“Bəzi sahələrdə böhranla üzləşsək də, bəzi sahələrdə yeni fürsətlər ortaya çıxdı” - MÜSAHİBƏ


2020-ci il müxtəlif biznes sahələri üçün heç də arzuolunan il kimi yadda qalmadı. Koronavirus pandemiyasının yaratdığı çətinliklər, o cümlədən sərhədlərin bağlanması, müxtəlif dövrlərdə qapanmalar şirkətlərin fəaliyyətlərində çətinlik yaratdı. Bu çətinliklər yükdaşımalar sahəsindən də yan keçmədi.


Azərbaycanın nəqliyyat və logistika şirkəti “ScanEX Enterprises Limited”in direktoru Kənan Sadıqlı “Marja”ya müsahibəsində pandemiya ili kimi xarakterizə edilən 2020-ci il üzrə fəaliyyəti və yeni iqtisadi reallığa uyğun olaraq gələcək planlarını açıqlayıb:   
-Pandemiya ilə bağlı məhdudiyyətlər davam edir və artıq demək olar ki, 2020-ci ilə yekun vururuq. Bu il üzrə fəaliyyətinizi necə dəyərləndirirsiniz?

2020-ci il ümumilikdə biznes üçün, bütün şirkətlər üçün ağır il oldu. Bir sıra biznes sahələrinə ziyan dəydi. Bəzi şirkətlər fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Bütün bunları nəzərə alsaq, 2020-ci ildə “Scanex” üçün böyük itkilərin olmadığını deyə bilərik.  Bəzi sahələrdə böhranla üzləşsək də, bəzi sahələrdə yeni fürsətlər ortaya çıxdı.
-Pandemiyanın sizin üçün yaratdığı fürsət nədən ibarət olub?

Pandemiya ilə əlaqədar qoyulan tələblər nəqliyyat vasitələrinin icarəsini artırıb. Karantin şəraitində əsas tələblərdən biri - sosial məsafənin qorunması işçilərin daşınması ilə əlaqədar avtobusların sayını artırıb. Məsələn, əvvəl 28 yerlik bir avtobus tam həcmdə istifadə edilirdisə, indi bu avtobusdan 14 nəfər istifadə edə bilər. Bu isə o deməkdir ki, müştəri bizdən 1 avtobus əvəzinə 2-ni sifariş etməli olur. 
-Scanex üçün 2020-ci ildə nə dəyişdi? Fəaliyyət strategiyanızda hansısa dəyişikliklər olubmu?

2020-ci ildə xərclərimizi maksimal dərəcədə optimallaşdırmağa çalışmışıq. Yəni, əvvəllər ayırdığımız bəzi xərclər var idi ki, onları ikinci plana salmışıq. Məsələn, reklam büdcəmizi 40-50% hədlərində azaltdıq. Bundan əlavə, nəqliyyat vasitələrini icarə götürdüyümüz partnyorlarımızla danışıqlar aparıb icarə haqlarının 5-10% azaldılmasına nail olduq. Əvvəl 100 manata icarə götürdüyümüz nəqliyyat vasitəsini indi 90 manata kirayələyə bilirik. Bu da bizə müştərilərimizə endirim etməyə imkan verir.
-Əməkdaşlıq etdiyiniz korporativ müştərilərin nəqliyyat vasitələrinə tələbatının artdığını deyirsiniz. Ümumilikdə, tələbatın artması icarə haqlarının artmasına təsir edibmi?

Bəzi layihələrdə nəqliyyat vasitələrinin icarəsinə tələbat artsa da, bəzi layihələrin dayandırılması baş verib. Səngəçal terminalı qeyri-müəyyən vaxta qədər bağlanıb və orada bütün nəqliyyat vasitələrimizin fəaliyyəti dayandırılıb.
Ümumilikdə, nəqliyyat vasitələrinin icarəsi ilə bağlı bizim xidmətə tələbat artsa da, bu nəqliyyat vasitələrini icarəyə götürdüyümüz fiziki şəxslərdə avtomobil və mikroavtobusları demək olar ki, istifadəsiz qalıb. Məsələn, turizm üçün istifadə edilən “Mercedes Sprinter” mikroavtobusları sektor fəaliyyətini dayandırdığı üçün demək olar ki, istifadə edilmir. Bu isə icarə haqlarının nəinki artmasına, hətta müəyyən qədər aşağı salınmasına təsir edib.
-Yəni, müştərilərinizə mövcud şəraitə uyğun olaraq endirim edirsiniz?

