Deputat: “STM-nin sülhməramlılarla bağlı apardığı sorğu Rusiyameyillidir”


Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən 35.5% respondent Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür. Lakin STM-nin bu istiqamətdə apardığı sorğu ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Milli Məclisin deputatlarından bəzilərinə müraciət etdik.
Millət vəkili Fəzail Ağamalı məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sorğuda Rusiyaya meyillilik özünü ifadə edir:
“Sorğunun nəticələrini mötəbər hesab etmirəm. STM tərəfindən qoyulmuş suallara cavabı real kimi qiymətləndirmirəm. 600 nəfərin iştirakı və telefon vasitəsilə keçirilən bu sorğu cəmiyyətdə obyektivliyi heç zaman və heç bir halda düzgün olaraq ifadə edə bilməz. Düşünürəm ki, bu mərkəz, ən müxtəlif səciyyələrdə, sosial şəbəkələrdə ciddi hədəfə alınıbdır və kifayət qədər arqumentlidir. Ona görə də bu cür sorğuları daha böyük auditoriyada, tələm-tələsik deyil, kifayət qədər ətraflı və mötəbər təhlillərin aparılması ilə ortaya qoymaq lazımdır. Təəssüf edirəm ki, sorğunun aparılmasında Rusiyameyillilik özünü ifadə etməkdədir. Və bu məndə çox böyük təəssüf doğurur”.
F. Ağamalı bildirib ki, Rusiya sülhməramlıları ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın qarşısını almağı öz üzərlərinə götürdülər, erməniləri himayə etməyi yox: “Hər halda biz onları hörmətlə qarşılamışıq. Ölkə prezidentinin bu imzasına əlbəttə böyük inamımız var. Cənab prezident pislərin içərisində ən doğru addımı ataraq məhz Rusiyanın sülhməramlı qüvvələrini buraya cəlb etməklə doğru bir addım atdı. O, bu yolla bir çox anti-Azrəbaycan qüvvələrinin, xüsusi olaraq beynəlxalq səviyyədə üzərimizə ən müxtəlif şəkildə hücuma keçən revanşist ermənilərin qarşısını aldı. Lakin bu o demək deyil ki, biz onların istədikləri kimi hərəkət etmələrinə göz yummalıyıq. Belə şey ola bilməz. Onların konkret səlahiyyətləri var. O səlahiyyətlər çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü içərisində, iki etnos - ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın qarşısını almağı öz üzərlərinə götürdülər, ermənilərin yanında olmağı, onları himayə etməyi yox. Dağlıq Qarabağda yaşayan ermənilərə statusun verilməsi funksiyasını öz üzərinə götürən bir sülhməramlı olmalı deyillər.
Rusiya burada humanitar mərkəz yaradıb və demək olar ki, Rusiyanın bütün ciddi qurumları bu humanitar mərkəzin içərisində yer alıb. Ona görə də biz ehtiyatlı olmalıyıq. Təbii ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsində hər birimiz maraqlıyıq. Çox istəyirik ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri həqiqətən də yüksək səviyyədə olsun, Rusiya Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə hörmət bəsləsin və bunu əməllərində göstərsin. Lakin bununla bərabər heç bir halda Rusiyanın Azərbaycana göndərmiş olduğu sülhməramlılar və onların yaratdığı humanitar mərkəz Ermənistanın 30 ildən bəri davam edən funksiyasını öz üzərinə götürməli və Ermənistanı əvəz etməli deyil”.

Millət vəkili Nizami Cəfərov isə sözügedən sorğunun nəciələrini kifayət qədər obyektiv hesab etdiyini bildirib. Hətta o qeyd edib ki, sorğunun nəticələrində müəyyən qədər ehtiyatlılıq var: “Obyektivlik nədən görünür? Yəni bu, 75 faizdən yuxarı deyil, 25 faizdən aşağı deyil. Bu rəqəm müəyyən münasibəti əks elətdirir. Sovetlər birliyi dağılan zaman biz müstəqillik əldə etdiyimiz illərdə əlbəttə Rusiya ilə münasibətlər normal deyildi. Burada Azərbaycanın da günahı var idi, çünki o zamanlar ölkəyə rəhbərlik edənlər Rusiyanın qüdrətini nəzərə almadılar. Nəticədə diplomatik münasibətlərdə müəyyən soyuqluq əmələ gəldi. Bunun nəticəsi olaraq Ermənistan faktiki olaraq birtərəfli qaydada gücləndi və torpaqlarımız işğal olundu. İnsanların yaddaşında belə təəssürat qaldı ki, Rusiya birmənalı olaraq Ermənistana kömək edir. Amma indi Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etməsində Rusiya olduqca obyektiv rol oynadı. Ona görə də bizim insanlar bilirlər ki, artıq Rusiya Ermənistanı birtərəfli qaydada müdafiə edən Rusiya deyil. Artıq Rusiyanın da öz maraqları var və Ermənistan Rusiya üçün əvvəlki əhəmiyyəti kəsb eləmir. Ermənistan Rusiyanın ona qarşı olan isti münasibətini doğrultmadı. Ona görə də hesab edirəm ki, STM tərəfindən aparılan sorğuda əldə edilmiş 35, 5 faiz çox da böyük deyil, biraz da böyük ola bilərdi. Orada yenə müəyyən ehtiyatlılıq var”.

N. Cəfərov bildirib ki, rus sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsində heç bir təhlükə yoxdur: “Rusiya artıq yeni bir regional münasibətlər sistemindədir. Azərbaycanın bu münasibətlərdə çox açıq rol oynaması, cənab prezidentin çox açıq siyasət yürütməsi, Rusiyanı da təmin edir. Eyni zamanda Rusiyanın da Azərbaycana və regionda gedən proseslərə münasibətdə açıq  şəkildə çıxış etməsi də bizi təmin edir. Odur ki, bu hadisələr kontekstində sülhməramlıların yerləşdirilməsində təhlükəli heç nə yoxdur, əksinə, Ermənistanın da sülhməramlı münasibətlərə, iqtisadi, siyasi əlaqələrə, regionda normal iştiraka cəlb olunması üçün müəyyən stimul var. Ona görə də STM tərəfindən keçirilmiş sorğudakı bu rəqəmləri kifayət qədər obyektiv hesab edirəm”.
Qeyd edək ki, STM-nin apardığı sorğuya əsasən yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini respondentlərin 1.0%-i düşünür.
44.6% respondent isə Rusiya sülhməramlılarının bölgəyə gəlişinin mənfi nəticələr doğuracağını hesab edir. Həmin respondentlərin əksəriyyəti (84.7%) Rusiya sülhyaradıcılarının daha çox ermənilərin maraqlarına xidmət edəcəyindən narahatdır. Narahatlığın ikinci səbəbi isə Rusiya sülhyaradıcılarının bölgəyə gəlişi ilə Qarabağda hərbi bazanın yaradılacağı ehtimalı ilə bağlıdır – 42.9%.
 

DİGƏR XƏBƏRLƏR

Top