"Füzulidən Şuşaya qədər döyüş yolu keçdim, heç bir medal almadım, Vətən sağolsun!" - FOTOLAR+VİDEO


Füzulidən Şuşaya qədər döyüş yolu keçən Nurlan Məmmədov heç bir medalla təltif olunmamasından danışıb. N. Məmmədov bununla bağlı sosial şəbəkələrdə paylaşım edərək bunları yazıb:
“Füzulidə qəlpə yarası almaq, Füzulinin son kəndinə qədər vuruşmaq. Oktyabrın 28-i öz doğum günümdə Füzulinin son kəndinə bayrağın sancılması və bütövlükdə işğaldan azad olunması. Oktyabrın 29-u cəmi bir gecə yatdıqdan sonra, səhər Şuşa istiqamətində hərəkətə başlamaq. VƏƏƏ... bu boyda həngamədən sonra ümumi döyüşü 24 saat belə görməyən birinin medal alması, mənə medal verilməməsi üstəgəl yaralananda hospitala göndərməyiblər deyə hərbi biletimə "yaralanmayıb" yazılması istər istəməz yazdıqca gülməyim gəlir. Vətən sağ olsun!”

Yeniavaz.com-un əməkdaşı qazi Nurlan Məmmədovla əlaqə saxlayıb, onun fikirlərini öyrənib. Həmin müsahibəni təqdim edirik.
Nurlan Məmmədov 28 oktyabr, 1996-cı ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə 167 nomrəli orta məktəbə daxil olub. 2014-cü ildə məktəbi bitirib. 2014-2018-ci illərdə Azərbaycan Universitetinin Dünya İqtisadiyyatı (BBA) fakültəsi üzrə ali təhsil alıb. Nurlan 21 sentyabrda səfərbərliklə ordu sıralarına çağrılaraq 27-nə kimi təlimlərdə iştirak edib. 27-si isə ilk heyətlə müharibəyə yollanıb. Döyüş vaxtı 4 qəlpə yarası alıb. Nurlan ayağı, əl barmağı və qarın nahiyəsindən aldığı 3-ü yüngül sıyrıqlarla canını quratırıb. 4-cü dəfə isə dizdən 3 barmaq yuxarı baldırından yaralanıb. Günorta saatlarında yaralansa da, o ancaq səhra tibb məntəqəsinə gecə gedə bilib. Çünki erkən saatlarda düşmənin gözü önündə oraya getmək riskli olub. Özü özünü təqdim etdiyi kimi “pulemyot manqa komandiri və ya ümumiyyətlə sadəcə sizin əsgəriniz” Nurlan Məmmədov Füzulidən Şuşaya kimi keçdiyi döyüş yolunun ilk günü barəsində danışıb: “Səhər saatlarında Horadizdən Füzuliyə yola düşdük. Bir-bir erməni postlarını keçirdik. Çox sakitlik olduğuna görə rahat idik, amma anlayırdıq ki, qarşıda bizi gözləyirlər. Hava şəraiti leysan yağış olduğuna görə maşınlardan düşüb piyada davam etməli olduq. Füzulinin içərilərinə doğru irəliləyirdik. Bu bizim ilk döyüşümüz idi və heç bir texnika olmadan ancaq əlimizdəki avtomatlarla irəliləyirdik. Yolda sağımız, solumuz hər tərəfimiz mina idi. Heyətin əksəriyyəti səfərbərliklə çağırılan əsgərlər idr. Bir anda minaatanın səsi eşidildi. Artıq daha diqqətli və hissə-hissə hərəkət edirdik. İlk heyət təxmini 100 metr aralıdakı səngərlərə girməli idi, kilometrlərlə yolu tam təchizatla gələn yorğun, ayaqları islanmış biz əsgərlər ilk sınaqlarından keçirdik. Məlum məsələ idi ki, 30 ildir ərazini bizdən daha yaxşı mənimsəyiblər və dəqiq artilleriya atəşləri gözlənən idi. Ən azından əsgərlikdə artillerist kimi xidmət edən biri olaraq bunu gözəl dərk