Şimali Afrikanın ilk məscidi – Qayrəvan məscidi


Məscidlər müsəlmanların fəth etdiyi yerlərdə və ya qurduqları şəhərlərdə ilk inşa etdikləri tikililərdir. Ümumiyyətlə qurulacaq şəhərin mərkəzinə böyük bir məscid inşa etməklə müsəlmanlar sosial həyat, elmi çalışmalar və şəhərin ümumi idarəsi ilə bağlı məsələləri həll etmiş olurdular. Həzrət Peyğəmbərimizin (s.ə.s) Mədinədə qurulan Məscidi-Nəbəvidən bu məqsədlərlə istifadə etməsi İslam dünyasında bir nümunə təşkil etmişdir.
Uqbə ibn Nafi də bu məqsədlə şəhərin sərhədlərini müəyyən etdikdən dərhal sonra və hələ şəhərin inşasına başlamadan əvvəl məscidin inşasına başlamışdır. Bəzi araşdırmaçılar bu səbəbə görə Uqbə ibn Nafinin şəhər üçün bir məscid inşa etmədiyini, əksinə bir məscid üçün şəhər inşa etdiyini söyləyirlər. Qaynaqlardan dilimizə çevirəndə bu min üç yüz əlli illik tarixi olan məscidə əsasən "Seydi-Uqbə məscidi", "Uqbə ibn Nafi məscidi" və "Qayrəvan məscidi" demək olar.

Qayrəvan və Tunisdə mədrəsələr qurulana qədər məscidlər elm mərkəzləri idi. Bu dövrdə qiraət (Quran oxumağın qaydaları və bununla bağlı elm sahəsinin adı) və hədis dərslərinin keçirildiyi məkanlar məhz məscidlər olmuşdur. Bu minvalla Əməvilər dövründə yetkin insanların elm öyrəndiyi yeganə yerlər məscidlər idi. Qayrəvan məscidinə İfrikiyyə (orta əsrlərdə ərəblərin bugünkü Tunis və ətraf bölgələrə verdiyi ad), Məğrib, Əndəlüs və Qərbi Sudandan gələn izdihamlı qruplar İslam elmlərini burada öyrənirdilər.
Uqbə ibn Nafi səhabə və tabein nəslinin nümayəndələri ilə birgə 670-671-ci illərdə Qayrəvan məscidini inşa etmişdir. Orta əsrlərdə ərəblərin bugünkü Tunis və ətraf bölgələri üçün ifadə etdiyi İfriqiyyədə ilk İslam institutu məhz Qayrəvan məscidi hesab edilir. Əməvilər dövründə bu məkan müsəlmanların fəth etdiyi qərb bölgələrinin elmi çalışma mərkəzi olmuşdur. Uqbə ibn Nafinin dövründə kiçik bir ərazidə qurulan məscid, Qayrəvanda elmi həyatın inkişafı və əhalinin artması ilə birlikdə məscidin böyüdülməsinə ehtiyac hasil olmuşdu. Beləcə də xəlifə Əbdulməlik ibn Mərvanın əmri ilə məscid böyüdülmüşdür.
Mənbələrdə keçən bilgilərə görə, Uqbə ibn Nafi Allah Rəsulu (s.ə.s) sağ ikən dünyaya gəlmişdir. Həmçinin bəzi mənbələr: “Allah Rəsulu (s.ə.s) sağ ikən dünyaya gəlsə də Onun (s.ə.s) söhbətində iştirak etməmiş, dünya gözü ilə Onu (s.ə.s) görməmişdir” deyərək Uqba ibn Nafinin səhabə olmadığını bildirir. Tarixçilər Allah Rəsulu (s.ə.s) hələ vəfat etmədən dünyaya gəldiyinə görə Uqbə ibn Nafi haqqında “doğuşu və dünyaya gəldiyi vaxt etibarilə səhabə” demişlər. Bir sıra tərixçilər isə Uqbə ibn Nafi üçün: “Məğribdə vali olan ən son səhabə” demiş və bunu belə əsaslandırmışlar: “Uqbə ibn Nafi Həzrət Ömərin (r.a) xilafəti dövründə (634-644) ordu komandirliyi etmişdir. Həzrət Ömər (r.a) və digər xəlifələr fəth hərəkatlarında səhabələr xaricində başqa şəxsləri orduya komandan təyin etmirdilər. Afrikanın fəth edildiyi dövrdə Uqbə ibn Nafinin komandan olduğu İslam ordusunun içərisində səhabələrdən də bir çox simalar var idi. Xüsusilə Həzrət Ömər (r.a) səhabələri səhabə olmayan bir komandanın əmrinə əsgər kimi vermir, fəth hərəkatlarında komandanları səhabələr arasından seçirdi. Bu görüşlə yanaşı bəzi qaynaqlar da Uqbə ibn Nafinin tabein nəslinin fəzilət sahibi qabaqcıl simalarından biri olduğunu qeyd edir. Cəzayirdə Uqbə ibn Nafinin adı ilə bağlı olan Sidi-Uqbə qəsəbəsindəki qəbri günümüzdə də insanlar tərəfindən ziyarət edilir.

