Çin hökumətini sərt tənqid edən milyarder yoxa çıxıb


Çinin ən böyük internet alış-veriş platforumu “Alibaba”nın qurucusu Cek Ma qeybə çəkilib. Yeniavaz.com “Euronews”a istinadən xəbər verir ki, C.Ma sonuncu dəfə oktyabr ayında Şanxayda qatıldığı forumda Çin hükumətini sərt tənqid edib, proqramdan sonra isə 2 aydır onun haqqında heç bir məlumat açıqlanmır. “The Financial Times”ın məlumatına görə, Ma “Africa’s Business Heroes” televiziya proqramının münsiflər heyətindən də çıxarılıb.
Cek Manın qurucusu olduğu “Ant Group” şirkətinin Honq-Konq və Şanxaydakı birjalarda 37 milyard dollarlıq əməliyyatları dondurulub və “Alibaba” şirkəti barəsində inhisarçılıq və haqsız rəqabət ittihamları ilə istintaq başladılıb. Bundan sonra çinli iş adamı rəsmi qurumları və dövlət banklarını sərt tənqid edib.
“Human Rights Watch”un direktoru Kennet Rot tvitterdə paylaşdığı mesajda “Alibaba”nın qurucusu Cek Manın Çinin maliyyə siyasətini tənqid edən çıxışından sonra 2 aydır yoxa çıxması Çin texnoloji şirkətlərinin birbaşa Çin Kommunist Partiyasının nəzarətində olduğunu göstərir”, - deyə qeyd edib.
Bir neçə ay bundan öncə sərvəti 62 milyard dollardan çox olan Maya aid şirkətlər son yaşananlardan sonra 11 milyard dollar zərər edib. Ötən həftə isə “Alibaba”nın Honq-Konq birjalarındakı səhmləri 2,15% ucuzlaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top