Regionda təbii qazın qiymətləri

Son günlər mətbuatda əhaliyə satılan təbii qazın qiymətinin artırılacağı ilə bağlı məlumatlar yer almaqdadır. Sosial şəbəkələrdə də insanların əsas müzakirə mövzusu təbii qazın qiyməti ilə bağlıdır. Rəsmi qurumlar isə susmağa üstünlük verərək məsələyə münasibət bildirmirlər. Bəs görəsən indiki halda təbii qazın qiymətinin qaldırılması nə qədər realdır?

Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, qiymət artımı tamamilə realdır. Təbii qazın istehsalı və satışı ilə bağlı açıqlanan rəqəmlərə baxdığımız zaman Tarif Şurasının qarşısında qiymət artımı üçün heç bir maneənin olmadığını görərək.

Xatırlayırsınızsa, Tarif Şurası kommunal xidmətlərin tariflərini artırarkən hər zaman region ölkələrindəki tarifləri nümunə olaraq göstərib. Buna sonuncu dəfə bu ilin mayında su tarifləri artırılarkən və iyul ayında elektrik enerjisi tarifləri artırıldığı zaman şahid olmuşuq. Hazırda nəinki regionda, ümumiyyətlə dünyada ən ucuz qaz Azərbaycanda satılır. Yəni bu o deməkdir ki, təbii qazın qiymətinin qaldırılması üçün Tarif Şurasının əlində kifayət qədər tutarlı əsas var. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əhaliyə satılan 1 kub metr təbii qazın qiyməti 10 qəpik və ya mövcud məzənnə ilə hesablasaq 6 sent təşkil edir. Qonşu ölkələrdən Ermənistanda təbii qazın 1 kub metrinin qiyməti əhali üçün təxminən 30 sentə (147 dram) bərabərdir. Qeyd edək ki, Ermənistanda təbii qaz istehsal etməsə də, dünyada təbii qazı ən ucuz idxal edən ölkələrdən biridir. Hazırda Ermənistan Rusiyadan idxal etdiyi qazın hər 1000 kub metri üçün 150 dollar ödəyir. Digər qonşumuz Gürcüstanda əhaliyə satılan təbii qazın 1 kub metri 18 sent (0,45 lari) təşkil edir. Gürcüstan da təbii qazı əsasən Azərbaycandan idxal edir. Şimal qonşumuz Rusiyada təbii qazı əhaliyə satış qiyməti də dollarla ifadədə bizdən bahadır: 1 kub metr 8 sentə (5,5 rubla) satılır. Təbii qazın Azərbaycanla müqayisədə ucuz olduğu ölkələr də var. Məsələn, Türkmənistanda təbii qaz adambaşına ayda 50 kub metr olmaqla pulsuz verilir. 50 kub metrdən artıq olan hissə üçün isə olduqca aşağı tarif hesablanır. Qazaxıstanda da təbii qazın tarifi Azərbaycanla müqayisədə aşağıdır. Bu ölkədə 1 kub metr təbii qaz əhaliyə 4,5 sentə (15 tengə) satılır. Ancaq qeyd etdiyimiz kimi digər region ölkələrində təbii qazın qiyməti Azərbaycanla müqayisədə yüksəkdir. Əhaliyə satılan 1 kub metr mavi yanacağın qiyməti Özbəkistanda 8 sent, Belarusda 11 sent, Ukraynada 27 sent, Moldovada 32 sent, Türkiyədə 40 sent, Estonyada 44 sent təşkil edir.

 

 

 


 

DİGƏR XƏBƏRLƏR

Top