Uqbə ibn Nafinin Afrikanın tanınmış komandanlarından biri olması üçün uyğun mühit var idi. Allahın (c.c) ona bəxş etdiyi üstün zəkası, sahib olduğu güclü təqva duyğusu, səmimi və güclü imanı İslamın Şimali Afrikada yayılmasında böyük rol oynamışdır. Afrikanın bir çox bölgəsində insanlar Uqbə ibn Nafi vasitəsilə İslamla tanış olub.
Həqiqətən ortada bir insan ömrünə sığan böyük bir fəth hərəkatı və nailiyyətlər var. Bir İslam aliminin ifadəsi ilə: “Əslində məsələyə diqqətlə nəzər yetirəndə Allah (c.c) yolunda vuruşanların hamısının həyatında ilahi lütf və inayətin varlığını görmək mümkündür. Misal üçün Tariq ibn Ziyad və Uqbə ibn Nafi kimi İslam komandanları ilahi lütf və inayət altında olan şəxslərdir. Məlum olduğu üzrə Uqbə ibn Nafi Şimali Afrikanı başdan-başa fəth etmiş, atını Atlantik okeanına sürərək belə demişdir: “Ey Rəbbim! Bu qaranlıq dəniz qarşıma çıxmasaydı, Sənin uca adını dənizlərin o tayındakı dünyalara aparardım”. Hər kəsi heyrətə salan və İslam ruhu ilə yoğrulmuş bu nümunəvi insanların həyatına baxanda onlara bəxş edilən bu nailiyyətlərin reallaşması, nemətlərin əldə edilməsi, həqiqətən, bir çox ehtimalın birləşməsi ilə mümkün idi”.

