Şəhid Əsgərin anası: “Boynundan asdığı məktubda yazmışdı ki...” - FOTOLAR


Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına qatılan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, Vətən borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş şəhidlərimizin arasında 20 yaşlı Əsgər İsmayılzadə də var.
Yeniavaz.com
xəbər verir ki, Əsgər Yevlax şəhərinin Gülövşə kəndində anadan olub. Yevlax rayonu Vasif Mövsümov adına Gülövşə kənd tam orta məktəbini bitirdikdən sonra Mingəçevir Turizim kollecinə daxil olub. 2019-cu ildə kolleci bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Sumqayıtda davam etdirsə də, xidmətdə olarkən öz xahişi ilə “xüsusi təyinatlılar” bölməsinə yazılıb. Müharibəyə də hərbi xidmətdən yola düşüb. Şəhid valideyinləri üçün danışmaq nə qədər çətin olsa da, şəhidin anası Şəkər İsmayılova bildirir ki, Əsgər hələ uşaq olarkən tez böyüməyi və torpaqlarımızın alınmasında iştirak etməyi arzulayarmış:
“Müharibə olanda sanki sevinirdi. Əsgəlik xidmətində bizdən xəbərsiz “xüsusi təyinatlar” bölməsinə yazılıb. Sentyabırın 27-də müharibə başlayanda uşaqdan xəbər yox idi. Çox narahat idik. Oktaybrın 1-i gecə bizə zəng gəldi. Atışma səsi gəldi. Mən soruşdum ki, Əsgər, sən hardasan? Tez telefonu bağladı. Bizə müharibə zonasında olduğunu bildirmədi. Sən demə Murov istiqamətində 4 gün vuruşub. Füzuli, Cəbrayıl döyüşlərində iştirak edib. Yoldaşları deyirdi ki, Xudafərinə çatmağa az qalmışdı, çox sevinirdi ki, Xudafərin körpüsünü görəcəyik. Amma həmin istiqamətdə gedən ağır döyüşlərdə şəhid olur. Evin tək oğul övladı idi. Arzuları çox idi. Deyirdi ana, əsgərlikdən qayıdıb gəlim, Kollecin Akademiyasına sənədlərimi verəcəyəm. Balamın arzuları yarımçıq qaldı. Oğlum bizi yox, Vətəni seçdi. Oktyabrın 3-də şəhid oldu, 4-də dəfn olundu. Bir ana kimi çox narahat idim. Yuxuda da gördüm ki, bir yaralı quş tuturam, mən quşu qızıma vermək istəyəndə yaralı quş qəbirstanlıq tərəfə uçdu. Gördüyüm yuxunu qorxumdan heç kimə danışmadım ki, birdən Əsgərə nəsə olar, aradan 3 gün keçmədi oğlum şəhid oldu. İndi onun əşyalarına baxıb təsəlli alıram. Əşyalarının içində balaca bir məktub çıxdı. Yazmışdı ki, Allahım, sən mənim ailəmi, ordumuzu, bizi qoru. Onu büküb boynundan asmışdı”.
Əsgərin nənəsi Saniyə nənə heç özünü ələ ala bilmirdi. Sanki o, nəvəsi yanındaymış kimi xatirələri ilə danışır, həmin anı əbədi göz yaddaşında saxlamaq üçün elə hey bir nöqtəyə baxır, fikirləşir, göz yaşları axıb gedirdi. Bir təhər özünü toplayan nənə deyir ki, Əsgərin son danışığını yadımdan çıxara bilmirəm: “Dedim Əsgər, balam, ömrümün çoxu gedib, azı qalıb, gəlsəydin səni görərdim. Dedi “nənə ölmə, 2 ay döz, gələcəyəm, əsgərlik xidmətimi başa vurmağıma 60 gün qalıb”. Kaş ki, mən ölərdim, nəvələrimin gözü olan Əsgərin bu gününü görməzdim. Əsgər bir qarışqanı da incitməzdi. Onun şəhid xəbəri çıxan günü məhləmizdəki özü baxıb böyütdüyü iti 2 gün uladı. İtin səsini kəsə bilmədik. Nəinki valideyinlərini, hətta özündən balaca, böyük hamının hörmətini saxlayan bala olub. Təsəllimiz torpaqların alınması oldu. Heç olmasa övladlarımızın qanı yerdə qalmadı. Allah bütün şəhidlərə rəhmət eləsin”.
