Qırtımovun cəzası azaldılmadı

Apellyasiya Arbitraj Tribunalı klubların şikayətinə baxıb.

Qurum konkret olaraq “Keşlə”, “Neftçi” və “Kəpəz”in şikayəti ilə bağlı qərarını açıqlayıb.

Premyer Liqanın XI turunda “Sabah”la matçda ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün dörd oyunluq cəzalandırılan “Keşlə”nin müdafiəçisi İlkin Qırtımovun cəzası, eyni zamanda klubun 3200 manatlıq cəriməsi qüvvədə saxlanılıb.

“Keşlə”dən fərqli olaraq, “Neftçi”nin apellyasiya şikayəti qismən təmin edilib. I Divizionun VII turunda “Qaradağ Lökbatan”la görüşdə “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alan “Neftçi-2”nin futbolçusu Famil Camalovun cəzasının sayı iki oyuna endirilib. Klubun 320 manat cərimələnməsi qərarı qüvvədə qalıb.

“Kəpəz”lə bağlı vəziyyət də eyni olub. I Divizionun VII turunda “Turan Tovuz”la qarşılaşmada cəzalandırılan “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin diskvalifikasiya sayı iki matça endirilib. O, qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top