Uqbə ibn Nafi ucsuz-bucaqsız Afrika qitəsinin böyük bir hissəsini ordusu ilə at belində fəth etməyi bacarmışdı. Uqbə ibn Nafi vəfat edəndə 50 yaşında idi. Bu əlli illik ömründə bütün bərbər xalqına İslam mesajını dinlədə bilmiş, o dövrdə ərəblərin “Qaranlıq dəniz” dedikləri Atlantik okeanına gedib çıxmış və atını sinəsinə qədər suyun içinə sürərək ideal bir İslam sərkərdəsinin söyləyə biləcəyi ən gözəl sözləri demişdir: “Ey Rəbbim! Bu qaranlıq dəniz qarşıma çıxmasaydı, Sənin uca adını dənizlərin o tayındakı dünyalara aparardım”. Bəli, onlar bu fəth hərəkatlarında transatlantik sərnişin gəmilərinə, dəniz və okeanların hündür dalğalarına tab gətirən və bir hərbi şəhərciyi andıran təyyarə daşıyan gəmilərə sahib deyildilər. Günümüzlə müqayisədə çox məhdud imkanlara sahib olmalarına baxmayaraq, onlar qısa vaxt ərzində dünyanın hər yerində at oynada bilmişdilər. Məsələyə riyazi olaraq baxsaq, dörd xəlifə dövründə insanların İslamla tanış olması üçün aparılan fəth hərəkatının sonrakı dövrlərdə Əməvilər, Abbasilər, Səlcuqlular və Osmanlı dövrlərində aparılan fəth hərəkatlarının cəmindən daha böyük olduğunu görərik.
Uqbə ibn Nafinin təməlini atdığı və günümüzdə də onun adını daşıyan məscid (Qayrəvan məscidi - Uqbə ibn Nafi məscidi) əsrlər boyu İslam dünyasının ən mühüm elm mərkəzlərindən biri idi. Elm yolçularının yolu mütləq olaraq bu məsciddən keçirdi. Qayrəvan şəhəri Əndəlüs və Ərəbistan arasında bir dayanacaq, iki dünya arasında bir keçid nöqtəsi və irfan yuvası idi.
Əvvəlcə məscid və hökümət sarayı (damul-imara) ilə başlayan şəhərin inşası beş il ərzində tamamlandı. Sonra da buraya Teym, Əvs, Həzrəc, Əzd, Tənuh, Kində və Kinanə kimi ərəb qəbilələri, Xorasandan gələn köçkünlər və yerli bərbər xalq yerləşdirildi. Uqbə ibn Nafi müsəlman bərbər qəbilələrin bu yeni şəhərdə məskunlaşmasını təşviq etməklə yanaşı hələ müsəlman olmayan bərbər xalqının İslamı qəbul etməsi üçün də böyük səy göstərdi. Ordusunu onlardan aldığı əsgərlərlə gücləndirdi. Uqbə ibn Nafi Qayrəvan şəhərini bir qərargah və arxa cəbhədə bir dayaq nöqtəsi olaraq inşa etdikdən sonra sahil bölgələrindəki Bizanslılara, sahildən uzaq bölgələrdəki itaət etməyən bərbərlərə və sonra da Atlantik Okeanına qədər gedib çıxan Məğrib torpaqlarının fəthinə başladı.
Qayrəvanın qurulması müsəlmanlar üçün çox yaxşı nəticələr verdi və bölgədə nəzarəti qorumaqla yanaşı yerli bərbər xalqının İslamı qəbul etmələrinə imkan açmış oldu. Günümüzdə digər türbə və tarixi məscidlər olmaqla yanaşı böyüklüyünə, tarixi, dini və memarlıq dəyərinə görə Qayrəvan məscidi şəhərin əsas tikilisi olaraq qalır.

35 metr hündürlüyü olan məscidin minarəsi Şimali Afrika memarlığının ən gözəl nümunələrindən biridir.



Məscidin daxilində 365 sütun vardır.
Qayrəvan şəhəri ümumiyyətlə kərpicdən və palçıqdan tikilmiş binalardan ibarət olsa da, qurulduğu zaman bölgənin ən zəngin, ən böyük şəhəri idi. Sonrakı illərdə gücünün bir hissəsini itirsə də, bölgə üçün əhəmiyyətini həmişə qorumuşdur. Qayrəvan məscidi Muvahhidlər, Hafsilər və Osmanlılar dövründə dəfələrlə təmir edilmişdir. Məsciddə geniş və əsaslı təmir və bərpa işləri 1967-1972-ci illərdə aparılmışdır.


Xarici divarlarının enli, müxtəlif ölçülü dayaqlı formada və hündür olması məscidə istehkam və qala görünüşü verir. Məscidin yan fasad divarlarında 8 qapısı var. Təxminən 10 metr enində və 35 metr hündürlükdə olan bu minarə İslam dünyasındakı ilk minarələrdən biridir və daha sonra Şimali Afrika və Əndəlüsdə tikiləcək minarələrin prototipi halına gəlmişdir.

