IELTS-ə hazırlaşarkən nələrə diqqət etməli?


Avropa, ABŞ və ya digər ingilisdilli ölkələrdə təhsil almaq və ya işləmək üçün ilk öncə həmin dildə imtahan vermək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki imtahandan birinin və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri TOEFL (Test of English as a Foreign Language), digəri isə IELTS (International English Language Testing System). IELTS ingilis dili səviyyəsini müəyyənləşdirmək üçün beynəlxalq bir imtahandır. Bu imtahan 1989-cu ildən etibarən keçirilməyə başlanıb və 140 ölkədə on mindən çox qurum tərəfindən tanınır. İmtahan iki üsulla həyata keçirilir: akademik (academic) və ümumi (general). Akademik daha çox ingilisdilli ölkələrdə bakalavr, magistratura və doktorantura pilləsində təhsil almaq üçün istifadə edilir. Ümumi isə hansısa bir ölkədə yaşamaq üçün istifadə olunur. IELTS imtahanında minimum 1 (dili bilmir), maksimum 9 (ekspert) bal olaraq qiymətləndirilir. İmtahandan keçmək, qalmaq, müvəffəq olmaq və ya olmamaq kimi bir hal yoxdur. Sadəcə olaraq, universitetlərin tələb etdiyi ballar var. O da təxminən 6-dan (bacarıqlı) başlayır. TOEFL və IELTS imtahanlarının hər ikisi ölkəmizdə də təşkil olunur. Bundan başqa, imtahan Avstraliya, Yeni Zelandiya və Kanadaya immiqrasiya üçün müraciət edənlərə də məcburidir. Üzərindən iki il keçən imtahanların nəticələri etibarsız sayılır. Bəs IELTS-ə hazırlaşarkən nələrə diqqət etməliyik? Yüksək nəticə əldə etməyin yolları hansılardır?
Bu kimi sualların cavabını tapmaq üçün IELTS üzrə təlimçi İftixar Hacıyev Fraza jurnalına müsahibə verib.

Yeniavaz.com həmin müsahibəni təqdim edir:
 
- IELTS-ə necə hazırlaşmalı və nələrə diqqət etməli?
- IELTS-ə hazırlaşan şəxslərin ingilis dili, ilk növbədə, "upper intermediate" səviyyəsində olmalıdır. Bu səviyyə olduqda 3-4 ay ərzində normal nəticə əldə etmək olur. Eyni zamanda "General english", söz bazası və qrammatika güclü olmalıdır. Ən çox diqqət edilən məqamlardan birincisi məsuliyyətli olmaqdır. Yəni, özünə inam olmalıdır və qarşıya məqsəd qoyulmalıdır ki, mən bu imtahanda uğur qazanacağam. Buna uyğun da günlərini nizamlamalıdır. Bütün bunlardan əlavə davamlı olaraq kitab oxumaq lazımdır. Kitab oxumaq IELTS-də oxu qabiliyyətinə kömək edəcək. Ümumiyyətlə, IETLS yazılı olaraq keçirilən imtahandır və bu imtahan zamanı 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Yazı qabiliyyəti imtahanında iki tapşırıq olur. Birinci tapşırıq qrafiklərlə bağlı olur, ikincidə isə esse yazmaq tələb edilir. Bununla yanaşı tez-tez ingilis dilində filmlər və başqa videolar izləmək lazımdır.
Saydığımız bu məqamlar imtahan verən şəxslər üçün çox vacib və effektivdir. Lakin bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, ən əsası fundament güclü olmalıdır. "Cambridge Dictionary"-nin 1-dən 14-ə qədər kitabları var. Bu kitablardakı testlər üzərində işləyərək imtahana hazırlaşmaq olar, hansı ki, həmin testlər əvvəlki illərə əsasən tərtib edilib. Buna görə də, bu kitabların testlərini edərkən, əsl imtahana girmiş kimi olursunuz və səviyyənizi müəyyən edirsiniz. Bundan başqa kitablar da var, lakin onlar "Cambridge Dictionary"-a bənzədilib. Ən əsası bu kitablardır.
 
- IELTS imtahanı verərkən ən çox hansı səhvlərə yol verilir?
- Ən çox söz bazası ilə bağlı yanlışlar olur. Çünki IELTS-ə hazırlaşan şəxslər çox vaxt oturub söz əzbərləyirlər və düşünürlər ki, söz bazam yaxşı olsa, danışığım da yaxşı olar. Söz bazası və qrammatikanın yaxşı olması vacib hesab edilsə də, bu yanlış düşüncədir. Lakin vaxtının böyük hissəsini buna həsr etmək, sadəcə olaraq, vaxt itkisidir və təbii alınmır. Bu proses IELTS-ə başlayana qədər vacibdir. Başladıqdan sonra isə daha çox praktika üzərində olmalıdır. Filmə baxmaq, yazı yazmaq, danışmaq, kitab oxumaq və dinləmək lazımdır. Nəyisə əzbərləmək çox az effekt verir.
 
- Yüksək nəticə əldə etmək üçün hansı məqamlara diqqət etmək lazımdır?

