Keçən il Şirvanda küçədə döydüyü qadını bu dəfə bıçaqladı


Yanvarın 4-ü saat 13 radələrində Şirvan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, M. Nağıyev ötən il də Ayşən Məmmədliyə şiddət tətbiq etmişdi. Belə ki, o, qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirmişdi. M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nikahda yaşayıb.

DİGƏR XƏBƏRLƏR

Top