Qayrəvan şəhəri ilk inşa ediləndə məscid ətrafında və məscid mərkəzə alınaraq inşa edilsə də illər keçdikcə şəhər qərbə doğru genişlənmiş və məscid şəhərin şərq hissəsində qalmışdır. Ard-arda davam edən fəth hərəkatları dövründə bu bölgədəki insanların sığınağı Qayrəvan şəhəri, şəhərdəki sığınacaq isə Qayrəvan məscidi olmuşdur.
Uqbə ibn Nafi sadəcə torpaqları fəth etməklə kifayətlənmir, İslamın ruhuna və əsas qayəsinə uyğun olaraq xalqın, bu bölgədəki insanların İslamla tanış olması üçün zəmin hazırlayır, bunun üçün xüsusi cəhdlə çalışırdı.
Uqbə ibn Nafinin ordusunda bir rəvayətə görə 18, digər bir rəvayətə görə isə 15 səhabə, yəni Həzrət Peyğəmbərimizi (s.ə.s) dünya gözü ilə görən, onun söhbətini dinləmiş, Ona (s.ə.s) iman etmiş şəxslər var idi. Ordudakı digər şəxslər isə əsasən tabein nəslinə, yəni səhabələri müsəlman olaraq görən və müsəlman olaraq ölən ikinci nəslə aid insanlar idi. Uqbə ibn Nafi yeni bir şəhər qurma ilə bağlı ordusundakı səhabələrə və digər başqa şəxslərlə istişarə, məşvərət və məsləhətləşmələr edirdi.