- Yüksək nəticə əldə etmək üçün əvvəldə də qeyd etdiyimiz kimi ilk öncə ingilis dili biliyi çox güclü, yəni "upper intermediate" səviyyəsində olmalıdır. Əgər bir şəxs IELTS-ə başlayıram deyirsə, söz bazasını və qrammatikasını inkişaf etdirməli və müntəzəm olaraq istifadə etməlidir. Bundan başqa, əksər insanlar bir anda həvəsə gəlib, gün ərzində hazırlaşmaq üçün 4-5 saat vaxt sərf edirlər. Daha sonra isə həvəsdən düşüb, dayanırlar. Bunun da effekti yaxşı olmur. Ona görə də, müntəzəm olaraq dostlarla, evdə dil biliyi olan şəxslərlə danışmaq lazımdır. Yəni, burada elə bir şey yoxdur ki, nəyisə əzbərləyib, ona cavab verim. Normal həyatımızda oxuduqlarımızın, yazdıqlarımızın, dinlədiklərimizin ingilis dilində olması çox köməklik edir. Elə tələbələr olur ki, onlar digər fənləri yaxşı oxumurlar, lakin IELTS imtahanında uğurlu olurlar. Niyə? Çünki həmin şəxslər "YouTube" və ya digər sosial şəbəkələrdə bütün məlumatları ingilis dilində təqib edirlər. Ona görə də, həmin şəxslərin həm danışıq, həm də dinləmə qabiliyyətləri yaxşı olur. Bu iki faktor da IELTS imtahanının ən vacib 4 qabiliyyətlərindəndir. Yəni, yenə də vurğulayıram, davamlı olaraq praktikaya üstünlük vermək və müəllimin verdiyi tapşırığı sevərək, həm də həvəslə etmək lazımdır. O zaman uğurlu nəticə əldə edəcəksiniz. Eyni zamanda hazırlaşdığınız yerdə və ya kursda yoxlama imtahanları olur. Mütləq həmin imtahanlarda iştirak etmək lazımdır.Çünki müəllimin verdiyi bir proqram var və siz o proqramla öyrənirsiniz. Həmin imtahanlarda artıq zəif bildiyiniz mövzular üzə çıxır və yenidən onların üzərində işləyə bilirsiniz.
 
- Azərbaycanda IELTS nəticələrinə müdaxilə edildiyini deyirlər. İmtahanı hansı ölkədə vermək daha doğrudur?

- Artıq illərdir ki, bu işin içindəyik və bununla bağlı söz-söhbətlər bizə də gəlib çatır. Lakin deyə bilərəm ki, Azərbaycanda keçirilən IELTS imtahanının nəticələrinə müdaxilə edilmir. Hansısa başqa beynəlxalq imtahanlarda bəlkə də, ola bilər, amma IELTS barədə əminliklə deyə bilərəm ki, nə bilirsənsə, gedib imtahanda onu da əldə edirsən. Hansısa zəif bir tələbə deyirsə ki, mən gedib hansısa başqa yolla sualları əldə edim və yüksək nəticə toplayım, bu, mümkün deyil. Bunlar yanlız şaiyədən ibarətdir. Azərbaycanda "speaking" və "writing" "listening" və "reading"dən fərqlənir. Çünki "listening" və "reading"in dəqiq cavabı olur, onu kim yoxlayırsa yoxlasın, eyni cavabdır və dəyişən heç bir şey olmur. "Speaking" və "writing"də isə konkret bir cavab olmur, ona görə də, ölkədən-ölkəyə və ya imtahanı yoxlayan şəxsdən-şəxsə dəyişə bilər. Lakin bunu Azərbaycan və ya başqa ölkə olaraq ayırmaq istəməzdim, sadəcə olaraq, imtahanı yoxlayan şəxsə görə dəyişir. Çünki o insanlar illik sertifikasiyadan keçirlər və buna görə də, imtahan rəhbəri olurlar. Azərbaycanda da istədiyiniz balı yığmaq mümkündür. İmtahan verən şəxslər düşünməsin ki, mən burada 7 bal yığdım, gedib Gürcüstanda və ya Türkiyədə 8,5 bal yığacağam. Heç də elə bir şey yoxdur. Əksinə, Azərbaycanda 7 bal yığıb, digər ölkələrdə 6,5 və ya 7,5 bal yığa bilərsən. Fərq sadəcə olaraq yarım bal olur. Buna görə də, imtahan və nəticələr ölkədən asılı deyil, yoxlayan şəxsdən asılıdır. Yeri gəlmiıkən deyək ki. IELTS imtahanının qiyməti Azərbaycanda 350 AZN-dir.
 
- IELTS və TOEFL. Hansı daha yaxşıdır?
- IELTS və TOEFL ikisi də ingilis dili ilə bağlı olsa da, fərqli imtahanlardır. Lakin TOEFL daha çox Amerika mərkəzli bir imtahandır. Hansının daha yaxşı və ya pis olması kimi bir şey yoxdur. Sadəcə olaraq, Amerika və Türkiyə əsasən TOEFL imtahanına üstünlük verir, Avropa, Kanada, Avstraliya və Amerikanın bir çox universitetləri isə IELTS-i qəbul edir. Lakin deyə bilərəm ki, IELTS daha çox məşhurdur və tələbələr daha çox ona üstünlük verirlər. Bu baxımdan IELTS-i TOEFL-dən fərqləndirmək olar. Amma hər ikisi qəbul olunan akademik imtahanlardır.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top