Bəli. Elə layihələr isə var ki, orada yükdaşıma sahəsində əməkdaşlıq edirik və nəqliyyat vasitələrinin icarəsində də endirim təklif edirik. Çünki pandemiya bəzi şirkətlər üçün fors-major hal yaradıb. Xərclərini artırıb. Məsələn, ilin əvvəlində büdcədə 100 avtobus icarə xərci nəzərə alınıbsa, pandemiya  ilə bağlı qaydalara görə, 150 avtobus kirayələməyə məcbur olublar. Yəni, 50 avtobusun xərci nəzərdə tutulan büdcədən əlavədir.
Bunu nəzərə alaraq nəqliyyat vasitələrini icarəyə götürdüyümüz fiziki şəxslərin etdiyi endirimi biz də əməkdaşlıq etdiyimiz şirkətlərə edirik. Yəni, əldə etdiyimiz marjanın azalmasına baxmayaraq müştərilərimizi də düşünürük.
-Hazırda yüklərin çatdırılmasında və digər fəaliyyət istiqamətlərinizdə hansısa çətinliklər varmı?

Həm neft, həm də qeyri-neft sektorunda çalışan şirkətlərin bu sahədə sifarişləri bir qədər azalıb. Neftin qiymətinin aşağı düşməsi neft sektorunda çalışan şirkətlərin fəaliyyətinə təsir edib. Onların büdcələri 35% həcmində azalıb. Məsələn, hansısa layihəyə müəyyən həcmdə büdcə ayrılmışdısa, onun 30%-ı azaldılıb. Bu da təbii ki, həmin layihə ilə əlaqədar daşınan yüklərin həcminə təsir edib. Bundan əlavə, yolların bağlı olması, o cümlədən test verilməsi, sürücülərin tapılması kimi süni əngəllərin yaradılması da yükdaşımaya nisbətən öz təsirini göstərib. Ümumilikdə, yükdaşımaların həcmi 2 dəfə azalıb. Bu, ümumi dövriyyəmizin həcminə təsir etsə də, şirkətin gəlirliyinə təsir etməyib.
-Bildiyimiz qədər, beynəlxalq yükdaşımalarını əsasən Avropa ölkələri ilə həyata keçirirsiniz. Bu istiqamətdə son vəziyyət necədir?

Pandemiya ilə əlaqədar Avropada bir çox zavodların işini dayandırması həm müştərilərimiz, həm də bizim üçün çətinliklər yaradıb. Belə ki, həmin sifarişlər birbaşa ləğv edilib. Qeyd edilən məsələlər, pandemiyanın ikinci dalğası üzrə qapanmalara gedilməsi ilə bağlı qərarların nəticəsidir.
Bundan əlavə, il sonu olduğu üçün, Avropada bayramlarla əlaqədar yükdaşımada bəzi yubanmalar var. Ümumilikdə, çətinliklər olsa da, iş öz axarı ilə davam edir.
-“Ai-95” markalı  benzin üçün neft emalı zavodunun inşasında İspan şirkəti ilə əməkdaşlıq edirdiniz. Bu istiqamətlə işlər hansı mərhələdədir?

Bu layihədə əsas fəaliyyətimiz yükdaşıma deyil, nəqliyyat vasitələrinin icarəsi ilə bağlıdır. Yəni, şirkəti mikroavtubus və pikaplarla təmin edirik. Layihənin 2021-ci ildə bitəcəyi planlaşdırılmışdı. Amma 2023-cü ildə təhvil veriləcəyi gözlənilir.
-2021-ci il üçün strategiyanız nədən ibarətdir? Yaranan yeni iqtisadi reallığa uyğun olaraq fəaliyyətinizdə hansısa dəyişikliklər və yaxud yeniliklər gözlənilirmi?

Gələcəyə böyük ümidlə baxırıq. Pandemiyanın aradan qalxmasını və həyatın normal axarına qayıtmasını gözləyirik. Şirkətin ümumi strategiyasında hər hansı bir dəyişiklik gözlənilmir. Hər zaman olduğu kimi, müştəri yönümlülük prinsipimizi rəhbər tutaraq fəaliyyətimizi davam etdirəcəyik. 2021-ci il üçün əsas hədəfimiz yeni müştərilərin cəlb edilməsi, biznesin inkişafı və ən əsası stabilliyin qorunmasını təmin etməkdir.
Fəaliyyətimizi daha çox yükdaşımalar və nəqliyyatın icarəsi sahəsi üzərində quracağıq. Təbii ki, qapanmalar aradan qaldırılarsa, biznes yenidən fəaliyyətini bərpa edərsə, o zaman ağır texnikaların icarəsində də gəlirlərimiz arta bilər.
Ümumilikdə isə, 2021-ci ildə həm neft-qaz sektoru, həm də qeyri-neft sektorunda bir neçə layihədə iştirakımız gözlənilir. Tikinti sahəsi üzrə, o cümlədən tütün istehsalı zavodunun təqdim etdiyi tenderlərdə iştirakla bağlı artıq müraciət etmişik.
 

DİGƏR XƏBƏRLƏR

Top