edirdim. Məsələ burasında idi ki, mən həmişə lülənin arxasından atəş açmışdım. İndi isə partlayan mərmilər məni əhatəyə almışdı və mən anlayırdım ki, piyada qoşunlarının tərkibindəyəm. Səngər ən az 2 metr dərinlikdə idi və ən az topuğa kimi suyun içində idik... Botinkalarımıza su keçir ayaqlarımızı hərəkət elətdirə bilmirdik. Bir də üstəgəl plastilin kimi Füzuli torpağı buna mane olurdu. Mərmilər artıq lap yaxınımıza 5-10 metrliyimizə düşürdü. Komanda gəldi-İrəli! Səngərdən çıxıb hərəkət etmək lazım idi, hansı ki, mən şəxsiyyətin yarısının hələ də arxada olduğunu görürdüm. Səngərdən çıxmaqsa tək başına demək olar mümkün deyildi. Yalan dem`iyəcəm qorxurdum, o anda qorxmuyan insanın hissiyatında problemin olduğunu düşünürəm açığı. Amma mən bunu elədim, səngərin üstünə çıxdım və hər şeyi atıb qırağa başladım əl uzadıb uşaqları ordan çıxartmağa. Həmin an ürəyimdə canımı həmin əsgərlərə halal eləmişdim və düşünürdüm ki, əgər mən burda şəhid olsam ən azından biləcəm ki, hansısa əsgər evinə salamat çatdı hansısa ana mənə görə sevindi. Bəlkə də buna görədir ki, bir cızıq belə almadan 4 tərəfimə düşən mərmilər və onların yüzlərlə minlərlə qəlpəsi mənə dəymədi. Sonuncu əsgərə kimi ordan çıxardım və təngənəfəs idim, sonuncu özüm yola davam elədim. Növbəti mövqedə artıq "Halaldı sənə, çox sağol qardaş!" kimi sözlər eşidirdim. Amma hələ təzə başlayırdıq... Nəhayət hədəfimiz olan əraziyə çatdıq. Son səngərə çatana kimi hamı təngənəfəs idi. Artıq neçə saat idi atəş altında gedirdik, bilmirdik. Suyumuz qurtarmışdı. Yorğunuq idik. Yağış da dayanmırdı ki, dayanmırdı. Yağışdan bütün bədənimiz su idi və hava da qaralırdı. Son səngərdə 30 saniyə belə dayanmadıq. Yenidən “İrəli!” əmri gəldi. 10 metr sonrakı təpədə mövqe tutmaq lazım idi. Hansı ki, artıq həsrətlə gözlədiyimiz erməniləri görəcəkdik. Bizi görən kimi atəşə başladılar, onlar mövqelərini tutmuşdular biz isə nəinki onları heç ərazini görməmişdik. Əkin sahəsi… Şumlanmış ərazi… Saatlarla yağan yağışdan artıq ayaqlar topuğa kimi palçığa batır… Mən bu millətin 30 illik yanğısını onda gördüm. Boğazlar cırılana qədər ucadan qışqıran təxmini 250 nəfər adam. İllərdir qəfəsdə gözləyən canavarlar nəhayət azad idilər. Qarşıdakı düşmənin əlində silah var idi. Mövqeləri əla idi. Ərazi bilikləri bizdən üstün idi. Möhkəm mövqeləri var idi, amma 250 nəfərin “Allah” deyə hayqıramasının qarşısında hər şey aciz qaldı. Şəhid və yaralı versək belə dərəyə daxil olmuşduq, onlar da geriyə çəkilirdilər. Siz bir anlıq təsəvvür edin ki, bizim əlimizdə sadəcə avtomat var idi və top atəşinin üstünə qaçırdıq. Məntiq buna qarşı idi, amma ürək bizə qələbəni gətirdi. Və budur gecə düşdü. Şəhid və yaralılar var. Verilən tapşırıq icra olunmuşdu və Şuşaya qədər gedəcəyimiz döyüş yolunun ilk günü beləcə bitmişdi”.




Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top