Uqbə ibn Nafi onlara belə deyir: “Afrika elə bir yerdir ki, oraya bir komandan ordusu ilə daxil olanda buradakı xalq onun istəklərini qəbul edər və müsəlman olarlar. Ancaq komandan şəhərdən ayrılan kimi itaət edib Allahın (c.c) dininə girənlər təkrar öz ata-babalarının dininə dönərlər. Sizə bu torpaqlarda İslamın izzətini, üstünlüyünü, şərəf və etibarını qoruyacaq bir şəhər inşa etməyi təklif edirəm”. Əslində bu fikir və təklif o dövr və məqam üçün bir ehtiyac halına gəlmiş və ortaq ağılın da qəbul edəcəyi fikir idi. Bir sözlə, Uqbə ibn Nafi əksəriyyəti milliyyətcə bərbər olan bölgə əhalisini çox yaxşı tanıyırdı. İslamı qəbul etdiklərini söyləyən bərbərlər İslam ordularının buraları tərk etməsi ilə üsyan bayrağını qaldırır və itaət etmirdilər.
Bəzi şəxslərin şəhərin qurulma yeri ilə bağlı fərqli təklifləri var idi. Misal üçün şəhəri sahil boyu dənizdən gələcək düşmənə qarşı qorumaq, həmçinin xalqın da düşmənə qarşı daim ayıq-sayıq olması üçün onun sahilə yaxın bölgədə olmasını lazım bilənlər var idi. Ancaq Uqbə ibn Nafi bu düşüncədə olanlara belə cavab vermişdi: “Dəniz sahilinə inşa edəcəyimiz şəhəri Konstantinapol kralının ani bir hücumla zəbt etməsindən ehtiyat edirəm. Şəhəri dənizdən hiss edilmədən gələ biləcək hücumlardan mümkün qədər uzaqda inşa edin. Çünki bir gecə yarısı dənizdən gələ biləcək ordu qaranlıqdan istifadə edərək sahilə qədər yaxınlaşar, gündüz də sahildən gözlənilmədən hücum edərlər. Belə bir qəfil hücuma yaxalanmağımıza imkan vermək olmaz”. Bu düşüncələr Uqbə ibn Nafinin o günün şərtləri nəzərə alınanda olduqca uzaqgörən və çox ağıllı bir komandan olduğunu göstərir.
Ancaq sonrakı dövrlərdə şəhər (Qayrəvan) üçün bu yerin seçilməsində nəzərdən qaçan bəzi xüsusların olduğu ortaya çıxmışdır. Şəhərin qurulmasında seçilən bölgə ilk dövrlər üçün hərbi məqsədlər baxımından məqsədəuyğun idi. Ancaq şəhərdə su qaynaqlarının azlığı, ya da uzaq olması, həmçinin əkinə uyğun sahələrin ön planda tutulmaması sonrakı dövrlərdə şəhər xalqının üzləşəcəyi problemlərdən xəbər verirdi. Bu səbəblərə görə Qayrəvan şəhəri İslam tarixi boyunca xarab olmaq və tərk edilmək təhlükəsiylə üz-üzə qalmışdır. Araşdırmaçıların qeyd etdiyinə görə, tarixi keçmişi etibarilə güclü bir dini kimliyə sahib olması, həmçinin səhabə əli və səhabə nəfəsinin dəymiş olduğu məşhur Qayrəvan məscidi bu şəhəri coğrafi əlverişsizliyinə baxmayaraq xarab olmaqdan qorumuşdur.
Beş il ərzində ilkin olaraq Qayrəvan məscidi, ardınca da Qayrəvan şəhəri fəqihlər, hədis alimləri, ibadət əhli və fəzilət sahibi şəxslər tərəfindən qurulmuşdur. Onsuz da bu şəhərin qurulma məqsədi yeni fəth edilən bu torpaqlarda İslamın qalıcılığını elmi, mədəni və hərbi cəhətdən təmin etmək idi.
Bu məscid daha sonrakı dövrlərdə üç dəfə sökülərək yenidən inşa edilmişdir. Şəhərə gələn hər yeni vali Uqbə ibn Nafinin ilk inşa etdiyi məsciddən bir nişanə və xatirə qalması, həmçinin şəhərin və məscidin ilk qurucusuna hörmət əlaməti olaraq məscidin mehrabını saxlayır, digər yerləri isə sökərək yenidən inşa edirdi. Digər məscidlərin inşasında, xüsusilə də bölgədə Qiblə istiqamətinin müəyyən edilməsində uzun müddət Qayrəvan məscidinin bu tarixi mehrabı əsas alınmışdır.
Qayrəvan şəhəri Afrikada davam edən fəthlərin idarə edilməsi və fəth hərəkatlarının orada kökləşməsi baxımından son dərəcə böyük əhəmiyyətə sahib idi. Qayrəvan sadəcə Şimali Afrikanın fəthində deyil, həm də məğrib bölgəsində (Əlcəzair, Mərakeş, Tunis, qismən də Mavritaniya ərazilərində) İslamın yayılmasında mühüm rol oynamış, İslam mədəniyyətinin çox vacib bir mərkəzi halına gəlmişdir.

Uqbə ibn Nafi Qayrəvan şəhərini tikməyə miladi 670-ci ildə başlamış, beş ildə bu işi tamamlamışdır. Bu beş il ərzində Uqbə ibn Nafi tikinti işlərini tamamlamaq məqsədilə burada qalmışdır. Uqbə ibn Nafi həyatı boyunca İslam fəthlərinin Şimali Afrikada yerləşməsi və xalqın müsəlmanlaşması uğrunda çalışmış və buna da nail olmuşdur. O həm də bu bölgəni Bizansın koloniya və müstəmləkəsinə çevrilərək müsəlmanların əleyhində istifadə edilən bir mərkəz halına gəlməsinin də qarşısını almışdır.

