3 güllə yarası almış qazi böyrəyinin çıxarılmasını istəmir – Klinikadan AÇIQLAMA + FOTOLAR


Vətən Müharibəsi qazisi, Yardımlı rayon Gərsava kənd sakini Əliyev Qismət Nəsib oğlu Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında müalicə alsa da, burada tam müalicəsi üçün şəraitin olmadığını deyir.
Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Q. Əliyev Yeniavaz.com-a açıqlamasında bildirib ki, Zəngilan uğrunda gedən döyüşlər zamanı hər iki ayağından və qarın nahiyəsindən 3 güllə yarası alıb:
“Bu klinikada mənə yaxşı baxırlar. Ayaqlarım sağalıb, lakin qarından dəyən güllə düz bağırsağı,yoğun bağırsağı, sidik kanalını zədələyib, çanaq sümüyünü isə sındırıb. Bunların nəticəsində sağ ayağım işləmir, qarnımın üstü açıqdır və böyrəkdə kateter(diaqnostik müayinə və müalicə məqsədi ilə istifadə olunan plastik, rezin ya silikon, şüşədən hazırlanmış müxtəlif ölçülü boru) var. Böyrəyim sağlamdır, lakin həkimlərin sözlərinə görə həmin böyrəkdən gedən sidik kanalında 10 santimetr çatışmazlıq var. Buradakı həkimlər müalicə üçün mənə böyrəyi götürməli olduqlarını dedilər, lakin mən razı olmadım. Həkimlərin dediyinə görə böyrək götürülmədən müalicə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında mümkündür”.
Q. Əliyev bildirib ki, o, həmçinin Kəlbəcər, Fizuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə də iştirak edib.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Tibb Universitetinin aidiyyatı şöbəsi ilə əlaqə saxladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, Tədris Cərrahiyyə klinikasının həkimlərində sözügedən praktika mövcud deyil:
“Bəli, elə bir xəstəmiz var. Xəstəyə baxılıb və konsilium(Çətin hallarda xəstəliyi, onun müalicə üsullarını müəyyənləşdirmək üçün düzəldilən həkimlər müşavirəsi) nəticəsində böyrəyinin çıxarılması məsləhət görülüb. Lakin ailə üzvləri buna razı olmayıb. Ailə üzvləri araşdırıblar ki, Türkiyədə Gülhanə Tədris və Araşdırma Xəstəxanasında belə bir müalicə üsulu mümükündür. Onlar xəstəni oraya aparmaq istəyirlər. Bizim klinikada fəaliyyət göstərən həkimlərin belə praktikası yoxdur. Bizdə praktikada böyrək çıxarılaraq bu tip xəstələr müalicə olunur, sağalır və evə buraxılırlar. Belə olan halda biz xəstəni bu müalicə üsulu üçün məcbur edə bilmərik”.


DİGƏR XƏBƏRLƏR

Top