Şəhidin bacısı Leyla xanım qardaşı ilə fəxr etdiyini deyir: “Fəxr edirəm ki, qardaşım Əsgər belə vətənpərvər bir övlad olub. Şəhidlik zirvəsinə ucalıb. Mənim bir qardaşım vardı, indi bütün şəhid oğullar hamsı mənim qardaşımdır. İdmanı çox sevirdi. Hələ aprel döyüşlərində deyərdi ki, mənim də yaşım çatsaydı mən də gedib döyüşərdim. Onun arzusu şəhid olmaq idi arzusuna da çatdı”.
Şəhidin atası Bəxtiyar oğlu haqqında danışarkən bildirdi ki, oğlunun vətənə, hərbi xidmətə sevgisi böyük idi: “Göstərdiyi qüsursuz xidməti dövründə yaxşı sədası gəlirdi. Oğlumun yaşı az olsa da ömrünü səngərlərdə başa vurdu. Əsgərlik xidmətinə yola salanda ona yığıncaq etməyə qoymadı ki, gələrəm, dostlarımla birgə deyib gülərik. Amma o bizə qismət olmadı. Fəxr edirik ki, belə bir oğul tərbiyə etmişik. Vətən sağ olsun”.
Əsgər haqqında komandiri, həm də həmkəndlisi Mehman Cümşüdov (hal-hazırda yaralı olduğu üçün qospitalda müalicə alır) telefon vasitəsi ilə bizə bildirdi ki, az yaşı olsa da Əsgər çox duyğusal, hər şeyə qiymət verməyi bacaran mükəmməl bir əsgər idi. Döyüşə böyük ruh yüksəkliyi ilə qatılırdı: “Əvvəlcə Murovdan başladıq döyüşlərə, bir neçə postu, yüksəkliyi aldıq. Həmin gün Əsgər içi erməni ilə dolu olan 17 “MAZ” maşınını vurdu. Sonra müəyyən səbəblərdən bizi oradan çıxardılar. Füzuliyə göndərdilər. Orada da Cəbrayıl istiqamətinə tərəf irəlləyirdik. Qabağımızda səngərlər vardı, səngərlərə uzanıb vuruşmağa başladıq. Xeyli sayda, təxminən 20-30 erməni məhv etdik. Minamyotlar susmurdu. Hər tərəf dağılırdı. Düşmənin içərisinə irəliləyirdik. Arxamıza minaatan mərmiləri düşürdü. Elə onda gördüm ki, minatan mərmisi düz Əsgərin qabağına düşdü. Tez özümü itirmədən Əsgərə süni nəfəs verdim. Amma xeyri olmadı. Təxliyə maşınlarına qoyub göndərdik. Müharibədə bizim belə igid oğlanlarımız düşmənə qarşı vuruşub. Biz onların hamsı ilə fəxr edirik”.
Əsgərin orta məktəbdən riyaziyyat müəllimi Röyal Məmmədxanov  Əsgərə  5 il orta məktəbdə dərs dediyini və  iki il də riyaziyyatdan fərdi hazırlıq keçdiyini bildirdi: “Əsgər şəhid olub deyə demirəm, həqiqətən də o, hər cəhətdən seçilən uşaq olub. İdmanı və digər dərsləri də çox sevirdi. O, bir söz deyəndə yanaqları qıp-qırmızı olurdu. Həmişə müəllimləri deyirdi ki, Əsgər çox mərd uşaq olub. Kollecə qəbul olandan sonra yenə də fəal tələbə olub. 44 günlük müharibədə də Əsgər Azərbaycan tarixinə adını öz qanı ilə yazdı. Belə bir deyim var ,uşaq anadan olanda uşağa ad qoyulur. Sonra da deyirlər ki, adı ilə böyüsün. Ona da Əsgər adı qoyuldu, əsgərlikdə öz adına layiq olduğunu şəhadəti ilə sübut elədi. Sonda onu da deyim ki, şəhidlərimizin qanı yerdə qalmadı, onun valideyinləri qarşısında baş əyirəm”.





Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top