Haqqında danışdığımız bu tarixi Qayrəvan şəhəri günümüzdə Tunusun paytaxtı Tunus şəhərindən təxminən 165 km uzaqlıqda yerləşir. Normal hallarda tarixi böyük paytaxt şəhərləri dənizə yaxın və məhsuldar ərazilərdə qurulur, ancaq keçmiş mədəniyyət, elm və idarə mərkəzi olan Qayrəvan şəhəri, daha əvvəl də qeyd edildiyi kimi, dənizdən onlarca km uzaqdadır.
Ümumiyyətlə şəhər üçün seçilən məkan ərəblərin (ilk müəslmanların) hərb təcrübəsi baxımından əlverişli bir yer idi. Həmçinin bura ərəb həyat tərzinə və şəhəri müdafiə etməyə uyğun idi. Bütün bunlarla yanaşı şəhəri ilk inşa edən Uqbə ibn Nafi və onun məsləhətləşdiyi sərkərdələrin sahilə çox yaxın məkanda yerləşən “Byzacium” adlı bir Bizans məskənindən də uzaq durmaq istəmələri burada öz rolunu oynamışdı.
Müsəlman ərəblər ilk İslam şəhərlərini qurarkən onlar üçün vacib olan məsələləri nəzərə alaraq hərəkət edirdilər. Misal üçün daha çox səhra həyatı haqqında bilgi və təcrübəyə sahib olan ərəblər dənizdən gələn hücumlara qarşı hazır olmadıqlarına görə sahildən uzaq və iç bölgələrdə quruculuq işləri görürdülər. İbn Xəldun ərəblərin şəhər quruculuğundakı bu seçimini yalnız dövrün şərtlərini düşündükləri, şəhərin gələcəyi barədə düşünmədikləri üçün tənqid etmişdir. İlk inşa edildiyi dövrlərdə canlılığını qoruyub saxlayan bu şəhərlər mədəniyyətin inkişaf etməsi və insanların mədəniləşməsi ilə bir müddət sonra tərk edilməkdən qurtula bilməmişdir. İbn Xəldun bu nəzəriyyəsinə Qayrəvan şəhərini nümunə olaraq verir.
Uqba ibn Nafinin Miladi 670-ci ildə ilk inşa etdiyi kiçik məsciddən bu günə qədər heç bir əsər qalmayıb. Tarix boyu vali və hökmdarlar tərəfindən əsaslı təmir və bərpa işləri aparıldığı üçün məscidin bu gün var olan bünövrəsinin miladi 909-cu ilə aid olduğu qeyd edilir. Əslində bu halı ilə də məscid tikilisinin min ildən çox yaşı var. İlk inşa edildiyi tarixdən götürsək, təxminən 1400 illik tarixi olan Qayrəvan məscidi Şimali Afrikada ilk məscid hesab edilir.


Qayrəvan məscidinin mehrabı (məscidlərdə namaz qılarkən qibləni və imamın dayanacağı yeri göstərən yer) İslam memarlıq tarixində bilinən ən qədim mehrablardan biridir. Bizansa aid qədim bir kilsədən alınan qırmızı mərmərdən olan iki sütun məsciddə mehrabı daşıyan iki sütun olaraq istifadə edilmişdir.


Məsciddəki sütun və sütun başlıqlarının əksəriyyəti Bizansın xarabalıqlarından toplanmış və sütunlara “lil-məscid” (məscidə aid, məscid üçün) ifadəsi yazılaraq məsciddə istifadə edilmək üçün Qayrəvana göndərilmişdir.
 
Qeyd: Yazının hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir.
Esra Keskin, “KURULUŞUNDAN EMEVİLER DEVLETİNİN YIKILIŞINA KADAR KAYREVAN”, Uludağ Universiteti, Bursa 2015, (Basılmamış Yüksek Lisans Tezi).
Mouayed Mnari, “KAYREVAN ŞEHRİNİN OSMANLILAŞTIRILMASI VE TARİHİ ESERLERİ (1557-1735)”, İstanbul Universiteti, İstanbul 2018, (Basılmamış Doktora Tezi).
Mustafa Adaş, “UKBE B. NAFİ”, Marmara Universiteti, İstanbul 1996, (Basılmamış Yüksek Lisans Tezi).
https://islamansiklopedisi.org.tr/kayrevan
https://islamansiklopedisi.org.tr/sidi-ukbe-camii
https://islamansiklopedisi.org.tr/ukbe-b-nafi
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top