“Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Biz hər gün yeni mövqelər azad edirik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Haber Global”a verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, Azərbaycan sona qədər gedəcək, ya hərbi, ya da siyasi yolla:
“ Şərt deyil ki, o mövqelər kənd olsun, yaxud şəhər olsun. Təpə olsun, dağ olsun, o da şəhərdən, kənddən önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir, şəhərdə də varıq. Amma şəhərə girəkmi, girməyəkmi, o, başqa məsələdir. Hazırkı anda bizim qarşımızda belə siyasi vəzifə yoxdur ki, illah bu gün oranı elan edək, yarın başqa yeri elan edək. Bəzi hallarda kəndləri, şəhərləri azad edirik, bir, iki gün sonra açıqlama veririk. Bunun da taktikası var. Ona görə də status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin uzun illər öz orduları haqqında uydurduğu “yenilməz ordu” əfsanəsi yoxdur. Biz göstərdik ki, kim kimdir. Ona görə də gərək bu reallıqlarla həm Ermənistan, həm onların havadarları, bütün dünya hesablaşsın. Bizə “dur” deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz istəmirik ki, qan tökülsün. Ancaq gərək ondan sonra siyasi mərhələ başlasın. Siyasi mərhələ başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və dinc yollarla öz torpaqlarımızı azad edək”.