olan biznesmen Telman İsmayılovun qardaşının iki nəfərin qətlini sifariş verməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. "Yeni Avaz" virtualaz.org-a istinadən xəbər verir ki, qətldən az sonra, 2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb.
Və bu səylər ilkin nəticə verib. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskvaətrafı vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün “yetərli əsas tapa bilməyib”. Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb.
Biznesmenlərin qətlini araşdıran əməliyyatçılar Rafiq İsmayılovun bu qətllə birbaşa bağlılığı haqda ciddi şübhələrə malik olsalar da ona qarşı tədbir görə bilməyiblər. Məlumdur ki, Telman İsmayılovun Rusiya hüquq-mühafizə orqanlarında güclü əlaqələri olub və görünür oliqarx həmin əlaqələri sayəsində qardaşını bir müddət xilas edə bilib. Lakin qətlə yetirilən biznesmen Savkinin oğlu Roman atasının qətlini İsmayılovun sifariş verdiyini və təşkil etdiyini bildiyi üçün aylarla İstintaq Komitəsinin qapısını döyüb, hadisənin düzgün araşdırılmasını tələb edib.
“İşin üstünü örtməyə imkan verməmək üçün İstintaq Komitəsi onu Krasnoqorsk rayonu üzrə istintaq şöbəsindən alaraq Moskva vilayəti üzrə baş istintaq idarəsinə verib. Yeni müstəntiq cəmi bir neçə günə bütün lazım olan istintaq hərəkətlərini aparıb və qətli Telman İsmayılovun qardaşının təşkil etdiyini sübut edən dəlillər toplayıb. Nəticədə R.İsmayılov həbs edilib”-mənbə deyib.
İstintaqın əldə etdiyi dəlillərə görə killer biznesmenləri güllələyəndən sonra R.İsmayılovun idarə etdiyi “Mercedes”lə hadisə yerindən uzaqlaşıb.Hadisədən sonra İsmayılov həmin “Mercedes”i tələsik satıb. Life-ru bildirir ki, istintaqa ilkin ifadəsində R.İsmayılov qətllə bağlı ittihamı rədd edib, ancaq hadisədən əvvəl yanacaqdoldurma məntəqəsində Mehman Kərimovla birlikdə olduğunu təsdiqləyib.
M.Kərimov isə ifadəsində qətlə görə məsuliyyəti üzərinə götürüb və hələlik R.İsmayılovun adını çəkmir. Bildirilir ki, istintaqın gedişində başqa həbslər də mümkündür. Ən azından R.İsmayılovu vaxtilə azadlığa buraxan müstəntiqin məsələsinə baxılacaq. Çünki istintaqın ona ciddi sualları var.